Azərbaycan, Ermənistan, Gürcüstan və Dağıstandan olan jurnalistlər Vəfa Zeynalova, Armine Ağaronyan, Yana İsraelyan və Aida Mirmaksumova Qafqazda “özünü göstərmək” cəhdlərini və əlamətlərini araşdırıblar.
Azərbaycanlı kimi özünü göstərmək
Köhnə, hələ sovet vaxtlarından təmir olunmamış uşaq bağçası Bakının mərkəzindən uzaqda yerləşir. Binanın iki qolu var: birində uşaq bağçası hələ də fəaliyyət göstərir (açıq pəncərədən uşaq səsləri və tərbiyəçilərin tənbehləri gəlir). İkincisində isə artıq 25 ildir ki, qaçqınlar və məcburi köçkünlər yaşayırlar.
Həyət boyu qalın qaz boruları çəkilib. Boruların arasında daxmalar boy verir: adamların əllərinə nə keçib, onu tikinti materialına çeviriblər: tənəkə listlərindən, fanerdən, hətta köhnə qapılar da işə yarayıb.
Çınqıl tökülmüş sahədə toyuqlar gəzir, elə burada da iki cip maşını parklanıb.
– Ərim kreditə alıb, taksi sürür, – adını söyləmək istəməyən bina sakini, örtaboylu, saçlarını yaylıqla gizlədən, sadə ev geyimində olan qadın deyir. Əlavə edir ki, başqa qonşu kişilər də kreditlə belə bahalı maşın alıb taksiçilik edirlər.
Bu həyətin bir güncündəki vaqondakı “bir otaq” isə yenicə qurulmuş ailənin “mənzilinə” çevrilib. Gəlin bu mənzili cehizi ilə bəzəmək istəsə də, gətirdiyi yataq dəstini bura yerləşdirmək mümkün olmayıb: aslan pəncəsi formasında ayaqları olan dolablara yer çatmayıb.
“Kreditə sonuncu “iphone” almaq…
“Evdə tualetin qapısı yoxdur”, amma kreditə bahalı avtomobil alırlar, sosial şəbəkədə bir istifadəçi yazır.
Yerli əhali obrazın stilistik ardıcıllığı və bütövlüyünə olduqca tələbkardır: kreditə sonuncu iphone alırsansa (Bakı mağazalarında İphone X 1780 manatdan 2100 manatadəkdir), o zaman metro ilə getmək ixtiyarın yoxdur – ancaq bahalı şəxsi avtomobilin olmalıdır.
Bahalı xarici avtomobilin isə ancaq yeni tikilidə əla təmirli evin varsa, mümkün ola bilər. Əks təqdirdə səni ictimai qınaq gözləyir.
“Bir qız tanıyıram, kirayə mənzildə qalır, üstəlik bir sürü qohumla, amma həmişə bahalı geyim, son model telefon alır, dəbli yerlərdə “çek in” edir. Yaxşı ərə getmək istəyir”, – sosial şəbəkədəki başqa bir istifadəçi yazır.
Qohum-qonşudan toy-bayram üçün zinət əşyalarının götürülməsi də özünü göstərmək kimi hesab olunur. Ümumiyyətlə, qızıl və zinət əşyaları uğurlu olmağın və hörmətin əlamətidir.
“Toydan sonra məni görən sanballı tanış xanımlar mənə təəssüflə baxır və heç dəyişmədiyimi deyirdilər; bunun səbəbini heç anlaya bilmirdim.
Yaxın rəfiqəmin anası, çox hörmətli və gözəl xasiyyətli xanım bunu deyəndə, fürsətdən istifadə edərək soruşdum: Bunu mənə çoxları deyir, nəyi nəzərdə tutursunuz?” Məlum oldu ki, mən heç də qızıl zinət əşyaları taxmadığımdan “təzə gəlinə” oxşamıram. Yaxşı ki, dedi, yoxsa indiyə kimi nigaran qalacaqdım”, – xanımlar qrupunun üzvü deyir.
“Başqasının qızılları ilə nişanlanmaq…”
“Yaxın tanışım ailə qururdu. Oğlan ortabab bir ailədən idi, amma özünü göstərməyi çox sevirdi. Qız da ona oxşadı. Toy günü oğlan evi gəldi, məclis başladı. Üzük və digər zinət əşyalarını taxmaq vaxtı çatanda gördüm ki, qızın xalası oğlan anasına yaxınlaşdı, yaylığa bürünmüş nəsə uzatdı. Fikir vermədim. Gəlini bəzədilər: dörd dənə boyunbağı, bütün barmaqlarda üzük, hər qola iki qolbaq taxdılar”, sosial şəbəkələrdəki müzakirələrdə bir istifdəçi qeyd edir.
Onun əhvalatının davamı belədir: “Səhəri eşidirəm ki, qızın xalası anası ilə sözləşir: “Qızılları qaytar! Bütün məhlədən yığmışam, evə qayıda bilmirəm!” Xalası ilə buna görə araları dəydi. Sonradan qızdan bunu nəyə görə etdiyini soruşdum.
“İstədim, hamı görsün ki, qızıl-brilliantım boldur”, – cavab verdi.
Zaman və zövq dəyişir, amma xrustal əşyaların və xalçanın olduğu ev bəzi ailələr tərəfindən hələ də varlı hesab olunur.
“On beş il olar ki, anam əməliyyat keçirmişdi, iş yoldaşları ona baş çəkməyə gələcəkdilər – sosial şəbəkədə xanım qrupunun üzvü danışır, – Bufetimizdə bahalı qab-qacaq yox idi. Anam qonşudan “Bogema” dəstini və bəzi xrustal qablar borc aldı. Dəhşətə gəldim, başa düşmürdüm, bu nə üçündür. Anam dedi: “Elə bilirsən, mənə baş çəkməyə gəlirlər? Yox, gəlib necə yaşadığımıza baxacaqlar””, bunu da başqa bir istifadəçi yazır.
“Hər şey pulla ölçülmür. Məmurlarla tanışlıqla lovğalanmaq xüsusən dəblidir – məsələn, masa arxasında onların adlarını çəkmək: “Filankəsə deyərəm, edər, öz adamımızdır. Filankəsin kabinetinin qapısını isə vaxt var idi, atamı təpiklə açırdı”, – sosal şəbəkələrdəki müzakirələrdə bu fikri səsləndirənlərə də rast gəlmək olar.
“Özünü göstərməyin ən asan yolu maddi imkanların nümayişidir”
Psixoloq Orxan Sultanov hesab edir ki, özünü göstərmək fərdiyyətçiliyin və kollektivizmin unikal birləşməsidir.
“Fərdilik, özünəməxsus olmaq istəyi səni yönəldir: “Cəmiyyət var, sən isə ondan üstünsən, amma həm də bu cəmiyyətə aidsən və cəmiyyətin maraqlarından kənara çıxa bilmirsən. Özünü göstərməyin ən asan yolu maddi imkanların nümayişidir. Bu, ona görə ki, maddiyyatın əlamətləri məlumdur: bahalı “CİP”, qızıl əşyalar, ən sonuncu “iphone”.
Varlılar artıq özünü bahalı paltarlarla göstərmir. Bəs nə ilə?
Amma sən ölkədə yeganə “iphone” sahibi deyilsən axı. Yeganə “İnfiniti” səndə deyil axı. İntəhası bilirsən, nə tək səndə ola bilər? “Qızıl” telefon nömrə və ya “zerkalnı” maşın nömrəsi. Beləliklə, daha yüksək pilləyə qalxarsan, ancaq eyni zamanda oxşar zövq və dəyərli insanlardan ayrılmırsan.
Maraqlıdır ki, bizdə bahalı incəsənət əsərlərini sevən icma və ya cəmiyyət yoxdur. Məsələn, Salvador Dalinin əsərini ala bilərsən, bu zaman müstəsna olacaqsan, amma sənin cəmiyyətində özünü göstərmə meyarları arasında Dali kimi rəssamın əsərinə sahib olma göstəricisi yoxdursa, bu müstəsnalığın kiminsə diqqətini cəlb etməyəcək.
Özünü göstərmək bu gün yaranmayıb, qohumlarım sovet vaxtı “fartsovşiklərdən” (alverçilərdən) bahalı mallar alırdılar. Nəzərə alsaq ki, o zaman bu, hamıya əlçatan deyildi, Qərbdən gətirilən mallar isə daha keyfiyyətli idi, özünə göstərmək də daha gözəçarpan idi”, psixoloq bildirir.
Özünü göstərmək və yoxsa zənginlik əlaməti?
Özünü göstərmək harada bitir və dəbdəbə nə zaman başlayır? Və yoxsa bu, medalın iki üzüdür?
Statusunu vurğulamaq üçün əldə edilən istənilən əşya özünü göstərməkdir, Orxan Sultanov deyir: “Avtomobil rahat nəqliyyat vasitəsidir. Ancaq bu rahatlıq həddi silsilə dərəcəsində böyümür. Sonda elə an olur ki, maksimal rahatlığı əldə etmisən, avtomobilin qiyməti isə arta-arta gedir. Bu, dəbdəbədir, yəni qiymət zəruri rahatlıq səviyyəsi ilə üst-üstə düşmür”.
Gürcü kimi özünü göstərmək
Bu gün Gürcüstanda sosial marker rolunu oynayan göstəricilərindən biri avtomobil nömrələridir.
Dörd hərf, üç rəqəm. 2014-cü ildə Gürcüstanda qəbul edilmiş yeni avtomobil nömrələnməsi formatı məhz belədir. Maşın sahibləri öz “dəmir atları” üçün yeni adlara yaradıcılıqla yanaşıblar. Ad, soyad, ləqəb, peşə, hobbi, sevdiyi futbol klubu – yeni nömrələrdə nələri və nələri şifrələmirlər!
Gürcülər orijinal maşın nömrəsi üçün nə pulunu, nə qüvvələrini əsirgəyirlər. Bu hal az qala milli xasiyyət daşıyır. Üstəlik hər yoldan keçən avtomobilin nömrəsinin hansı məlumatı gizlətdiyini tapmaq cəhdi də bir əyləncəli oyuna çevrilib.
Alimlər uzun müddətdir ki, insanın müxtəlif cəmiyyətlərdə davranış modellərini öyrənirlər. Mütəxəssislərin sözlərinə görə, insanlar hər zaman onları əhatə edənlərin gözlərində uğur qazanmış kimi görünmək istəyirlər.
Müxtəlif dövrlərdə müxtəlif əşyalar ictimai statusu əsaslandıran simvollar kimi meydana çıxıb. Dünən bunlar zinət əşyaları və bahalı avtomaşınlar, bu gün isə dəbli aksessuarlar və smartfonlardır….
İnsanın öz sosial statusunu nümayiş etdirmək səyləri nə ilə izah olunur? Xoş təəssürat yaratmaq, lovğalanmaq, fərdiliyi göstərmək, yoxsa cəmiyyətdə özünü doğrultmaq istəyi ilə?..
Gürcü antropoloqu Keti Qurçiani deyir ki, hər bir şəxsin həyatı – coğrafi yaşamından və mədəni fonundan asılı olmayaraq – səhnə və səhnə arxasına bölünür.
“Səhnəyə cəmiyyətə göstərmək istədiyimizi, uğur əldə etmək üçün lazım olanları çıxarırıq.
Gürcüstanda və ümumiyyətlə Qafqazda sosial statusa bir çox məqam bağlanır. Məsələn, bu, çevrə, mühit, əlaqələr, yəni ictimai kapital adlandırılacaq məqamlardır. Bizim regionda müvəffəqiyyət çox vaxt bunlara bağlıdır. Başqa ölkələrdə bu, nəsə başqa ola bilər, məsələn, bilik, təhsil.
Səhnə arxası isə bizim şəxsi məkandır. Lakin səhnə arxası yalan demək deyil. Səhnə və səhnə arxası məkanla idarə etməyimiz demək deyil ki, biz yalançı və ya fırıldaqçıyıq. Biz, sadəcə bilirik ki, ətrafımızı onlara bağışladığımız təəssüratla idarə edə bilirik. Və bizim mədəniyyətimiz bunun ən yaxşı yollarını bizə göstərir”.
Erməni kimi özünü göstərmək
Müasir erməni toyu azı 100-150 nəfər qonaq təşkil edir. Orta hesabla toy 300 nəfərə hesab olunur, amma 1000 nəfərlik şənliklər də olur.
Toy proqramı iki hissəyə bölünür: restorandan əvvəl və sonra. Səhər gəlinin öz evində, rəfiqələri, bacıları və mütləq kavorakin (ağbirçək) olmalıdır.
Eyni mərasim bəy evində baş verir; burada bəydən başqa dostları, şaferi (” azatbaşi”) və kavor (ailənin yaşda daha böyük dostu, gənc ailəyə məsləhətlər verir, mübahisələri həll edir) da var.
Gəlin arxasınca bəy, adətən, ən yaxın qohumları ilə birgə gedir, digər qonaqlar cütlüyü bəy evində və ya restoranda gözləyirlər. Gəlin evinə, adətən şirniyyatla, meyvə, içki və hədiyyələrlə dolu zənbillər və məcməyilər aparılır və orada qonaqlar çox oturmur. Adətə görə, qız ata evindən çıxarkən bəy tərəfindən girov pulu tələb olunur və bu xərcləri kavor çəkir.
Tamada zalda bəy və gəlinə hədiyyələrin verilmə vaxtını qonaqlara elan edərkən məhz kavorun hədiyyəsi birincidir. Sonra qaynana təzə gəlinə öz hədiyyəsini verir. Hər iki halda bu, bahalı zinət əşyalarıdır.
Cavab hədiyyələr də var: kiçicik boğçalar (Ermənistanda bunlara “tarix” deyilir – bu, bəy və gəlindən qonaqların payına düşən yadigar hədiyyələrdir), konyak və meyvə dolu məcməyilər, xaç atası üçün şəxsi hədiyyə və kavorun ailəsi üçün hədiyyə yığılmış zənbil.
Bu zənbilin dəyəri kavor toya xərclədiyi məbləğdən azı iki dəfə artıq olmalıdır
Gəlinlik libası
Yerevanda gəlinlik libasının an aşağı qiyməti 2000 dollar təşkil edir. Buna görə də, məsələn, Moskvadan fərqli olaraq, burada paltarı almırlar, icarəyə götürürlər. Bu, daha münasib qiymətə başa gəlir, – toy məsləhətçisi Tamara Mkrtıçeva danışır.
Toy libasları bazarı möhtəşəmdir – toy paltarının icarəsi 500 dollardan başlayır. Hələ Berta və Yolan Kris rəsmi distribütorlarından lüks təkliflər də var – toy libasının üç günlük icarəsi 800 dollardan 5200 dollara qədər olacaq. İcarəsi 17500 dollarlıq olan toy libasları da var.
Həmçinin rəngarəng ətəkli, mürəkkəb və ya əksinə, qəşəng kürəkçi və “şahzadə” libaslarına tələbat böyükdür. Erməni gəlinlərin çoxu hesab edirlər ki, “ağ paltar daha sadə göstərir”, ona görə də bazarda mavi, açıq qəhvəyi və daim dəbdə olan fil sümüyü rəngində libaslar var.
Həmçinin toy libasının yarım qiymətinə dəridə də sifariş etmək olar, o şərtlə ki, toydan sonra dərzi paltarı geri alıb, digər gəlinlərə icarəyə verəcək.
Tamara: “Gəlin icarəyə hətta iki libas ala bilər və bu, “özünü göstərmək” sayılmır, axı onun həyatındakı ən vacib gündür və gəlin gözəl olmaq istəyir”.
Öz toyunda erməni gəlini tək, yəni bəysiz rəqs etməlidir. Müasir gəlinlər bunun üçün icarəyə xüsusi milli geyim götürür.
Rəqs zamanı gəlinin başına pul tökülür – burada qonaqlar nəhayət ki, öz imkanlarını nümayiş etdirə bilirlər.
Gəlinin başına təkcə erməni dramı tökmürlər, digər ölkələrin əskinasları da olur, həm də ki, çox zaman kifayət qədər dəyərli.
Tamada və toy aparıcısı
Əvvəllər erməni toylarında bəylə gəlinin ailələrinin ayrıca, nəsildə bütün qohumları tanıyan tamadaları var idi. Tost zamanı onların yarışması toy proqramının ayrıca nömrəsi olurdu. İndiki zamanda hər ikisini toy aparıcısı əvəz edir. Onu tapmaq çətin deyil. Çox vaxtı bunlar yerli və ya Rusiyanın şou-biznes ulduzlarıdır.
Aparıcı xidmətinin qiyməti 100 dollardan başlayır – bu, adi restoran aparıcısıdır. Orta qiymət – 200-250 dollar, radio və televiziyada işləyən aparıcılar 750-1000 dollara başa gələcək, şou-biznes aparıcıların qiymətləri isə bir neçə min dollardan başlayır.
Bəy kostyumu
Bu gün bəylər 350-1000 dollarlıq qara, tünd göy və garagilə rəngində smokinglərə üstünlük verirlər.
Standartdan kanar dekor
Bir-iki il bundan əvvəl gül dekoru dəbdə idi, indi isə güzgü və iri dekorasiyaya üstünlük verilir. İndi heç gül olmaya da bilər, onları mürəkkəb konstruksiyalar əvəz edir: kosmik bənövşəyi rəngli, animasiya, hərəkət edən dekorasiyalar, işıq effektləri və s. Klassik lepka artıq dəbdə deyil, halbuki bəzi gəlinlər məhz onu tələb edirlər.
Toy maşınlarının icarəsi, lazerli tort
Limuzinlər artıq dəbdən düşüb, əsasən toy üçün icarəyə Rolls Royce və Bentley götürülür – kirayəsi 500- 1000 dollar arasındadır. Bir neçə eyni maşından (adətən bu, Geländewagen-dir) ibarət kütləvi yürüş sifariş olunur. Onların sayı 10 və daha çox ola bilər, – avtomobil icarəsi üzrə şirkətin işçisi Armine söyləyir.
Bəzən restorana yaxınlaşıb şəkil çəkdirmək üçün karet də sifariş olunur.
Keçən il saray formasında tortlar dəbdə idi, bu il isə yeni ailə quranlar daha sadələrinə üstünlük verir. Sonuncu trend isə lazerli tortlardır. Bu, adi ağ tortdur, işıq sönəndə isə üzərində lazer şousu başlanır.
Kiçik boğça və tarosiklər
Adətən boğçanın içində qonaqlar üçün şirniyyat və ya xatirə hədiyyələri qoyulur. Lakin bu gün məhz onlar ailənin imkanlı olmasını göstərən simvoldur. Onun içinə şirniyyatdan başqa, toy sahibinin imkanları və zövqündən asılı olaraq, qiymətli metaldan hazırlanmış əşyalar da qoyulur.
“Bir dəfə biz Oskar mükafatının verilməsi mərasimi stilində toy təşkil edirdik. Qonaqlara Taros şəklində qızıl suya salınmış kiçik Oskar heykəlcikləri hədiyyə olundu”, – toy təşkilatçısı Qayane Xocoyan danışır.
“Bəzən sifarişçilərin istəkləri olduqca qəribə olur”, o deyir.
Qayane şahidi olduğu bir epizodu xatırlayır: “Məsələn, bir dəfə qaynana istəmişdir ki, tarosları zala ponilər gətirsin, podiumun dekoru çariça Yekaterinanın saray qapısı kimi, fotoşəkillər üçün zona isə fransız karuseli şəklində olsun. Və biz bunun öhdəsindən gəldik”.
Dağıstanlı kimi özünü göstərmək
Məryəm Mahaçkalada yaşayır, iş yeri də buradadır. Otuz yaşı var, dəridən çanta və hündür dabanlı ayaqqabı sevir. Hətta hamiləlik zamanı öz zövqündən dönməyib, sadəcə, dikdabanlı ayaqqabının yerinə daha rahat birini seçib.
O, gözəllik salonunda işləyir.
Qızının doğulmasından az əvvəl müştərilərin birindən “Svarovski əmzikləri” haqqında eşidib.
“İstəyirdim ki, uşağımda nadir bir şey olsun”, – Məryəm deyir.
Amma uşaq bu əmzikdən imtina edib. Yox, məsələ Svarovski qaşlarında deyil, sadəcə istəməyib.
Əmziklər, uşaq qidası üçün butulkalar, papışlar Svarovski qaşları ilə bəzədilir, əl işidir. Ustası Rostovda yaşayan dağıstanlı gənc ana Asiyadır. Bunlardan başqa uşaq adları oyması ilə qızıl qolbaqları da sifariş etmək olar. Asiyanın sözlərinə görə, işə hobbi kimi başlayıb.
“Özüm qaşlı, parıldayan əşyaları çox sevirəm. Əvvəl öz uşağım üçün qida butulkasını bəzədim. Adamların xoşuna gəldi, özləri üçün də sifariş etməyə başladılar. İnstaqramda səhifə açdım. İndi hər gün sifarişlərim var”, – Asiya danışır.
Onun sözlərinə görə, sifarişçilərin çoxu Dağıstandandır, bəziləri isə Çeçenistandan.
Əmziklər üçün “kəpənəklər” Dağıstan zərgərlərinin əl işidir. Qiyməti əşyanın tərkibindən: əmzik gümüşdən, qızıl örtüklü, Svarovski qaşları və ya sirkon daşından, bərkidici ilə və bərkidicisiz ola bilər. Ən aşağı qiymət 1300 rubldur (20 USD).
Qida butulkası, bərkidici və əmzikdən ibarət olan dəst isə 6000 rubldur (95 USD). Bəziləri uşaqlarına qiyməti 15000 rubldan (240 USD) başlayan qızıl əmzik də sifariş edirlər.
Asiya deyir ki, əmzik üçün, əsasən analar zəng edir: “Kişi alıcılar hədiyyə dəstlərinə üz tuturlar”.
Asiyanın özü Svarovski ilə bəzədilmiş əmziyi özünü göstərmək kimi qiymətləndirmir: “Bu, sadəcə bəzəkli əmzikdir”.
Dişdə parıltı…
Biri var qaşla uşaq qida butulkasını və ya əmziyi bəzəyəsən, biri də var öz dişini. Bu adəti kim dəbə salıb, məlum deyil, nəyə görə də edirlər – anlamaq çətindir.
Mədinənin 45 yaşı var. Ağ dərili, qara saçlıdır.
Dümdüz qara saçları ağ çiyinlərini örtür – Dağıstan üçün qeyri-adi mənzərədir; buradakı xanımların saçları ya qısa kəsdirilir, ya da boynun arxasında dəstə yığılır. Mədinənin Hollivud sayağı gülüşünü ağappaq dişlərinin birinə qoyulmuış qiymətli qaş bəzəyir.
– Neynirsən bunu? – soruşuram
– Elə-belə. Axı gözəldir! – qısaca cavab verir.
Dişə qiymətli qaşın qoyulması isə Qafqazda kimisə təəccübləndirmək çətin işdir. Demək olar ki, bütün özəl diş həkimləri bu xidməti göstərir.
Modapərəstlər (əlbəttə ki, hamısı xanımlardır) dişə Svarovski qaşını yapışdırır, amma dişi bir az yonub içinə əsl brilliant da salmaq mümkündür – o zaman daş dişin içində daimi qalacaq – xanım ondan bezənədək.
Qaşı diş həkiminə müştəri özü gətirməlidir – tibbi kabinetdə bu satılmır. Mahaçkaladakı özəl stomatoloji klinikalarda qaşın yapışdırılması üçün minimal məbləğ – 1000 rubl (15 USD), brilliantın quraşdırılması üçün isə 1500 rubl (23 USD) istəyirlər.
“Qızıl” və “elit” nömrələr
Amma dişdə brilliant üçün min rubl nədir ki! 200 mini havaya atmaqla müqayisədə. Yaxşı, lap elə “havaya” yox – “qızıl” elit telefon nömrəsinə görə.
Şərif əslən Ermənistandandır, amma Moskvada yaşayır və işləyir. Öz xidmətlərini İnstaqramla reklam edir. Şərif “elit” telefon nömrələrinin alveri ilə məşğuldur. Tez yadda qalan nömrələr ya eyni rəqəmlərdən ibarətdir, ya da ki, məntiqi rəqəm ardıcıllığına malikdir. Belə nömrələri operatorların özündən alır.
Şərifovun sözlərinə görə, demək olar ki, bütün müştəriləri qafqazlılardır.
– Çeçenlər, ermənilər, azərbaycanlılar da var, amma onlar azdır. Əsasən elit nömrələrin alıcıları dağıstanlılardır. Əvvəllər “05-05” rəqəmli nömrələri istəyirdilər (region kodu – A.M.), indi isə sadəcə “qəşəng” nömrə istəyirlər, – o, deyir.
Şərifin dediklərinə görə, dağıstanlı heç vaxt tək gəlmir.
– Ya özlərinə alırlar, ya da ki, hədiyyə. Mənim nömrəmi də qohum-əqrəbaıarına, qonum-qonşularına verirlər, belə də şəbəkə yaranır. Bir nəfər 20 yeni müştəri gətirə bilər.
“Elit” və “qızıl” nömrənin qiyməti onun tərkibindəki rəqəmlərdən asılıdır, 1000 rubldan başlayır.
Şərif: “Satdığım ən bahalı nömrə 200 min rubl idi (3160 USD). Sonunda altı “səkkizi” var idi. Bunların hamısını “özünü göstərmək” üçün alırlar. “Qəşəng nömrə” başqa nəyə gərəkdir ki?”
– Bir dağıstanlı var idi, qəşəng nömrə almışdı. Sonra məndə daha yaxşısını görüb, köhnəsini atıb onu aldı. Sonra yenə də….Məndən təxminən on nömrə alıb. Düzdür, çox bahalı deyildi: 2000-3500 rubl civarında. Adətən bahalı – 30-40 min rublluq (480-630 USD) nömrə alanlar onları o qədər tez dəyişmirlər. – Şərif danışır.
Özəl heyvanxana
Bir-iki il bundan əvvəl 33 yaşlı mahaçkalalı Səlim evində şir saxlayıb. Onun sözlərinə görə, Dağıstanda kifayət qədər ailə var ki, evdə yırtıcı saxlayır, bunlar pələng, şir, bəbir, ayıdır. “Hələ quşları – qartal, qırğıları – demirəm”, əlavə edir.
Bu zövq nə ucuz, nə də asan başa gəlir.
“İstəyirdim, məndə heç kimdə olmayandan olsun. Özü də ki, heyvanların şahı – şir sahibi olmaq istəyirdim. Adətən pələng və şir saxlayan insanlar imkanlıdır. Amma tək pul kifayət deyil, gərək yırtıcı ilə davrana biləsən. Və ya pulun olsun ki, xüsusi adam tutasan – onu yemləsin, suyunu versin, müalicəsini etsin, hər bir qayğısına qalsın. Yırtıcılara düzgün qida rasionu, qayğı, dərman və vitaminlər lazımdır, – Səlim danışır.
Səlimi ilk ali təhsilini Dağıstan Xalq Təsərrüfatı Akademiyasının baytarlıq təbabəti, ikinci ali təhslini isə hüquq üzrə alıb. Hazırda respublikanın hüquq-mühafizə orqanlarında çalışır.
Onun özü də zahirən şirə bənzəyir – orta boylu, möhkəm bədən quruluşlu, kürən qıvrım saçlıdır.
Səlimin təbirincə desək, “vəhşi pişiklərə” həm də özünü yoxlamaq üçün sahiblənib: “Öhdəsindən gələrəmmi?”
O, evdə yırtıcı heyvan saxlamağı özünü göstərmək kimi qiymətləndirir: “İnək süd verir, qoyun – ət və yun. Şir və ya, məsələn, dalğalı tutuquşu nə verir? Sadəcə, adamlara özünü göstərirsən, yəni ki, “məndə Dağıstanda olmayan ekzotik heyvan var”. Heç kəsdə yoxdur, məndə isə var”.
Ancaq Səlimin sözlərinə görə, özünü göstərmək xatirinə yırtıcı heyvan alan adamlar çox dözə bilmir.
– Bir-iki ay dözürlər. Balaca dinc “pişik” balası böyüyüb şir olanda, bu gərginliyə dözmək olmur, – Səlim deyir və onun üçün bu, boş söz deyil.
Danışır ki, şir balalarını saxladığından bir il keçməmiş xoşagəlməz hadisə baş verib: körpə dişi aslan dostları ilə hər gün qəribə heyvanlara baxmağa gələn on yaşlı oğlanın gödəkçəsindən tutub. Uşağa zərər dəyməsə də, oğlan çox qorxubmuş.
O zaman Səlim başa düşüb ki, vəhşi heyvanın öhdəsindən gəlmir, qəfəs çatışmır, ona volyer lazımdır. Heyvanları lazımi şəraitlə təmin edə bilmir.
Çeçenistanlı dostlarına zəng edib deyib ki, istəyərlərsə, heyvanları pulsuz apara bilərlər. İki günə şir balaları qonşu respublikaya köçüblər.
Ola bilər ki, məhz buna görə Dağıstanda yırtıcılara olan qiymət bu qədər fərqlidir. Heyvanları pulsuz da verə, astronomik məbləğ də istəyə bilərlər. Qiymətin yuxarı həddi yoxdur. Hər şey yırtıcının növündən, yaşından, səhhətindən və həmçinin alıcının öz şəxsi gepard, panter və ya yaquar sahibi olmaq istəyinin gücündən asılıdır.
Səlim nə vaxtsa erkək aslan və dişi pələng alıb, onları cütləşdirib öz şəxsi liqrını almaq arzusundadır.
Rusiyada ev şəraitində yırtıcı heyvanları saxlamağı tənzimləyən qanun mövcud deyil.
Qızlara qarşı qısqanclı erkək
Dəniz sahilindəki böyük mülkündə bəbir saxlayam Məhəmməd isə yırtıcı heyvana qulluğu özünü göstərməklə əlaqələndirmir.
O, yırtıcını Volqoqraddan gətirib, vəhşi heyvanların satıcısından alıb, deyir, heyvanların saxlandığı “qeyri-insani” şərait onu dəhşətə gətirib. Bəbirlərlə birlikdə ayı balalarını da alıb, sonradan onları aparıb meşədə buraxıb. Bəbiri isə özündə saxlayıb.
“Bir aylıq idi. Yazığım gəldi, xəstə idi, vitaminləri çatışmırdı. Üç bala idi. Əvvəlcə hamısını götürmək istədim, amma o zaman artıq iki şirim də var idi, başa düşdüm ki, hamısı ilə bacarmaram. Dedilər ki, erkəkdir, ona görə onu görürdüm. Adını da elə Erkək qoydum”, – Məhəmməd danışır.
Erkək böyüyəndə məlum oldu ki, o, erkək yox, dişidir, ancaq sahibi artıq onu Erkək adlandırmağa öyrəşib.
“Hamı mənə deyirdi ki, bəbiri ram etmək mümkün deyil. Mən isə əksini sübut etdim”, – Məhəmməd deyir və sözlərinin təsdiqi kimi, pəncərəyə dırmanan Erkəyə səsini qaldırır: “Düş oradan! Tez elə!” Yırtıcı itaətlə enir.
Məhəmməd: “Həmişə ona sahib kimdir göstərməlisən, boş buraxan kimi dərhal dişlərini göstərir”.
Erkəyin dişləri isə artıq möhkəmlənib. Sümüyü bir-iki saniyəyə çeynəyir. Sahibi öz sevimli Erkəyinə gündə iri parça ət və iki dəfə iki çiy yumurta ilə balıq yağının qarışığını verir – vitamindir.
İndi Erkəyin üç yaşı var. İnsan ölçülərinə görə yeniyetmədir. Hələ böyüyəcək, bundan iki dəfə böyük olacaq. İndidən Məhəmməd uşaqlarına Erkək ilə oynamağa icazə vermir; qadınlar da yaxınlaşmasa yaxşıdır: Erkək sahibini qısqanır və davranışı həmin zaman gözlənilməz ola bilər.
Məhəmməd əslində bəbiri azadlığa da buraxmağa hazırdır, amma bunu necə edəcəyini təsəvvür edə bilmir.
“Sərbəst həyata heç uyğunlaşmayıb. Özü də ki, hara buraxım onu? Adamlar görərlər, qorxub öldürərlər!”
Özünü göstərmək incəsənət növü kimi
Özgəsinin ambisiyasına hörmət etmək, gülmək və ya onu incəsənət əsərinə çevirmək də olar. Ən parlaq nümunə – Rusiyadan dağıstanlı rəssam Taus Maxaçevanın “Cəld və coşqun” performansıdır.
O, “JEEP”ini köhnə, bazarlarda tapdığı sovetdən qalma kürkülərdən tikilmiş çexol ilə örtdü. Beləcə, rəssam öz ismarıcınıbir art-obyekt çərçivəsində Dağıstanın bağlı stritreyser (avtoyürüşçü) icmasına yollayır; –
bu icmanın üzvləri, adətən, maşınlarının dizayn və tüninqi ilə özlərini doğrultmağa çalışırlar.
“İnsanlar cəmiyyət qarşısında simalarını itirməkdən çəkinirlər”
Dağıstanlı etnopsixoloq Sergey Çipaşvilinin sözlərinə görə, qafqazlılar üçün özünü göstərmək çox vacib atributdur.
“Özünü göstərmək – müəyyən dərəcədə özünü təqdim etmək imkanıdır. Adamlarımız fərqlidir, amma hər kəs cəmiyyət qarşısında simasını itirməkdən qorxur. Hərəsi bir yaxşı yer tutmaq, öz real sosial vəziyyətindən daha yüksək olan müəyyən ictimai markerləri nümayiş etməyə çalışır”, o deyir.
Psixoloqun sözlərinə görə, adam nə qədər kasıbdırsa, öz imkanlarını daha geniş şəkildə nümayiş etməyə çalışır.
“Məsələn, kimsə özünə sonuncu model Ayfon (iPhone), televizor, maşın, qızıl tapanca almaq üçün dəridən-qabıqdan çıxır. Digəri geyimə daha çox diqqət yetirir, kim isə evin vəziyyətinə, texnikaya, televizora. Çoxları bunlar üçün borca girir.
Özünü göstərmək istəyi həyatın çox bir məqamlarında ifadə edilə bilər: toyda, yas mərasimində, dişdə brilliant daşda, qızıl diş tacında, hətta adamların avtobusda gedəndə qalığı götürməməkdə. Adətən az qazanan adamlar artıq pulu götürmür. Varlılar artıq xərcləri sevmirlər”.
Çipaşvilinin sözlərinə görə, özünü göstərmək bir hal kimi qafqazlılara həmişə məxsus olub. Bura, həmçinin, Qafqaz qonaqpərvərliyini də aid etmək olar.
Çipaşvili əlavə edir: “18-19-cu əsrlərdə bahalı silah, qiymətli maşının o vaxtki analoqu – yaxşı atla “özlərini göstərirdilər”. Bir hadisə üçün, hətta pulun çatmırsa belə, öküz kəsmək – bu da özünü göstərməkdir”.
“Həmişə belə olub. Etnoqraf, tarixçilər də bunun haqqında yazıb. İnsanlar bunu hər zaman ediblər, toyları da zəmanəyə uyğun dəblə qeyd edirdilər. Məsələn, havaya atəş açmaq. Yeri gəldikcə, atəş açmaq da özünü göstərməkdir. Müəyyən mənada qonaqpərvərlik adətlərini də özünü göstərmək kimi qiymətləndirmək olar.
Nə qədər qonağı yaxşı qəbul edərsən, o qədər çox səndən danışacaqlar. Qonşular qarşısında məşhurlaşarsan, axı çətin zəmanədə bunun öhdəsindən gəlməyə bacardın”.
“Özünü göstərmək tək qafqazlılara yox, bir çox kiçik xalqlara xas olan xüsusiyyətdir”, -deyə etnopsixoloq qedy edir ki, Fransadakı qaskonlarda, İspaniyadakı basklar da bu xüsusiyyəti müşahidə etmək olar.
Onun sözlərinə görə, özünü göstərənlər, adətən çox varlı adam deyillər: “Nəsillikcə imkanlı adamlar özünü göstərməyə heç meylli deyil. Stiv Cobs bir boğazlı köynək və cins şalvarda gəzirdi, işlətdiyi qələm də adi idi, 40 min dollarlıq bahalı “Parker” yox, ayaqqabısı da sadə idi. Halbuki milyonçu idi. Sadəcə hesab edirdi ki, onun haqqında işləri bəhs edir”
Çilaşvilinin sözlərinə görə, gələcəkdə insanlar özünü necə göstərəcək, demək çətindir. Bu, “maddi rifahın markeri”nin gələcəkdə nə cür olacağından asılıdır.
“Ola bilər, bu, hansısa superkompüter, daxili qurulmuş çiplər və ya kosmik uçuşlar olacaq. Artıq indi də uçuşlar var, amma bahadır, bəlkə sabah qiymət daha aşağı olacaq – 10-20 min dollar civarında, bunu çoxu özünə rəva edə bilər. Deyəcəklər: “Mən kosmik mehmanxanada olmuşam!” Və bu da özünü göstərmək olacaq” (BBC Azərbaycan).