Valideyn

”Qakqa”, yoxsa qənd?

Baxış sayı: 1. 633

Balaca, “qakqa” istəyirsən?- Bax ,ağlama qakqa verirəm sənə…

Qaqa, “bay-bay” elə yoxsa, “xoxan” gəlib aparar səni…

Ala “pəpəni” ye, tez ye ki, gedək “oppalara”…

 

Görəsən, bir şey başa düşdünüzmü? Yəqin bir çoxlarınıza tanış gəldi. Uşaq olduğumuz zamanlarda çoxumuzu bu sözlərlə böyüdüblər. Biz ümumiyyətlə çox qəribə xalqıq. Qəribəliyimiz nə vaxtdan başlayıb deyə bilmərəm, amma bu qəribəlik bizləri artıq fərqləndirir. Toydan qabaq gəlinə az qala bir kq qızıl alıb sonra illərlə borc vermək, əlimizlə rüşvət verdiyimiz halda bu rüşvət deyil ki, “şirinlikdi” demək, ağzımızda qızıl diş daşımaq, yeddi yüz manatlıq telefon işlədib vızıvlıq “11 kontur” saxlamaq, təzə dil açan uşaqlarına “papanı söy deyib”, sonra bu söyüşdən fəxr etmək, bütün dünya sükan arxasında təhlükəsizliyi üçün istifadə etdiyi  kəməri taxmamaq və ya kəsmək, yalnız DYP işçisi gördükdə  sürücü əli ilə tutmaq və daha nələr, nələr…

Danışmaq istədiklərim “eyiblərimiz” olmadığından “üzrlü” tərəflərimizi sonraya saxlayıram.

Sizi bilmirəm, amma mən müşahidə etməyi sevirəm. Daha doğrusu, çox zaman maraqlı hadisələr özü qarşıma çıxır.

Məsələn, dəfələrlə olub ki, ictimai nəqliyyatda rusdilli ailənin uşağı və ya rus ailəsinin uşağı ilə bizim mamasının “totuq-motuq” balalarının arasında fərq sezmişəm. Bu həm etik davranışlara həm dünyagörüşə həm də nitq davranışına aiddir. Ümumiyyətlə, o uşaqlar bizim uşaqlara nisbətən daha rabitəli və məntiqli nitqə malik olurlar. Lap kiçik yaşlarından mədəniyyətin istənilən növü formalaşır. İstər küçə, istər süfrə, istərsə də davranış qaydaları. Bəlkə də bu fikirlərimə görə çoxlarınız məni qınayacaqsınız, amma inciməyin indi azərbaycanlı ailələrin evində böyüyən bir çox uşaqlar “uşaq kimi” böyümür. Ana ilə bərabər çoxlarının evini yıxan türk seriallarına , ya da ki, gündəmi ancaq ağlaşma ilə zəbt edən yerli verilişlərə baxır. Bu yerdə nənəmin bir sözü yadıma düşdü:-  Deyir ki, filankəsin qızı ya oğlu elə arvad-arvad danışır ki…

valideyn

Beləliklə, uşaq mədəniyyətdən sivilizasiyadan xeyli uzaq düşür. Niyə biz daha çox böyük-böyük danışan uşaqları sevirik? Niyə uşaqları “çoxbilmiş” böyüdürük?

Fikrimcə, bu məsələdə əsas problemlərdən biri də valideynlərin uşaqları hələ körpə ikən nitqlərinə fikir verməməlidir. Uşaq əlini çörəyə uzadanda ana, ata, yaxud nənə pəpə verim demək əvəzinə çörək verim desələr dünya dağılmaz ki? Bir də görürsən ki, ağsaqqal adamdı, bəlli bir yaşı var qucağında nəvəsini tutub onunla “uşaq dilində “danışır.  Az qalırsan yaxınlaşıb deyəsən ki, ağsaqqal nə olub? Niyə belə danışırsan?! Görəsən övladlarımıza körpəlikdən, “xoxan”, “qakqa”, “pəpə”, “nəm-nəm elə”, “akkaşlarını geyin” deməsək nə olar? Bəlkə hər kəs öz övladı ilə lap körpəlikdən öz dilimizdə normal danışsın?

Övladlarınızı ictimai yerlərə mümkün qədər çox aparın. Kafe, restoran, əyləncə mərkəzlərində özlərini necə aparacaqlarını erkən yaşlarında aşılayın. Ən əsası heyvanlara qarşı sevgi və mərhəmət hissi formalaşdırın. Mümkün qədər erkən yaşdan kitaba meyilləndirin. Bir də ən azı imkan olduqca ayda bir dəfə teatra aparın.

Gələcəyiniz öz əlinizdədir, əziz valideynlər. Allah bütün körpələrimizi qorusun!

 

Səbinə Məmmədova




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir