qalstuk

Qalstuk qarderobları tərk edir?

Baxış sayı: 1. 442

Qalstuk klassik geyimlərin ayrılmaz hissəsi kimi təsbit olunub. Bu, həm də mədəniyyət incisi kimi xarakterizə edilib. Xüsusilə rəsmilərin, iş adamlarının, siyasətçilərin üstünlük verdiyi aksesuara hazırda münasibət birmənalı deyil. Son illərdə qalstuk taxanların sayı əhəmiyyətli dərəcədə azalıb. Uzun illər qarderobların ayrılmaz hissəsi olan qalstuklara müasir dövrümüzdə böyük tələbat var desək, yanılarıq. Bunu biz yox, satıcılar deyir.

 

Əməkdaşı qalstuk satılan mağazalara baş çəkib.

İlk daxil olduğumuz məkan böyük alış-veriş mərkəzlərindən biridir. Kişi geyimlərindən ibarət cərgələrə üz tutduqda burada çox sayda qalstuka rast gəldik. Künc hissələrə düzülən aksesuara olan maraq da azdır. Satıcılar deyir ki, il ərzində 10-dan artıq qalstuk satılmır. Qiymətlər isə 6 manatdan 90 manata kimidir.

 

Üz tutduğumuz digər məkan isə “28 May”da yerləşən alış-veriş keçididir. Burada qiymətlər 3 manatdan 10 manata kimidir. Satıcılar az adamın qalstuka maraq göstərdiyini deyir.

Bəs qalstuk nə zaman yaranıb? Qalstukun Avropa mədəniyyətinə gəlişi 17-ci əsrin ortalarına təsadüf edir. Belə ki, 1635-ci ildə 30 illik müharibə dövründə Fransa Kralı XIII Luis üçün döyüşən 160 minə yaxın legioner arasında bir qrup əsgər var idi ki, onlar geyimlərindəki bir elementə görə digər döyüşçülərdən fərqlənirdilər. Xorvatiyadan olan bu əsgərlərin boğazlarına bağladıqları dəsmallar kralın diqqətini cəlb etmişdi. Müharibə bitdikdən sonra Parisə qayıdan həmin cəngavərlər kralın hüzuruna gətirilir. Onların boynundakı rəngli dəsmallar kralın o qədər xoşuna gəlir ki, boğazına dəsmal bağlayan əsgərlərdən ibarət alay yaradır. Bu alayın adı isə “croat” yəni “xorvat” olur.

Bundan sonra qalstuk fransız elitası arasında geniş yayılır. Daha sonra bu dəb İngiltərədə də populyarlaşır. Əvvəllər qalstuk elə möhkəm bağlanırdı ki, insanlar başlarını belə çevirə bilmirdilər. Ilk vaxtlarda Fransada qalstuku 5 formada bağlamaq mümkün idisə, hazırda bu rəqəm 200-ə yaxındır.

 

Bəs qalstuka olan marağın azalmasına səbəb modadır, yoxsa digər psixoloji amillər var?

Modelyer Elnarə Bəkirova deyir ki, Azərbaycandan fərqli olaraq xarici ölkələrdə qalstuka böyük maraq var:

“Bir neçə il öncə qalstuklar qadınların da sevimli aksesuarına çevrilmişdi. Həm gözəllik, həm ciddilik üçün onlar qalstuklar taxırdılar. Azərbaycanda əsasən rəsmi tədbirlərdə, toylarda istifadə olunan sözügedən aksesuarlara maraq xarici ölkələrdə böyükdür. Qalstuk işgüzar insanların seçimidir.  O, ciddiliyin göstəricisidir.  Qeyd edim ki, uzun mübahisəli keçmişi olan qalstuklardan bu gün dünyada təqribən 650 milyon insan istifadə edir. Bir ildə satılan qalstukların sayı 800 milyona yaxındır”.

 

Könül İBRAHİM,
“Musavat.com”
Fotolar Elçin ƏKBƏROVundur.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir