Sən demə, insanın qan qrupu onun xasiyyəti, daxili aləmi haqqında aid olduğu bürcdən daha çox informasiya verir. 1931-ci ildə Furukava Takeşi qan qrupu və fərd arasında əlaqə olduğu ehtimalını irəli sürmüşdü. Ümumiyyətlə, yaponların fikrincə, qan qrupu insanın xarakterini və fərdi keyfiyyətlərini müəyyənləşdirir. Çox maraqlıdır ki, yaponların bir-biri ilə tanış olarkən verdikləri suallar içərisində ən məşhur “Qan qrupun hansıdır” sualıdır. Son zamanlar psixoloqlar insanın temperamentinin qan qrupundan birbaşa asılı olduğunu bildiriblər. Onların fikrincə, qan insanın xarakterinə, davranışına və hətta hisslərinə təsir göstərir.
Birinci qan qrupu
Adətən birinci qan qrupuna sahib olan insanlar məqsədə doğru can atır, dözümlü olur və öz güclərinə güvənirlər. Hətta kifayət qədər özündən razı, özünə vurğun və lovğadırlar. Tənqidə dözümləri demək olar ki, yox dərəcəsindədir.
Birinci qan qrupuna sahib olan kişilər adətən özləri haqqında o qədər yüksək fikirdə olur, həyatlarında heç bir etirazı qəbul etmirlər və son nəticəyə qədər mübarizə aparırlar.
Birinci qan qrupuna sahib olan qadınlar isə qısqanc, hissiyyatlı, ehtiraslı olur. Soyuqqanlı, qorxubilməz biznes-ledilər arasında birinci qan qrupuna daha çox rast gəlinir.
İkinci qan qrupu
Adətən sakit, hövsələli, mehriban, nizam-intizamlı insanların damarlarında məhz bu qan axır. Kollektivdə özlərini əla hiss edir və adətən liderliyə can atmırlar.
İkinci qan qrupuna sahib olan kişilər sevgilisinin bütün kaprizlərinə dözür, nazı ilə oynayırlar. Adətən bu cür kişiləri bir az yaşlı qadınlar daha çox qiymətləndirirlər, çünki onları ehtiras yox, etibarlı əllərdə olmaq maraqlandırır.
Bu qan qrupundan olan qadınlar isə utancaq olur, geyimlərində və davranışlarında müəyyən hədd gözləyir. Qısamüddətli münasibətlər onlar üçün deyil. Bu qadınlar əla ömür-gün yoldaşı olub, sona qədər ərlərinə sadiq qalırlar.
Üçüncü qan qrupu
Üçüncü qan qrupuna sahib olan insanlar kollektivdən kənar özlərini əla hiss edir, tez-tez yaşayış yerlərini dəyişirlər. Hiyləgər olub asanlıqla başqalarının təcrübəsini mənimsəyir və yad cəmiyyətə maneəsiz uyğunlaşırlar. Birinci qrupun liderliyi və ikinci qrupun tabeçiliyi onlarda yoxdur, istənilən vəziyyətdən çıxa bilir, müstəqilliklərini daima qoruyub- saxlayırlar. Amerikada keçirilən sorğuya görə, milyonçuların 40%-i üçüncü qan qrupuna malik insanlardır.
Dördüncü qan qrupu
Bu insanlar ziddiyyətli, qətiyyətsiz, daim şübhə içində olur, başqalarına qulaq asmağı və yaxşı məsləhət verməyi bacarırlar. Adətən onları sevirlər, ancaq dərindən tanıya bilmirlər, çünki müxtəlif donlara girməyi əla bacarırlar. Çox mütaliə edir, hərtərəfli, erudisiyalı olurlar, lakin mübahisə etməkdən çəkinirlər. Karyera pilləsinə laqeyd yanaşırlar, buna baxmayaraq, tale özü onları yüksəldir.
Samirə Tağıyeva