evler

Qanunsuz tikili problemi həllini tapacaqmı?

Baxış sayı: 1. 799

Azərbaycanda neft torpaqlarında, magistral qaz və su borularının üstündə, düz yanında, elektrik xətlərinin altında, hətta qeyri-yaşayış yerlərində qanunsuz evlərin tikilməsi adi hal alıb. Bu cür evlər, hər halda tikintisinə icazə verildiyi üçün tikilir, bir müddər sonra isə qanunsuz tikildiyi üzə çıxır.

Milli Məclisin Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə jurnalistlərlə söhbətində bildirib ki,  Azərbaycanda sənədsiz evlərlə bağlı problem tədricən həllini tapacaq. Onun sözlərinə görə, prezidentin fərmanına uyğun olaraq, sənədsiz evlərin sənədləşdirilməsi üçün müvafiq müraciət edilməlidir.
Komitə sədrinə görə, elə evlər var ki, neft torpaqlarında tikilib: “Belə evlərin sənədləşdirilməsi üçün müxtəlif tələblər var və bu da fərmanda əksini tapıb. Məsələn, bu evlər tikilməzdən öncə layihəsi yerli icra hakimiyyəti ilə razılaşdırılmalı idi. Sürüşmə zonaları, fövqəladə vəziyyətlər ola bilər. Layihə razılaşdırılıbsa, həmin evlərin sənədləşdirilməsi fərmanda əksini tapıb”.

Qeyd edək ki, dövlət başçısının imzaladığı fərmana əsasən, tikintiyə dair layihəsi müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış, yaxud mülkiyyət hüququna dair çıxarışı (kupçası) olan tikililər sadələşdirilmiş qaydada sənədləşdirilməlidir. Bununla bağlı müvafiq dövlət orqanlarına tapşırıqlar verilib.
Rəhimzadə onu da bildirib ki, bələdiyyələrin ərazisi dəqiqləşdirilib xəritə veriləndən sonra qanunsuz tikililərlə bağlı problemlərin həlli daha asan olacaq. Onun dediyinə görə, Bakıda və Abşeron yarımadasında tikilən qanunsuz evlərin çoxu torpaq, əmlak və digər vergilərə cəlb olunsalar da, bu tikililər rəsmiləşdirilməyib.

Onun bildirdiyinə görə, qanunsuz tikililərlə bağlı problemin əsas səbəbi odur ki, bələdiyyə torpağın ona, yaxud başqa bələdiyyəyə məxsus olduğunu bilməyib: “Ona görə də qanunsuz tikililərlə bağlı problem yaranıb. Bələdiyyənin ərazisi dəqiqləşdirilib xəritə veriləndən sonra bələdiyyə biləcək ki, bu torpaq onun ərazisidir, yaxud deyil”.

Dediyinə görə, xəritələr müəyyənləşəndən sonra bu problemlərin həlli daha asan olacaq: “Çünki indiyə qədər bələdiyyənin başqa bələdiyyənin ərazisində torpaq verməsi halları olub. Buna görə bələdiyyələri təqsirləndirmək də olmaz, çünki bir çox bələdiyyələrin indiyə qədər əraziləri haradır, xəritələri harada başlayır, harada qurtarır – bu barədə məlumatları yoxdur”.

Komitə sədri əlavə edib ki, bələdiyyələrin xəritələrinin əksəriyyəti hazırlanaraq müvafiq quruma təqdim edilib: “Ümumilikdə, 59 rayonda ərazilərlə bağlı mübahisələr var. Həmin mübahisələr həll ediləndən sonra bələdiyyələrin hamısı biləcək ki, ərazisi haradır, hansı əraziyə sərəncam verə bilər, harada onun sərəncamı ilə ev tikilə bilər”.

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri, tikinti sahəsi üzrə ekspert Ramil Osmanlının “Ekspress”ə bildirdiyinə görə, mühafizə zolaqlarının üzərinə düşən yerlərdə, neft torpaqlarında, magistral qaz boruları, nəqliyyat, dəmir yolu yanında, elektrik xəttlərinin altında yüzlərlə qanunsuz evlər tikilib: “Bu tikililər özbaşına yaranmayıb. Müvafiq icra hakimiyyəti orqanlarının qeyri-rəsmi, şifahi razılığı əsasında tikilib. Ora kifayət qədər xərclər çəkilib. Onların söküntüsü həyata keçirilərsə, mütləq kompensasiya ödənilməlidir”.

Osmanlı qeyd edib ki, qanunsuz yerdə tikililərin yayılması kifayət qədər aktual problemdir: “Problemin yaranmasının kökü çox əvvəllərə gedib çıxır. Müvafiq yerli icra hakimiyyəti orqanları, eyni zamanda, həmin ərazilərə nəzarət edən qurumlar, təəssüflər olsun ki, rüşvət alma və s. yolla qanunsuz tikintilərin aparılmasına göz yumublar. Vətəndaşlar da təbii ki, problemin fərqinə varmadan, onun arxasında nə dayandığını düşünmədən bu addımı atıblar”.
Bunun artıq ciddi sosial bir problemə çevrildiyini deyən müsahibimizin sözlərinə görə, bu məsələdə icra hakimiyyətləri orqanlarının üzərinə böyük məsuliyyət düşür. “Çünki həmin qurumlar bu gün də bu prosesi davam etdirirlər. Vətəndaş çarəsizlikdən, imkansızlıqdan bu addımı ata bilər. Yerli icra hakimiyyəti orqanları, təbii ki, buna icazə verməməlidirlər. Təəssüflər olsun ki, müxtəlif subyektiv məqamlara görə icazə veriblər”.

Aynurə MƏMMƏDOVA




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir