Bir neçə gün öncə Bakının Suraxanı rayonu, Bül-bülə qəsəbəsi, Aşurbəyovlar küçəsi 8 saylı ünvanda yerləşən yaşayış binasının 25-ci mənzilində yanğın baş verib. Rəsmi məlumata görə yanğın nəticəsində evdə tək buraxılan 5 yaşlı Rüqayə Əlizadə və 3 yaşlı İsmayıl Əlizadə tüstündən boğularaq dünyasını dəyişib.
Faktla bağlı Bakı şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 314.3-cü (səhlənkarlıq, ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb. İlkin istintaqla müəyyən edilib ki, həmin evdə 2 ildən artıq müddətdə həyat yoldaşı ilə kirayədə yaşayan 1993-cü ildə Bərdə rayonunda anadan olmuş Könül Əliyeva övladları – Ruqayyə və Anar Əlizadəni mənzildə tək qoyaraq qapını çöldən bağlayıb, saat 18 radələrində mağazaya gedib və evə qayıdaraq qapını açarkən qatı tüstü olduğunu görüb. Azyaşlılar qonşuların köməyi ilə çıxarıldıqdan sonra yanğın baş verib və dərhal xəstəxanaya aparılmalarına baxmayaraq, hər ikisi ölüb.
Qeyd edək ki, vaxtaşırı tez-tez mətbuatda valideyn məsuliyyətsizili ucbatından nəzarətsiz qalan azyaşlı uşaqların, körpələrin faciəli şəkildə dünyasının dəyişdiyinin şahidi oluruq. Rəsmi məlumatlarda da qeyd edilir ki, son vaxtlar evdə köməksiz vəziyyətdə qalan uşaqlarla bağlı Fövqəladə Hallar Nazirliyinin “112″ qaynar telefon xəttinə edilən müraciətlərin sayı artıb. Hətta bununla bağlı adıçəkilən nazirlik əhaliyə müraciət edib. Müraciətdə deyilir: ”Cari ilin iyul və avqust aylarında “qaynar xətt”ə köməksiz vəziyyətdə qalan azyaşlılar barədə bağlı qapı arxasında qalma 42, liftdə qalma hadisəsi üzrə isə 33 əməliyyat məlumatı daxil olub. Ümumilikdə, 75 əməliyyatda 89 azyaşlı təhlükədən xilas olunaraq ailə üzvlərinə və yaxınlarına təhvil verilib. Bu kimi hadisələrin sayının çoxalmasını, mənzillərdə balacaların həyatına təhlükə törədə biləcək açıq elektrik naqilləri, elektrik plitəsi, qaz sobası, açıq eyvan və pəncərələr, düşə biləcək ağır əşyalar, kimyəvi maddələr və s. kimi amillərin mövcudluğunu nəzərə alaraq, valideynləri körpə və azyaşlılara qarşı diqqətli olmağa və onları nəzarətsiz qoymamağa çağırırıq”.
Danılmaz faktdır ki, valideynlər uşaqları evdə tək, nəzarətsiz qoyduqda yanğın və s. kimi təhlükəli hadisələr baş verə bilər. Bu kimi hadisələrin qarşısının alınması məqsədilə bir neçə il əvvəl Azərbaycanda evdə uşaqları nəzarətsiz qoyan valideynlərin qanunla məsuliyyətə cəlb edilməsi gündəmə gəlmişdi. Belə ki, Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi “İnzibati Xətalar Məvəlləsinə əlavə və dəyişikliklərin edilməsi haqqında” qanun layihəsi hazırladığını açıqlamışdı. Həmin layihədə evdə uşaqların nəzarətsiz qoyan valideynlərin qanunla məsuliyyətə cəlb edilməsi öz əksini tapırdı. Həmçinin layihədə bildirilirdi ki, burada yalnız uşağın tərbiyəsi deyil, onun sağlamlığı və təhlükəsizliyi də nəzərə alınır. Layihəyə əsasən, əgər uşağın evdə nəzarətsiz (bağlı qapı arxasında) qalması bir dəfə aşkarlanarsa, valideyn cərimələnəcək. Ancaq uşağın evdə bağlı qapı arxasında, nəzarətsiz, tək qalması mütəmadi təkrarlanarsa, valideynin uşağın təhlükəsizliyi ilə maraqlanmadığı aşkarlanarsa, onda valideynə xəbərdarlıq ediləcək. Qanunvericiliyə görə, uşağın tərbiyəsi və ona nəzarət edilməsi üçün yerli icra hakimiyyəti orqanı tərəfindən nümayəndə təyin ediləcək. Həmin nümayəndə uşağa birbaşa nəzarət etməklə yanaşı, uşağın tərbiyəsi ilə məşğul olma yollarını başa salmaqdan ötrü valideynlə də işləyəcək. Lakin adı çəkilən layihənin həyata keçirilməsi ilə bağlı hələlik heç bir səs-soraq yoxdur.
Bəs Azərbaycan qanunvericiliyində valideyn məsuliyyətsizliyi ilə bağlı hansısa cəzalar mövcuddurmu?
Mövzu ilə bağlı hüquqşünas Fərhad Mehdiyev aşağıdakıları dedi: “Xarici ölkələrdə, o cümlədən ABŞ-da uşağı nəzarətsiz qoyduqca cərimələr tətbiq edilir. Məsələn, 7 yaşına qədər uşaq nəzarətsiz buraxıldıqda valideyn 2000 dollara qədər cərimə olunur. Beləliklə 7 yaşına qədər olan uşağı ümumiyyətlə, nəzarətsiz qoymaq olmaz, 7-14 yaşında olan uşaqları isə yarım saat nəzarətsiz qoyulmağa imkan verilir, 14 yaşından sonra nisbətən sərbəstlik verilə bilər. Yəni uşağı tək buraxmaq qadağandır. Əgər polis küçədə uşağın tək oynadığını görərsə, bunu dərhal protokollaşdırır. Yəni uşağı nəzarətsiz qoyduqda, ona heç nə olmasa belə, inzibati cəza tətbiq edilir. Amma biz Amerika təcrübəsini özümüzdə tətbiq etməyə məcbur deyilik. Lakin uşağın nəzarətsiz qoyulması ilə bağlı bizdə də konkret olaraq müəyyən məsuliyyət nəzərdə tutula bilər. Dəfələrlə şahidi olmuşuq ki, azyaşlı uşaq nəzarətsiz buraxıldığından pəncərəyə çıxıb və yıxılaraq ölüb. Bu cür faciələrin qarşısını almaq üçün düşünürəm ki, inzibati cəza tətbiq edilməlidir.
Bizim qanunda ehtiyatsızlıq ucbatından başqa insanın ölümü ilə bağlı cinayət məsuliyyəti var. Bunun valideynlə uşaq arasında da tətbiq etmək olar. Bunun tətbiq olunması üçün ölkəmizdə heç bir əngəl yoxdur. Bəs bunu niyə təsdiq etmirlər? Fikrimcə düşünürlər ki, onsuz da valideyn çox böyük faciəyə məruz qalıb və bilərəkdən övladının ölümünə səbəb olmayıb. İkinci bir tərəfdən qanuni bir sanksiya tətbiq edib, valideynin ağrısını daha da ağırlaşdırılmaq istəmirlər. Sözün düzü, bu məsələ ilə bağlı xarici ölkələrdə tətbiq edilən sanksiyaların ölkəmizdə də tətbiq edilməsinin tərəfdarı deyiləm. Çünki məlum olduğu kimi hazırda ölkənin özünəməxsus sosial çətinlikləri var, hər kəs dayə tuta bilmir və sairə. Bəs bu cür problemlərin qarşısını almaq üçün nə etmək olar? Düşünürəm ki, yeni ailə quran cütlüklərlə məişət zorakılığı və uşaq hüquqları ilə bağlı test imtahanı keçirmək lazımdır”.
Xalidə GƏRAY