qar

Qar yağdı, şaxta düşdü, viruslar necə, öldümü?

Baxış sayı: 940

Son günlər ictimai nəqliyyatda və küçələrdə kimə baxırsan, tibbi maska geyinib. Çünki ilin elə vaxtıdır ki, hər kəsin virus xəstəliklərinə yoluxması ehtimalı böyükdür. Üstəlik, Çində yayılan koronavirus xofu da cəmiyyəti ehtiyatlı olmağa vadar edir. Bir-birimizi yoluxdurduğumuz bu xəstəliklərin sayı və forması günü-gündən artır və dəyişir. Yaxınlarımızın da əziyyət çəkdiyi bu “bəla”dan qurtulmaq üçün hərə müxtəlif yollara əl atır. Adətən mütəxəssislər bu virusların belə sürtəli şəkildə yayılmasını qış aylarında temperaturun yüksək olması və şaxtanın olmaması ilə əlaqələndirirlər. Elə virusdan əziyyət çəkənlər də “qar yağsa, şaxta düşsəydi, viruslar da ölərdi” deyib, əsl qışı gözləyirdilər. Nəhayət, Azərbaycanda da qış havası hiss olundu. Son günlər ölkə ərazisində şaxtalı hava şəraiti müşahidə olunur. Bəs görəsən bu qarlı-şaxtalı havalar viruslara qalib gələ biləcəkmi? Ümumiyyətlə, bu xəstəliklərlə necə mübarizə aparmalıyıq?

 

Tibb üzrə ekspert, professor Adil Qeybulla bildirdi ki, belə havada geyimə diqqət edilməlidir. Həmçinin, virusdan qorunmaq üçün qida rasionunda meyvə-tərəvəzdən geniş istifadə edilməlidir: “Virus xəstəlikləri əvvəllər də mövcud olub. Hələ sovet dövründə bu xəstəlikləri kəskin respirator xəstəlikləri adlandırılırdı. Adətən bu soyuqdəymə xəstəlikləri el arasında qrip adlandırılır. Amma bilməliyik ki, bu soyuqdəymə xəstəliklərini qrip adlandırmaq olmaz. Çünki qrip konkret olaraq karantin infeksiyasıdır. Qrip yayıldıqda ÜST bu haqda elan verir və qripin növü təyin olunur. Tarixən qripin müxtəlif ağır növləri olub. Buna misal olaraq ispan qripi, donuz qripini nümunə göstərmək olar. Hələ sovet dövründə sahə həkimləri soyuqdəymə xəstəliklərindən əziyyət çəkənləri bülletenə çıxarırdı. Çünki bu, sürətlə yayıla bilən bir infeksiyadır. Virus xəstəliklərinin müxtəlif ştamları mövcuddur. Çində yaranan məşhur koronavirus xəstəliyi də bunların bir növü sayılır. Əslində bu xəstəliklər qeyd etdiyim kimi, hər il yayılır. Sadəcə olaraq, son illərdə virusların ştamları xeyli aqressivləşib. Ona görə də konkret müalicə bəzən effekt verməyə bilir. Bu zaman, adətən xəstələrin yuxarı tənəffüs yollarında iltihab yaranır. Daha sonra bədənin immun sistemi zəifləyir. Qripə bənzər əlamətlərlə müşahidə olunan bu xəstəliklər sonradan ciddi və təhlükəli problemlərə, bəzi hallarda ölümə gətirib çıxara bilir. Son illər hava şəraitinin də anomal keçməsi və qlobal iqlim dəyişikliyi virus xəstəliklərinin aktivləşməsinə gətirib çıxarıb. Qarın yağmamağı bu virusların qısa müddətdə çoxalmasına və daha çox insana yoluxmasına səbəb olur. İqlim təlatümləri, qışın isti keçməsi virusların fəallaşmasına gətirib çıxarır. Bir neçə gündür hava şəraiti şaxtalı və qarlı keçsə də, vəziyyət qənaətbəxş deyil. Bu xəstəlikdən əziyyət çəkənlərin sayı həddən artıqdır. Buna görə də, hər kəs öz sağlamlığının qeydinə qalmalıdır. Fiziki aktiv həyat tərzi və immun sistemini gücləndirən qidalardan istifadə edilməlidir. Meyvə və tərəvəzlərdən daha çox istifadə olunmalıdır. İdmanla məşğul olmaq sağlamlıq üçün çox vacibdir. Zərərli vərdişlərdən imtina etmək lazımdır. Belə havalarda geyimə xüsusi diqqət edilməlidir. Virus yoluxan şəxslər ictimaiyyət arasında olmamalı, yataq rejimində müalicə almalıdır”

Image result for QAR YAĞDI, ŞAXTA DÜŞDÜ, VİRUSLAR NECƏ, ÖLDÜMÜ?
Həkim pediatr Kənan Qarayev söylədi ki, hər il olduğu kimi bu il də virus xəstəlikləri əhali arasında geniş yayılıb: “Artıq bu virus xəstəliklərini normal hal kimi qəbul edirik. Çünki uzun müddətdir ki, qış aylarında temperatur yüksək olur. Şaxtanın, qarın olmaması xəstəliklərin daha da geniş arealda yayılmasına gətirib çıxarır. Qeyd edim ki, virus xəstəlikləri xüsusilə uşaqlar arasında geniş yayılıb. Çünki uşaqların immun sistemi böyüklərə nisbətən daha zəifdir. Uşaqların bədən müqaviməti tam formalaşmadığına görə, virus xəstəliklərinə tez bir zamanda yoluxurlar. Bir neçə mövsümdür ki, artıq ilin bu aylarında virus xəstəliklərdən əziyyət çəkənlərin sayı durmadan artır. Bəzilərində yuxarı, bəzilərində isə aşağı tənəffüs yollarını, bir sıra hallarda isə mədə-bağırsaq sistemini zədələyə bilir. 200-ə yaxın virus xəstəlikləri var və onlar öz ştamlarını tez-tez dəyişir. Uşaqlarda, adətən qızdırma, öskürək, ishal, qusma halları müşahidə olunur, bəzi hallarda isə pnevmaniya müşahidə oluna bilir. Valideynlər ilk növbədə virusa yoluxmuş uşaqları kollektivə buraxmamalıdır. Çünki bu, digər uşaqların da yoluxmasına gətirib çıxarır. Yaxşı olar ki, mövsümdən əvvəl uşaqlar peyvənd olunsun. Yeni doğulmuş uşaqlar isə mütləq ana südü qəbul etməlidir ki, bədənin müqaviməti artsın”.

Bir sözlə, həkimlərin məsləhətindən belə anlamaq olar ki, bir neçə günlük şaxtalı havaya ümid olmağa dəyməz. Viruslar o qədər çoxdurlar və geniş əraziləri əhatə edirlər ki, bir-iki gün yağan qar və şaxtalı hava onları öldürə bilməz. Qarlı və şaxtalı havaya arxayın olmadan, hər kəs öz sağlamlığının qayğısına qalmalıdır.

 

Şəbnəm Mehdizadə

 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir