dirsek

Qara və nahamar dirsəklər: SƏBƏBLƏRİ VƏ HƏLLİ

Baxış sayı: 1. 866

Bu pozulmanın adı “dirsəklərin hiperkeratozu”dur. Bu problemlə bir çox insanlar üzləşir.

Əksəriyyəti bunu yalnız kosmetik problem kimi və ya yaşla bağlı olan dəyişiklik kimi qiymətləndirir. Lakin bu problemin səbəbləri daha ciddi ola bilər.

– İlk növbədə dirsəklərin qara və nahamar olmasının səbəbi insanın masanın arxasında oturarkən dirsəklərini masaya dirəmək vərdişidir. Belə vərdişin nəticəsində dirsəklərin dərisi qalınlaşır, codlaşır və onun rəngi tündləşir. Beləliklə, əgər sizdə belə vərdiş varsa, ondan imtina edin.

– A və E vitaminlərinin çatışmazlığı zamanı dəri örtükləri (o cümlədən, dirsəklərin dərisi) quruyur və tündləşir. Bu halda insan öz qidalanmasına bu vitaminlərlə zəngin olan məhsulları daxil etməli və həkimin məsləhəti ilə tərkibində bu vitaminlər olan preparatlardan birini qəbul etməlidir.

– Digər səbəb endokrin sistemi xəstəlikləridir. Bu, daha ciddi problemdir. İlk növbədə belə pozulma hipotireoz (qalxanvari vəzinin fəaliyyətinin ləngiməsi) zamanı mümkündür. Hipotireoz zamanı orqanizmdə gedən mübadilə və s. vacib proseslərdə pozulmalar inkişaf edir və bu həmçinin dərinin vəziyyətinə də təsir edir – dəri quru və nahamar olur, qabıq verir. Təbii ki, hipotireoz bir çox digər simptomlarla da özünü büruzə verir. Bu simptomlar arasında: bədən çəkisinin “səbəbsiz olaraq” artması, soyuğa davamsızlıq, yuxululuq, xroniki yorğunluq, anemiya, xroniki qəbizlik, qadınlarda menstrual funksiyanın pozulması və s. Özünüzdə bu simptomları müşahidə etdikdə endokrinoloqa müraciət edin.

Dirsəklərin dərisini daha yumşaq etmək üçün onları soda əlavə olunmuş isti suda 10-15 dəqiqə ərzində saxlayın və sonra bədən üçün olan skrabla yaxşı təmizləyib üzərinə istənilən yağlı krem, vazelin, kosmetik yağı çəkin. Bu proseduru 10-15 gün ərzində hər gün edin.

Dirsəklərin dərisini ağartmaq üçün dərini limonun, xiyarın qabığı ilə hər gün sürtün. Qatıq da dərini yaxşı ağardır. Dirsəklərə qatıq sürtün, 15-20 dəqiqə gözləyin və sonra ilıq su ilə yuyun.

Kompreslər də yaxşı kömək edir. Zeytun yağını bir qədər qızdırın, yağda kətan parçanı isladın, dirsəyin üzərinə qoyun və plyonka ilə bağlayıb 1-2 saat ərzində saxlayın.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir