Yüz illər öncə atalarımız gözəl bir məsəl deyiblər: “Gəzməyə qərib ölkə, ölməyə vətən yaxşı”. Yəni haraları gəzsək də, yenə son mənzil olaraq vətənə qayıdırıq. Amma bir müddətdir ki, ataların bu sözü qüvvədən düşüb. Belə ki, gəzmək üçün qərib ölkələrə gedənlərin yolu bağlanıb, vətəndə qalıblar və sərhədlərin nə zaman açılacağı bəlli deyil. Qərib ölkələri gəzməyə vərdiş edənlər bu il yerli turizm xidmətlərindən faydalanacaqlar. Güman edilir ki, karantin bitdikdən, regionlar arasında gediş-gəliş bərpa edildikdən sonra pandemiya dövründə gəlirləri sıfıra düşən yerli turizm sektoru müəyyən qədər də olsa, dirçələcək. Qarşıdan yay fəslinin gəldiyini nəzərə alsaq, insanların yerli turizm xidmətlərindən istifadəsi qaçılmazdır. Hər il xaricə gedənlər belə bu il regionların təklif etdiyi xidmətdən yararlanacaqlar. Amma bu kimi məqamlarda sual yaranır: uzun müddətdir heç bir gəliri olmayan turizm obyektləri postpandemiya dövrü üçün hansı qiymət siyasətini tətbiq edəcək, qiymətlərdə nə kimi dəyişiklik müşahidə ediləcək?
Dövlət Turizm Agentliyinin mətbuat katibi Kənan Quluzadə deyir ki, postpandemiya dövründə turizm sahəsində qiymətlərin əlçatan olması, əhalinin heç olmasa, yay dövrü ərzində ölkə daxilində öz büdcələrinə uyğun istirahət edə bilməsi də vacib məsələlərdəndir: “Əsas məqsədimizdən biri karantinin bitdiyi ilk dövrlərdə əhalimizə regionlarda münasib qiymətlərlə yüksək səviyyəli xidmət göstərməkdir. Əslində, bazar da postböhran dövründə qiymətlərin aşağı olmasını diktə edir. Sərhədlər açıldıqdan, xarici turistlər yenidən Azərbaycana gəldikdən sonra qiymətlər bazar iqtisadiyyatının tələblərinə uyğun olaraq stabilləşəcək. Həmin dövrdə turizm sahəsində karantindən əvvəl mövcud olan qiymətlər də geri qayıda bilər. Amma biz istəyirik ki, ilk dövrdə regionlarda əhalimizə münasib qiymətlə, sərfəli və yüksək səviyyəli xidmət göstərilsin”.
K. Quluzadə Azərbaycanda turistlərin yerləşdirilməsi baxımından problemin olmadığını da qeyd edir.
Azərbaycan Turizm Assosiasiyasının icraçı direktoru Əhməd Qurbanovun sözlərinə görə, qiymətlərdə endirim olmasa belə, stabil qalacaq: “Sərhədlərin bağlı olduğu bir dönəmdə turizm şirkətləri getmə-gəlmə turizmi ilə məşğul ola bilmir. Ona görə, karantin bitdikdən sonra ilk növbədə daxili turizmin fəaliyyəti bərpa olacaq. Burada da əsas məsələlərdən biri qiymət siyasətinin necə olacağı ilə bağlıdır və bazarda əvvəlki kimi yox, yeni qaydalarla işləmək müzakirə mövzusudur. Dövlət Turizm Agentliyi də postpandemiya dövrü üçün qiymətlərin tənzimlənməsi baxımından bəzi fikirlər irəli sürüb. Bildirilib ki, qiymətlər yerli turistlər üçün əlçatan olmalıdır. Yəni qiymətlər elə olmalıdır ki, vətəndaşlarda bu turizm xidmətlərindən istifadə etməyə maraq yaransın. Ola bilsin ki, qiymətlərdə əvvəlki dövrlərlə müqayisədə müəyyən qədər də olsa, enmələr müşahidə olundu. Belə ki, vaxtı ilə xarici turistlərə təklif edilən qiymətlər yox, vətəndaşlarımızın cibinə uyğun qiymətlərlə bağlı müzakirələr aparılır. Düşünürəm ki, bu sahədə fəaliyyət göstərən sahibkarlar qiymətlərdə endirim etməsələr belə, onu stabil saxlayacaqlar”.
Turizm üzrə ekspert Ceyhun Aşurov isə bildirdi ki, növbəti mərhələ üçün qiymətdən də öncə otellərin sanitar gigiyenik qaydalara necə əməl edəcəyi əsas götürüləcək: “Karantin bitdikdən sonra, xüsusilə də mövsümlə əlaqədar olaraq yerli turistlərin regionlara bir, iki günlük səfərləri gözləniləndir. Bu zaman bazarda müəyyən tələb yaranacaq və görünən odur ki, bir sıra otellər qiymət siyasətində dəyişiklik edəcəklər. Regionlarda olan bəzi böyük otellər müəyyən kompaniyalara başlayıblar. Otellər ilk gələcək “qaranquş turistlər” üçün maraqlı, stimullaşdırıcı təkliflər hazırlayırlar. Qiymət məsələsinə gəlincə isə ciddi qiymət artımından söhbət gedə bilməz. Əksinə, turist cəlb etmək üçün endirimə gedənlər də var. Çünki başa düşürlər ki, gəlirləri birbaşa olaraq yerli turistlərdən asılıdır. Bundan başqa növbəti mərhələdə otellərin qiymələri yox, sanitar gigiyenik qaydalara nə dərəcədə əməl etdikləri önəmli olacaq. Turistlərin də əsas gözləntisi bu istiqamətdə formalaşacaq”.
Ekspertlər qiymət artımının olmayacağını qeyd edir, maraqlıdır, otellər postpandemiya dövrü üçün nə düşünürlər?
“Qalaaltı hotel& spa”nın marketinq meneceri Fəxri Qafarlı qeyd edir ki, yay mövsümi üçün endirim kampaniyaları olacaq: “Hazırda qiymətlər üzərində işləyirik, lakin hələ ki, dəqiq bir rəqəm demək mümkün deyil. Amma uzunmüddətli və davamlı endirimli kampaniyalarının olması gözlənilir və bu kampaniyalar da qarşıdakı mövsüm üçün qüvvədə olacaq. Normalda yay mövsümündə qiymətlər yüksək olurdu, amma mövcud şəraiti nəzərə alaraq müəyyən endirimlər edəcəyik. Bu endirimlər həm yerli turizm şirkətlərinə, həm də yerli turistlərə şamil olunacaq”.
“Qiymət siyasəti tələb və təkliflə bağlı olan nüansdır” deyən “Ramada Plaza Gəncə” otelinin baş meneceri Emin Həsənov söyləyir ki, tələb artdıqca, otellər qiyməti qaldıracaq, tələb azaldıqca endirimlər olacaq: “Hazırda bölgə otellərinin böyük əksəriyyətində qiymətlərdə 20, 30% endirimlər var. Bu otellər otaq saylarının 90%-ni rezerv etdirdikdən sonra qalan 10%-də qiyməti qaldıracaqlar və bu, olduqca normal bir prosesdir. Düşünürəm ki, karantin rejimi ləğv edildikdən, regionlara gediş-gəliş bərpa edildikdən sonra ölkədaxili turizmdə “boom” yaşanacaq. Bu isə bir ay çəkəcək, bir ay ərzində otellər tam dolu olacaq. Məsələyə pessimist yanaşmaq istəmirəm, amma real olan budur ki, 1 aydan sonra otel sektorunu ciddi böhran və müştəri qıtlığı gözləyir. Böhran dövründə otellər böyük endirimlər etməyə, korporativ müştərilərlə daha çox işləməyə məcbur olacaqlar”.
Günel Azadə