FOT

Qardaşının evdən qovduğu bacının acı həyat hekayəti – FOTOLAR

Baxış sayı: 1. 447
Sumqayıt şəhəri, 3-cü mikrorayon, Heydər Əliyev prospektində ana və oğlu gecələyir. Bəzilərinin qorxub küçədən belə qovduğu, bəzilərinin isə yazığı gəlib mərhəmət göstərdiyi bu qadınla övladının acınacaqlı keçmişi var. Gencaile.az publika.az-a istinadən illərdir küçələrdə qalan ikilinin ürəkparçalayan həyat hekayəsini təqdim edir:
.
Atam mətbəxi mənə ayırdı
Söhbət əsnasında məlum oldu ki, Zemfira Seyfulla qızı Kazoyeva 1971-ci ildə Qırğızıstanda doğulub: “1990-cı ildə ailəliklə Xaçmazın Rəhimoba kəndinə köçdük. Beşotaqlı həyət evimiz vardı. Beş bacı, iki qardaş idik. Sonradan anamla bacılarımdan biri yenidən Qırğızıstana qayıtdı”.
Ata evində bir neçə il yaşayan qadın 26 yaşında ailə qurub: “Həyat yoldaşım narkoman idi. Hər gün məni döyürdü. İşgəncə verdiyinə görə ərimdən boşanmalı oldum. Ayrılarkən hamilə idim. Atam dedi ki, sənin balan mənim övladımdır, evimizdə qal. Evin kiçik mətbəxini mənə ayırdı. Oradan yataq otağı və mətbəx kimi istifadə edirdim”.
Ata evində 4 il yaşayan qadın öz kiçik təsərrüfatında çalışıb övladını dolandırırdı: “İnək sağır, pendir-süd, yağ, qaymaq satmaqla pul qazanırdım. Qardaşım Tahir evimizə qayıtdığımı eşidən kimi ailəsini də götürüb Rəhimobaya gəldi. Ata evində məskunlaşan Tahir məni incitməyə başladı. Deyirdi ki, evdən çıx, özünə gün ağla. Bura mənim evimdir.
Bir gün mətbəxə girib, heç bir səbəb olmadan mənə təpik vurdu. Atamı köməyə çağırdım. Qardaşımdan məni vurmasının səbəbini soruşanda Tahir başını aşağı dikib cavab vermədi”.
.
Məni güclə qadının əlindən aldılar
Lakin azyaşlı uşağı ilə ata evinə sığınmış qadının əzablı günləri bununla yekunlaşmır: “Bir gün qardaşımın həyat yoldaşı Sənubər saçlarımdan tutub məni həyətdə sürüməyə başladı. Harayıma qonşular gəldi. Məni onun əlindən güclə aldılar. Sənubərə dedilər ki, onu incitmə, Allahın qəzəbinə gələrsən, əllərin quruyar. O isə cavabında dedi ki, mən istəmirəm Zemfira bu evdə yaşasın. Bununla ürəyi soyumayan Sənubər daha sonra hirsini evdəki qablardan çıxmağa başladı”.
Zemfiranı evdən çıxarmağa çalışan qardaşı Tahir tez-tez bacısını narahat edirdi: “Bir gün səhər Tahir gözlənilmədən qapının cəftəsini qırıb mətbəxə daxil oldu. Uşağı qucaqlayıb yatmışdım. Gecə paltarında olduğumdan çox utandım. Soruşdum ki, Tahir nə olub? Yenə heç bir söz demədi. Bunu atama dedim, o da qardaşımı danladı.
 Hərdən Soltan qonşu otaqda oynayırdı. Körpə bəzən ağlaya-ağlaya, yanağı qızarmış halda yanıma qaçırdı. Sən demə, qardaşımın arvadı onun yanaqlarını çimdikləyirmiş. Uşağı bir neçə dəfə soyundurub baxdım, bədəninin ayrı-ayrı yerləri qızarmışdı. Sənubər ona görə belə edirdi ki, oğlum bizim qaldığımız mətbəxdən çölə çıxmasın”.
Zemfiranın yeganə müdafiəçisi olan atası da günlərin birində qızından imtina edir: “Yağışlı gündə qardaşım mətbəxə girib heç bir səbəb olmadan mənə sillə vurdu. Dedi ki, evdən çıx get. Bundan sonra qulağımdan dartıb qışqırdı ki, arvadım sənə görə qab-qacağı sındırır. Get, kirayədə yaşa.
Qardaşım bizi çox incitdiyindən atam evdən çıxmağı məsləhət gördü. Dedi ki, qızım, uşağını da götür, evdən çıx. Bunlar səni də, övladını da öldürəcəklər. 2002-ci ilin noyabrında əşyalarımı yığışdırıb uşağımı da götürüb ata evini tərk etdim”.
.
Pirojki satan qadın 4 yaşlı uşağıma bulka verdi, mənsə ac qaldım
Ata evindən qovulan qadın uşağı ilə bir neçə saat dayanacaqda yağışın kəsməsini gözləməli olur: “Yağış kəsəndən sonra yola çıxdım. Bir gün Xaçmaz avtovağzalında qaldım. Orda tum, pirojki satan qadın 4 yaşlı uşağıma bulka verdi. Mən özüm ac qaldım. Bir neçə gün ayrı-ayrı kəndlərdə qalandan sonra avtomobil ustası Saməddin adlı kişi bizə 1 otaqlı ev verdi. Dedi, divarları təmir edib yaşayın. 5 ay həmin evdə yaşadım. Həyat yoldaşı məni qısqandığı üçün o evdən də çıxmalı olduq”.
Buradan ayrılan ana-bala Zoya adlı qadının evinə pənah gətirir: “Həmin vaxt 3 aylıq uşaq pulunu kirayə pulu kimi bu qadına verdim. Onun evində cəmi 2 ay yaşaya bildim. Ora başqa ailə köçdüyü üçün bu evi də tərk etməli olduq.
Sonra Xaçmaz avtovağzalının yaxınlığındakı gözətçi damında yaşamalı olduq. Orada işləyən Hüseynağa adlı kişi bizə sığınacaq verdi. Gözətçi damı 1 il bizim evimiz oldu”.
Maddi sıxıntılarla üzləşən qadın kafelərdən birinə işə düzəlib xidmətçi kimi çalışmağa başlayır: “Ancaq kafe sahibi pulumu kəsdi və məni aldatdı. Buna görə kafedən çıxdım.
Az sonra şadlıq sarayına işə girdim. Orada işləməyə başladım. 7 yaşlı oğlumla şadlıq sarayının otaqlarından birində gecələyir, qabları yumaqla yanaşı, mərasim zallarını da silib-süpürürdüm. Normal zəhmət haqqı alırdım deyə pul yığmağa başlamışdım. Pullarımı yastığımın altına qoyurdum. Sən demə, ofisiantlardan biri bunu görübmüş.
Bir gün xəbər tutdum ki, Atabəy adlı həmin oğlan təxminən 300 manata yaxın pulumu götürüb. Onunla mübahisə etdiyim üçün müdir məni işdən qovdu”.
.
Beş il Bakı avtovağzalında gecələdik
Zemfira atası ilə görüşüb evə qayıtmaq istədiyini desə də, Seyfulla kişi oğlunun evdə yaşamasını bəhanə gətirərək razılaşmır: “Dedi ki, qızım, Tahir öz ailəsi ilə Türkiyəyə köçəcək, bundan sonra evə qayıdarsan. Qərara aldım ki, Bakıya gəlim. Beş il oğlumla Bakı avtovağzalında gecələdik. Bir il Nərimanov rayonundakı parkda qaldıq. Lakin orda qalmağa icazə vermirdilər deyə bir qadının evinə köçdük. Həmin qadına hər gün kirayə haqqı olaraq 2 manat verirdik. Evdə bizdən başqa evsizlər də qalırdı”.
Bakıda dolanışıqları daha da çətinləşən ana və oğlu Sumqayıta köçür: “Şəhərin yaşayış binalarının damlarında, dəhlizlərində gecələməyə məcbur olduq. Sənədlərimi Sumqayıta gələndə elektrik qatarında itirdim.
Bacılarım sağdır, amma əlaqələrimiz yoxdur. Atam 2014-cü ildə dünyasını dəyişdi. O, rəhmətə gedən kimi qardaşım Xaçmazdakı evimizi satdı. Halbuki həmin mənzildə mən və rəhmətlik atam da qeydiyyatda idik. Qardaşımın isə qeydiyyatı yox idi. Buna necə nail olmuşdu, bilmirəm”, – deyə Zemfira ürəkağrısı ilə söylədi.
.
Avaralar, narkomanlar küçəni də bizə çox görürlər
Müsahibim bildirir ki, ümidi hər yerdən üzülüb: “13 ildən çoxdur oğlumla küçələrdəyəm. İndi övladımın 17 yaşı var. Kafe və restoranlarda cəmi bir neçə gün işlədirlər. Əlləri əsdiyindən işdən çıxarırlar. Körpə yaşlarından küçələrdə yatmaqdan xəstəlik tapıb”.
Zemfira Kazoyevanın oğlu Soltan Kazoyev yalnız qısamüddətli işlərdə çalışaraq anasına kömək etdiyini dedi: “Sağ olsunlar, yaxşı adamlar kömək edirlər, səhhətimlə əlaqədar işləyə bilmirəm. Zibil qutularının yaxınlığında, küçədə yatırıq. Təxminən 1 aydır burda gecələyirik. Ancaq avaralar, narkomanlar küçəni da bizə çox görürlər. Bəzən gecələr gəlib qorxudurlar.
Əvvəllər binaların damında yatırdıq. Buna da imkan vermirdilər. Neçə dəfə polis çağırıblar. Lakin həmin damı da üzümüzə bağladılar. Qışda nə edəcəyik, bilmirəm”.
  




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir