enver Abbasov

“Qardaşlar” serialının “Bayram”ı: “Reytinqi qadınlar gətirir” – MÜSAHİBƏ

Baxış sayı: 2. 553

Komediya seriallarımızın ssenarisi ilə bağlı kino mütəxəssisləri sərt açıqlamalar verirlər. Əvvəllər komediya janrında hazırlanan tele-tamaşaların keyfiyyətindən bəhs edərək, bugünkü serialları mənasız gülüş adlandırırlar. Ancaq danılmaz faktdır ki, indiki dövrün tamaşaçıları məhz komediya filmlərini izləyir və seriallardakı qəhrəmanları əzbər tanıyırlar. Elə reytinqlər də bunu sübut edir.
Mövzumuzla bağlı tanınmış aktyor, komediya janrında film və serialların ssenaristi Ənvər Abbasovla danışdıq. Müsahibimiz bizimlə söhbətində komediya janrına olan tələbatdan, bu mövzuda çəkilən filmlərin qazandığı reytinqdən danışdı. Suallarımızı zarafatqarışıq cavablandıran ssenarist, əslində son zamanlar komediyaya yönəlik bu tənqidi baxışların səbəbini də açıqladı. Aktyor 20 ilə yaxındır ki, komediya seriallarına ssenari yazdığını və işinə tam bələd olduğunu da vurğuladı.

– Ənvər bəy, ssenari yazarkən ən çox nəyə diqqət yetirirsiniz?
– Ssenarini yazarkən çalışırıq ki, məişətdə olan problemləri işıqlandıraq. Çünki bu problemlərin ekranda öz həllini tapması tamaşaçılar tərəfindən daha da maraqla qarşılanır. Hər bir ailədə baş vermiş problemdən yazanda onlar özlərini serialın içində görürlər. Bu da serialı baxımlı edir. Bundan əlavə, gündəmi də nəzərdə saxlayaraq ona uyğun ssenari yazırıq.

– Bəzən bu günün komediyalarını yüngül mənalı, asan başa gələn kimi təqdim edib, onların ötən əsrin 60-70-ci illərinin komediya tele-tamaşalarına çata bilməyəcəyini deyirlər…
– Mütəmadi olaraq köhnə komediyalarımızı izləyirəm. O vaxt elə yumorlara gülürdülər. İndi tamaşaçıların gülüş obyektləri dəyişib. XXI əsrdir. İndi biz ötən əsrin 60-70-ci illərinin yumorunu çəksək, bu günün tamaşaçısı ona gülməyəcək. Müasir aktyorlar çəkildiyi seriallarda həmin illər deyilən sözləri işlətsələr, bu çox gülməli və süni alınar. Əsr dəyişdikcə, yumor da, insanların zövqü də dəyişir. Faktdır ki, bu gün kinoteatrlarda dram filmlərinə baxılmır. Ən çox tamaşaçı cəlb edən filmlər komediya janrında olanlardır.

– Bəs siz kinoteatrlarda nümayiş olunan komediya filmlərini izləyirsinizmi?
– Əlbəttə. Onların içərisində ən yaxşısı kimi “Oğlan evi”ni misal gətirə bilərəm. Yerli komediya filmlərimiz çəkilməyə başlayandan təxminən 30-a yaxın film ərsəyə gətirilib. Onların ancaq 7-8-i tutarlı olub. Yerdə qalan filmlər ziyana işləyib. Elə rejissorlar var ki, reytinq əldə edən filmlərə baxıb, həvəsə gəlirlər. Fikirləşirlər ki, onlar nə çəksələr, tamaşaçılar ona baxacaqlar. Film çəkərkən orada yer alan aktyor, rejissor, ssenarist böyük önəm daşıyır.

– Filmin ssenarisini oxuyanda öncədən bilmək olurmu ki, bu, tutarlı olacaq, yoxsa yox?
– Ssenari ilə əvvəlcədən tanış olanda, 90 faiz əmin oluruq ki, bu layihə tutacaq. 20 ilə yaxındır ki, komediya janrında ssenari yazırıq və bu işlə məşğuluq. Bilirik ki, tamaşaçı nəyə daha çox gülür. Bəzən öz aramızda zarafat edirik və bu bizə çox gülməli gəlir. Ancaq bu zarafat çevrəmizdəki insanlara o qədər də gülməli gəlmir. Əksər rejissorlar belə hadisələri götürüb film çəkirlər. Biz isə yalnız özümüzə gülməli gələn hadisələrdən heç vaxt film çəkməmişik. Müşahidələr aparırıq, baxırıq ki, tamaşaçılarımız ən çox nəyə gülür. Biz artıq tamaşaçıların damarını tutmuşuq.

– Çalışdığınız prodakşn artıq dördüncü filmini – “Kişi sözü”nü çəkdi. Bu filmi çəkmək üçün tələbat var idimi?
– Biz istəyirik ki, gələn il beşinci serialı çəkək (gülür). İstəyirik ki, çəkdiyimiz seriallar davamlı olsun. Əlbəttə ki, tələbat var. Çəkdikcə görürük ki, tamaşaçılar bəyənir, reytinqlərdə ön cərgələrdə yer alır. Biz də izləyicilərimizin zövqünü nəzərə alırıq. Tələbat olmasa, çəkmərik.

Dördüncü serialın meydana gəldiyini gördükdə, düşündük ki, artıq “Bacanaqlar” bitir. Ancaq elə olmadı…

– Əslində yaradıcı heyətdə məndən başqa hamı istəyirdi ki, “Bacanaqlar” serialını yekunlaşdıraq. Onlar elə düşünürlər ki, artıq tamaşaçılar yorulub, hər şeyi öz dadında qoysalar daha gözəldir. Ancaq mən elə düşünmürəm. “Bacanaqlar” artıq bir brenddir. Biz brend adını saxlamaq şərti ilə  hər il serialda yeniliklər edirik. Ad qalır, obrazlar qalır, ideyanı dəyişirik. İstəyirəm ki, bu serial davam etsin, ən uzun serial olaraq bir rekorda imza ataq.

– Deyəsən ATV-nin komediya siması olaraq efiri doldurmaq niyyətindəsiniz.
– (Gülür) Yəni, elə də demək olar. Ancaq bizdən əlavə, “Bozbash pictures” komandası var. Bu ildən efirimizdə nümayiş olunan “Ər və arvad” serialı da komediya janrındadır və onun da öz izləyici kütləsi var. Ancaq qeyd edim ki, şənbə-bazar ATV-də komediya günləridir (gülürük).

– Ənvər bəy, sizi komik aktyor kimi tanıyırıq. Bəs özünüzü dram janrında sınamağı düşünmüsünüzmü?
– Əslində yumoristik aktyorun dramatik obraz canlandırmağının tərəfdarı deyiləm. Ancaq nə zamansa mənfi bir obrazı canlandırmağı çox istəyərdim. Dram olsa, acı bir adamı oynamaq istəyərdim. Əgər komediya aktyoruyamsa, komediyada da qalım, məncə, belə daha yaxşı olar.

– Bizdə nə üçün dram janrı populyar deyil?
– Sevgidən bəhs edən dram janrı hələ ki özünü doğrultmayıb. Bəlkə də insanların zəif nöqtələrinə toxunsa, haradasa baxımlı ola bilər. Çünki efirin qarşısında daha çox qadınlar olur, seriallara baxanların əksəriyyətini qadınlar təşkil edir. Reytinqi qadınlar gətirir. Saat 6-dan 11-ə qədər pult onların əlində olur. Kimin “duxu” nədir onların əlindən pultu alsın. Efir üçün dram baxımlı olar, ancaq kinoteatr üçün o qədər də yox. Biz reytinqə işləyirik. Dramın da, komediyanın da öz tamaşaçıları var. Həftəlik olaraq reytinq cədvəlini izləyirəm və şahidi oluram ki, ATV-də yayımlanan, dram janrında çəkilən “Vicdan haqqı” serialı kifayət qədər reytinq gətirir. Artıq yeni filmlər də çəkilməkdədir. Reytinqlər demək olar ki, enmir. Hər serialın öz tamaşaçı kütləsi var.

– Ötən həftə rejissor Kənan M.M şikayətləndi ki, dram janrında film çəkən rejissorların vəziyyəti yaxşı deyil. Hətta dilənçi vəziyyətindədirlər.
– İnandırım sizi, Kənanı danışdırmasanız da, ağlayacaq (gülür). Bu onun ən böyük problemidir. Biz onunla bu mövzunu çox müzakirə etmişik. Düzdür, kinoteatrlarımızda nümayiş olunan dram janrlı filmlərimizə az baxılır. Çox insan kinoteatra əylənmək üçün gedir. Kinoteatra daha çox cavan təbəqə gedir ki, əylənsin, istirahət etsin. Misal üçün, mən özümdən götürürəm. Əgər asudə vaxt keçirmək üçün kinoteatra gedirəmsə, heç vaxt dram filmini seçmərəm. Komediyaya baxıb əylənmək istəyərəm. Kinoteatr bir istirahət növüdür.

– Deyirsiniz ki, əylənmək üçün dramı seçmirlər. Ancaq kinoteatrlarımıza hər hansı türk dramı gələndə, tamaşaçılarımız onu çox izləyir. Demək ki, daxilimizdə dram sevgisi də var.  
– Demirəm yoxdur. Türkiyədən gələn filmlərdən ən çox izləmə toplayan 60 min izləyicidir. O da ki, Receb İvedikin filmi olub. Əvvəllər bu bizim üçün rekord bir say idi. Ancaq indi bizim bir komediya filmimiz çəkilsə, ona 60 min adam baxsa, heç onun pulunu çıxarmayacaq.

– Çox sevindirici haldır ki, bu gün kinoteatrlarımızda yerli filmlərimiz əcnəbi filmlərlə rəqabətdədir.
– Əslində bu çox yaxşı haldır. Yerli filmlərə tələbat da var. İnsanlar bilet alıb yerli filmlərə baxırlar. Gəlir gətirənlərin ən çoxu da elə yerli filmlərimizdir. Ən rekord say “Bozbash pictures”in baxış sayıdır. İkinci yerdə “Xoxan”, üçüncü yerdə isə “Oğlan evi”dir. Yəni ən çox izlənilən filmlərin ilk üçü komediya filmidir.

– Komediya filmlərinin gəlir gətirməsi, bir növ, dram janrından film çəkən rejissorların “çörəyini əlindən alıb”.
– (gülürük) Qorxuram ki, onlar da istiqamətlərini dəyişib, komediyaya meyil göstərsinlər.

– Ənvər bəy, yeni film necə, varmı?
– Dekabrda ssenari müəllifi olduğum “Naxox” filmi təqdim olunacaq. Bu da “Xoxan” filminin ikinci hissəsidir. Birinci hissəsi çox maraqlı oldu, ona dörə davamını çəkmək qərarına gəldik. Özümün isə aktyor kimi oynadığım yeni filmlərdən “Bozbash pictures”in çəkdiyi “Stalinin başı” filmidir. Həmin film martda kinoteatrlarda nümayiş olunacaq.  Orada türmənin rəisi rolunu canlandırıram. Filmdə Gürcüstana qədər gedib çıxmışıq.
Artıq filmlərə ssenari yazmaq istəmirəm. Çünki film çox məsuliyyətli və ağır bir janrdır. Filmə çox pul xərclənir. Film yazarkən düşünürük ki, birdən yazarıq, tamaşaçı baxmaz. Bütün bunları nəzərə alırıq. Düzdür, indiyə qədər elə hallarla rastlaşmamışam. Ancaq yenə də onun bir qorxusu var. Serialları yazırıq, bir az istirahətimiz olur, onda da film yazırıq. İndən sonra hər hansı filmə ssenari yazsam, o da öz komandamız üçün olacaq.

– Gördüyümüz qədəri ilə, aktyor kimi çalışmaq ssenarist olmaqdan daha asandır.

– Aktyor kimi oynamağa nə var ki? Ssenarini oxudun, obraza girdin, vəssalam. Ancaq ssenarini yazanda düşünürsən ki, görəsən yazdığım ssenarini tamaşaçı izləyəcəkmi? Maraqlı olacaqmı? Ssenari yazmaq çox çətindir. Biz zülm çəkirik.

– Aktyor kimi rol aldığınız “Qardaşlar” serialının növbəti bölümlərində tamaşaçıları nələr gözləyəcək?
– Əslində biz mövsüm başlayanda lazımi yenilikləri etmişik. Tamaşaçı bu yeniliklərdən doyandan sonra ola bilsin ki, yanvardan başqa yeniliklərimiz də olsun. Əsas odur ki, serialda mən varlanmışam.

– Daha Bayram toylara da getmir…

– (gülürük) Varlanandan sonra toylara getmirəm, özüm klarnet çalanlara şirinlik verirəm. (Kaspi.az)




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir