Appendiks əməliyyatı bir çox ölkələrdə ən çox həyata keçirilən təcili cərrahi əməliyyat hesab edilir.
Bəs appendiks özü nədir?
Latınca appendiks vermiformis (processus vermiformis s. appendix – BNA) deyilir. Onun uzunluğu çox müxtəlifdir. Belə ki, 2 sm-dən 20 sm-ə qədər ola bilir. Orta hesabla 7-9 sm-ə çatır. İçərisi boşdur və latınca ostium appendicis vermiformis adlanan dəlik vasitəsilə kor bağırsağa açılır. Həmin dəliyin ətrafında selikli qişadan əmələ gəlmiş və aypara şəklində bir qapaq vardır. Yenidöğulmuşlarda kor bağırsaq yavaş-yavaş soxulcanabənzər çıxıntıya keçir, belə ki, onların hüdudu bir o qədər məlum olmur. Kor bağırsağın (Apendiksin) gizlin iltihablanması və partlaması hətta ölümə belə səbəb ola bilər.
Bəs Apendiksin orqanizmdə nə kimi rolu var?
Kliniki Tibbi Mərkəzin cərrahı Rövşən İbrahimov apendiksin insan orqanizmi üçün lazımlı orqan olduğunu xatırladır: “Hər bir orqan insan üçün lazımlıdır. Patoloji prosesə cəlb olunmuş appendiksi mütləq çıxarmaq lazımdır. Lakin əgər həmin orqanda başlamış patoloji proses cərrahi müdaxilə tələb edirsə mütləq götürülməlidir”.
R.İbrahimov bildirir ki, il ərzində min nəfərdən beşi bu xəstəliyə görə əməliyyat olunur.
Bəs appendiks hansı hallarda götürülməlidir?
Həkimin sözlərinə görə, qarın boşluğunun ən geniş yayılmış kəskin xəstəliyi hesab olunan appendiks korbağırsağın soxulcanabənzər çıxıntısının iltihabıdır: “Əgər qarında əvvəllər rastlaşmadığınız ağrı başlayarsa qətiyyən ağrıkəsicidən istifadə etmək olmaz. Mütləq cərraha müraciət etmək lazımdır. Adətən xəstələrin 20 faizi ağırlaşdıqdan sonra həkimə müraciət edirlər. Bu da xəstənin həyatı üçün riskli olur. Appendiksin qarın boşluğunda yerləşməsi fərqli ola bildiyindən əsasən rast gəlinən sağ qalça nahiyəsindən başqa yerlərə də vura bilər. Buna görə də qarında olan hər hansı bir ağrı zamanı həkimə müraciət etmək vacibdir”.
R.İbrahimov onu da əlavə edir ki, ötən illərə nisbətən bu xəstəlikdən ölənlərin sayı azalmaqdadır. Bunu isə xəstələrin həkimə daha tez müraciət etməsi, diaqnostik imkanların artması və daha yeni nəsil antibiotiklərin tətbiqi ilə əlaqədardır.