O tanıdığım qəddar qayınanaların ən zalımıdır. Əqrəbam olsa da, gəlinə verdiyi zülmə görə onu sevmirəm. Ümümən pis insan deyil, qohum-qonşunun xeyrinə-şərinə yarıyan, əliaçıq, canıyanan adamdır. Eşidəndə ki, kimsə xəstələnib qabağa düşüb həkimə aparar, imkansızdırsa, dərmanını alar. Qonaq gedəndə evində yaxşı nəyi varsa, süfrəyə düzər, xəsislik etməz.
İntəhası gəlinə göz verib, işıq vermir. Özü də qızı Çimnaz xalanın özü bəyənib, gözünün ağı-qarası tək oğluna alıb. Yoldaşı tez rəhmətə getdiyindən Fuadı təkbaşına böyüdüb. Oğluna hədsiz düşkündür, onunla nəfəs alır. Fuad da anasına bağlıdır, bir sözünü iki etməz. Evlənmək yaşı çatanda Çimnaz xala dedi ki, balama Gəncənin ən gözəl qızını alacağam. Zümrüdü neçə qızın içindən seçib, elçi getdi. Apardığı xonçaya, qır-qızıla da söz ola bilməzdi. Yadımdadır, gəlinlik donunu “prakat”a da götürmədi, Moskvadan alıb gətirdi. Nə isə, toyadək hər şey yolunda idi.
İlk davaları düşəndə heç kim ciddi qəbul etmədi. Dedilər yeni qurulan ailədir, söz-söhbətin olması normaldır, zamanla düzələcək, çəkişməsən bərkiməzsən-filan. Amma tərsinə oldu, bunların münaqişəsi getdikcə daha da böyüdü. Bir də eşitdik ki, anası Zümrüdü götürüb aparıb.
Bu hadisədən sonra dava-dalaşın səbəbi ortaya çıxdı, sən demə əsas problem ər-arvad münaqişəsi deyil, gəlin-qaynana söhbətidir.
Niyə Zümrüdlə dalaşdığını öyrənəndə Çimnaz xala dedi ki, qız pintidir, tənbəldir, oğluma ürəklə qulluq etmir, ərinə cavab qaytarır, yaxşı ütüləyə bilmir, qara çayı qaynadır və s. Qadın bunları yana-yana danışır, arada bir ikiəlli başına qapaz çırpıb, “Bunun kimi qanmazı alıb öz əlimlə balamı bədbəxt etdim!”- deyirdi.
Çimnaz xala qətiyyən özündə günah görmür, münaqişənin tək səbəbkarı Zümrüdü bilirdi: “ İki gündən bir qızın şkafına göz gəzdirirəm. Paltarları necə sərgidən yığır, eləcə də şkafa dürdür. Əlinin səliqə-sahmanı da yoxdur. Bu qırğından 1 həftə əvvəl də başqa davamız oldu. Deməli gecə divarın bu tərəfindən qulaq asıram, görürəm ki, Fuada naz edir, uşağı yaxın buraxmır, guya kişinin qızı küsüb. Səhərədək əsəbdən yata bilmədim. Yuxudan duran kimi Zümrüdü çağırıb biabır etdim. Dedim ki, mən səni bu evə niyə gəlin gətirmişəm?”
Elə onu da Çimnaz xala özü danışdı ki, hirslənəndə gəlinin saçını yolur, “domaşniki” qızın başına çırpır. Sonuncu davada cumub Zümrüdün saçından yapışıb, gəlin də onu itələyib, Çimnaz xala yerə yıxılıb. Bunu görən Fuad arvadına hücum edib, o ki var əzişdirib. Nə isə, ağsaqqallar ortaya düşüb, bunları birtəhər barışdırdı. Amma günü bu gün də davaları kəsmir.
Başqa davakar qaynanalar da tanıyıram. Biri var, o lap qəribədir. Deyinir ki, oğlum işdən evə gəlir, cəmi 2 saat keçmir ki, gəlin otağından xələtdə çıxır. Tez-tez yaxınlıq eləmələrinə acığı tutur. Hələ oğlu ilə arvadının sevgisinə, mehribançılığına dözməyib, aralarını vurmaq üçün öz gəlininə cadu edənlər də olur.
Gəlin-qaynana davasına çox misal çəkmək olar, elə öz qohum-əqrəbalarınızda yəqin kifayət qədər nümunələr var. Bəs niyə gəlin-qaynana davası baş verir? Bax əsas mələsə budur.
Demək bir dəfə qadınlar arasında “Sizcə, niyə qaynana-gəlin münaqişələri baş verir?” sualı ilə sorğu keçirdim. Ən çox səslənən cavab bu oldu: qısqanclıq. Hətta bir qaynana özü etiraf etdi ki, oğlum işdən gələndə gəlin məndən əvvəl onun qabağına yüyürür, hirslənirəm.
Bəlkə də kimlərsə razılaşmayacaq, amma məncə də problemin kökündə daha çox qısqanclıq və rəqabət dayanır. Amma bütün qəbahət tək qayınanada deyil, gəlininin də bu davada az payı yoxdur.
Əvvəl ana-oğul münasibətinə baxaq. Bir qadın təsəvvür edin ki, doğandan ta ayaq tutub yeriyənəcən, böyüyənəcən oğlunun yanında, həyatının tam mərkəzində olur. Amma illər ötdükcə ətəyindən tutub addım atan övladı ondan yavaş-yavaş uzaqlaşır. Əvvəl əzizləməklərinə etiraz edir, “Mən uşaq deyiləm, daha Totu demə, saçımı darama”,-söyləyir, sonra ad günlərini ailədən kənarda, dostları ilə qeyd edir, yığdığı pula daha anasına yox, sevdiyi qıza hədiyyə alır, “Vaxtım yoxdur”- deyib, sevgilisi ilə saatlarla telefonla danışır və s. Bunlar ananın nəzərindən yayınmır. O da başa düşür ki, oğlu əvvəlki uşaq deyil, böyüdükcə həyatına yeni insanlar daxil olur, balasının öncəlikləri təzələnir. Bütün reallığa və dəyişikliklərə rəğmən ana oğlunun həyatındakı mərkəzi yerini əldən vermək istəmir. Övladının həyatında ilk qadın o olub, birinci qadın da qalmağa israrlıdır. Bu postu heç kimə, xüsusən də həmcinsi olan gəlinə əsla güzəştə getmək istəmir. Çünki haqqı çatdığını düşünür. Yəqin “Mən anamı sevgilimə dəyişmərəm” şeirini göz yaşı ilə dinləyən anaları görübsünüz.
İndi keçək gəlinə. Arvad da fikirləşir ki, ərimin həyat yoldaşı, uşaqlarının anasıyam, deməli həyatında birinci qadın da mən olmalıyam. Bayramlarda ilk məni təbrik etməli, ən yaxşı hədiyyəni mənə almalı, əgər anası ilə davamız düşərsə, mənim tərəfimi saxlamalıdı. Gəlin ilk gündən birinci olmağa iddialıdır, özünü anadan daha vacib və yaxın hesab edir. Bacardığı qədər qaynananı mərkəzi yerindən sürüşdürməyə səy göstərir, özəl günləri əri ilə baş-başa (qayınanasız) keçirməyə çalışır və s. Gəlinin birincilik iddiası və cəhdləri qaynana tərəfindən qısqanclıqla qarşılanır. Beləcə dava qızışır.
Gəlin-qaynana münaqişəsində ən çox zərər isə oğlana dəyir. İki od arasında qalır. Hər nə qədər “Hərənizin öz yeri var”-desə də rəqiblər birincilik istəyindən və mücadiləsindən əl çəkmir. Xüsusən də Çimnaz xala kimi tək oğlu olan analar bu məsələdə daha həssas olur.
Bu cür, yəni qısqanclıq və rəqabətdən doğan münaqişələrdə əsas çözüm güzəşt və gəlinin əri ilə əməkdaşlığıdır. Bunun üçün arvad birincilik iddiasından vaz keçməli və belə bir haqqı qayınanaya tanımalıdır. İnsafən deyək ki, bu məqam gerçəkdən anaya məxsusdur. Hər gəlin bunu bir vaxt-qapıdan gəlini girdiyi ilk gün anlayacaq.
Oğlan isə elə münasibət saxlamalıdır ki, ana özünü həmişə birinci hiss etsin, məqamı üçün təhlükə yarandığını düşünməsin. Zamanla təhdid sovuşduqca qaynana gəlini rəqib statusunda görməyəcək, münasibətlər durulacaq.
Əlbəttə ki, mənim təklif etdiyim çözüm bütün gəlin-qaynana münaqişələri üçün keçərli deyil. Bu elə bir çoxşaxəli davadır ki, ailədən ailəyə səbəbləri və mahiyyəti dəyişir. Mən sadəcə qısqanclıq və rəqabətdən qaynaqlanan problemi, çıxış yolunu təhlil etməyə çalışdım. Sınaya da bilərsiniz, yəqin peşman olmazsınız. Hələ gözünə sevgi və mərhəmət də qatsanız, nəticə olacaq “Qaynana” filmindəki kimi.
Bir də istər gəlin olun, istərsə də qayınana, kim neyləyirsə, özünə edir. Qaynana gəlinə möhtac qalacağı qocalığını düşünsün, gəlin isə qaynana olacağı günü. Necə deyərlər, nə tökərsən aşına, o da çıxar qaşığına…