Cəfər Cabbarlının yüz il əvvəl yazdığı haqqında danışdığı əzilən qadınlar – Dilbərlər, Gülzarlar, Sevillər hələ də aramızdadır, ətrafımızdadır, içimizdədir.
“Gəlin mənim süpürgəmdir deyən qayınanalar” hələ də eyni sözü deyir. Hələ də qayınanayla gəlinin adi mübahisəsi bütöv bir ailənin dağılmasına səbəb olur. Boşanmaqdan qorxan gəlinlər müqəvva olmağa, qayınananın çaldığı havaya oynamağa məcburdur. Neçə-neçə gəlin tanıyıram ki, ailədaxili məsələlərlə bağlı nəinki qərar vermək, fikir söyləmək hüququ belə yoxdur.
Ananın əhəmiyyətsiz şəxsə çevrilməsi uşaqların tərbiyəsinə də öz təsirini göstərir. Uşaq böyüdükcə, o da ananın sözlərini qulaqardına vurur, “səndən soruşan olmadı” deyə üstünə çəmkirir. Adətən belə ailələrdə böyüyən uşaqların öz həyatı da uğurlu olmur, çünki ailənin təməli bəri başdan düzgün qoyulmayıb. Ananın hörmət görmədiyi bir evdən çıxan insan öz həyatını doğru-düzgün qura bilərmi?
26 yaşlı Zəhra bir neçə ayın gəlinidir. Qayınanasıyla bir evdə yaşamaq istəməsə də, buna məcburdur. Çünki qayınananın öz arzusu var və bunu ciddi cəhdlə həyata keçirmək istəyir. Məsələ bundadır ki, həmin qadın türk seriallarındakı “xanım ağa”lara həsədlə baxıb, xəyal qurub ki, o da bir gün oğlanlarını evləndirsin, bütün külfəti bir evə yığsın, özü də onların başında durub bir növ “xanım ağalıq” etsin. Hələ deyilənə görə, xanım ağanın təmtəraqla çimdirildiyi səhnəyə xüsusi maraqla baxıb, özünü o bəxtəvər qayınananın yerində təsəvvür edib.
Amma nə Zəhranın, nə də eltisinin qaynananın başına dolanmaq fikri yoxdur. Hər kəs öz həyatını yaşamaq istəyir. Qayınana isə istəyindən bir addım da geri durmur. Yuxusunda da görür ki, o, xanım ağadır, gəlinləri də qulluqçu.
Zəhra hələ ki susub gözləyir, amma bu sükut fırtınadan qabaqkı səssizliyə oxşayır. Belə görünür ki, heç biri asanlıqla öz mövqeyini əldən verməyəcək.
31 yaşlı Nəcibə də təzə gəlindir. 17 yaşından öz ayaqları üstündə durmağı öyrənib, özü işləyib, evin müəyyən məsrəflərini o ödəyib.
Ər evində də belə olacağını düşünən Nəcibə yanıldığını anlayıb. “Onsuz da büdcəmiz ortaqdır. Amma qayınanam hakimiyyət sırf onun əlində olsun, hamı ona tabe olsun, hər quruşun hesabını ona versin istəyir”.
Təbii ki, gəlin qayınananın bu “xanım ağa” mövqeyi ilə razılaşmadığından sözləri çəp gəlib və gəlin evdən qovulub. Cavan ər isə iki od arasında qalıb. Əslində qayınana gəlinə qulaqburması vermək, onu öz tabeçiliyinə salmaq, şərtlərini qəbul etdirmək istəyir.
Təəssüf ki, bəzi valideynlər övladlarına investisiya kimi baxırlar. Bu düşüncəyə görə, əgər ana övladına həyat veribsə, övlad da bütün həyatını ona həsr etməlidir. Əlbəttə ki, övlad valideynlərinə baxmalıdır, amma bu şərtlərlə yox.
Bir üzü qız, bir üzü gəlin olan Nəcibə isə çətin durumda qalıb. Təbii ki, qohum-qardaş vəziyyəti bildiyi kimi yozacaq, “Nəcibə geri qayıtdı” xəbərini mənalı baxışlar və “ah-oflarla” bir-birinə ötürəcəklər. Ən azından yaxınlarının təzyiqindən qurtulması üçün ər evinə qayıtmalıdır, bunun üçünsə üzr istəməsi yetərli deyil. Gərək qayınananın əməlli-başlı qılığına girsin, ən azından maaşını paylaşsın.
Həmin bu mənalı baxışlar da qadınların müqəddəratını həll edir. Necə deyərlər, insanların ağzı torba deyil ki, büzəsən. Neçə-neçə gəlin bu dedi-qodulardan canını qurtarmaq üçün özünü oda atır, qayınananın ətəyinə sığınır, despot ərə tabe olur – köləliyin modern versiyası. Nəticədə – xarakterini, şəxsiyyətini, kimliyini belə itirir, həyatın mənasını yadırğayır, canlı robota çevrilir.
Sualım qızlarını “qayınana süpürgəsi” kimi görən analaradır: Axı niyə qızlarınızı kimdənsə asılı duruma salırsınız? Niyə onlara öz ayaqları üstündə durmaq, cəmiyyətə faydalı olmaq, gələcək üçün sağlam fikirli övladlar böyütmək şansı vermirsiniz?
Dünyada uğurlu iş sahibi olan qadınları örnək alın – ucqar bir kənddən çıxan, amma böyük dünyanı fəth edən, doğulduğu yerə şöhrət gətirən qadınları. Bu qadınlar istər elm sahəsində, istərsə də incəsənət sahəsində kifayət qədərdir.
Ən azından ona görə ki, müstəqil düşüncəli qadın – müstəqil düşünən, azad fikirli cəmiyyət deməkdir.