qaynana

Qaynana olmağa hazırsınızmı?

Baxış sayı: 947

llərcə böyüdüb, boya-başa çatdırdığınlz övladınızın yeni bir həyata başlaması, ailə qurması sizin üçün heç də asan bir iş deyil. Hər bir ana qızı və ya oğlunu xoşbəxt görmək üçün çırpınırsa da, ailəyə yeni gəlmiş gəlin, ya da kürəkənlə münasibətdə bir axsaqlıq da mütləq yaşayır.

Əgər övladınızın xoşbəxt olmasını həqiqətən və ürəkdən istəyirsinizsə, o zaman sizə düşən vəzifə yaxşı qaynana olmaqdır. Yaxşı qaynana dedikdə, əslində necə biri olmaq lazımdır deyə düşünə bilərsiniz.

Gəlin etiraf edək ki, bütün qaynanalar gəlinin, ya da kürəkənin ona “ana” deyərək müraciət etməsini istəyirlər. Bu əslində gözəl və qəbuledilən xoş bir istəkdir. Çünki bizə “ana” deyən birini biz daha çox istəyəcək, necə deyərlər, elə sözün həqiqi mənasında övladlmız kimi qəbul etməkdə çətinlik yaşamayacağıq. Amma burada toxunalacaq bir nüans var. Bu kəlməni eşitmək nə qədər xoşdursa, içdən gələrək söylənilməsi daha xoşdur. Ona görə də çalışmaq lazımdır ki, “ana” sözünü içdən gələrək eşidək, zorla qəbul etdirməyək. Axı təbii davranış quruca deyilən sözdən daha vacibdir.

qaynana

Qaynana olmağa hazırsınızmı?

Qaynanalarla gəlinlərin arasında yaşanan əsas problemlərdən birinin də ev təmizliyi üstündə olduğunun şahidi olmuşuq. Bəzi qaynanalar elə bil ki, qarşısına gündəlik öhdəlik qoyurlar. Oturub bütün günü altdan-altdan gəlinin hərəkətlərini izləyirlər. Vay o gündən ki, gəlin stəkanı boşqabdan sonra yuya, yaxud da öz otağını qaynananın otağından əvvəl təmizləyə. Qaynana da bu zaman himə bənd imiş kimi iradı irad dalınca gətirəcək, söz-söhbət baş alıb gedəcək. Bu qaynanaların etdikləri səhvlərdən biridir. Uyğunlaşmadığı bir mühitdə gəlindən mükəmməl nəticəsi olan iş gözləmək doğru deyil. Deyinməkdən, irad axtarmaqdansa, bəzi hərəkətlərə göz yummaq, zamanı çatanda şirin bir dillə səhvlərini demək lazımdır.

Digər bir problem isə nənələrin nəvə həvəsində olmalarıdır. Oğlumu evləndirmişəmsə, tez bir zamanda da nəvəmi qucağıma almalı, muradıma yetməliyəm fikridir. Müəyyən səbəblərdən bu prosesdə gecikmə ola bilər. Bunun üçün evdə gəlinə üz turşutmaq, kinayəli danışmaq, onların isti, xoşbəxt yuvasına bir soyuqluq qatmaq anaya yaraşan hərəkətdirmi? Əlbəttə ki, yox! Bu davranış övladınızın ailəsindəki münasibələrə ancaq mənfi təsir göstərəcək, səbrli olmaq lazımdır.

Bu gün bu mövzuda bir qədər açıq danışmaq istəyirəm. Bəlkə də çoxunuzun qarşılaşdığı bir səhnədən danışacam indi. Bəzən qaynana böyüklüyünü əlində əsas tutaraq həssas bir mövzuda çox məsuliyyətsiz davranır. Tutaq ki, bir evdə, birgə yaşadığınız bir gəlininiz var. Həftə sonudur, istirahət günlərindən biridir. Siz yaşınızla bağlı (yaxud da xasiyyətinizə inad) səhər erkəndən oyanmısınız. Hökmlə oğlunuz yatan otağın qapısını döyüb onları oyatmaq ixtiyarınız yoxdur. Əgər bunu edəcəksinizsə, o gəlindən qarşılıq olaraq xoş üz gözləmək haqqınız qalmadı demək.

Daha bir həssas mövzu: gəlininiz və ya kürəkəninizlə aranızda anlaşılmazlıq yaranıbsa, buna öz övladınızı qatmadan çözüm tapın. Oğlunuzu, ya da qızınızı iki daşın arasında qoymayın, bu onların özləri arasındakı münasibətə bir sərinlik gətirmək deməkdir.

Hər problemin tək bir həlli var: danışmaq. Gəlininiz, ya da kürəkəninizlə bir problem yaşadığınızda küsmək, səssiz qalıp üz turşutmaq, ya da dodaqaltı danışmaq problemin həlli deyil, bu sizə yaxşı heç nə qazandırmaz. Bəlkə də fərqində olmadan etdikləri bir yanlışlıqdan dolayı onlarla danışmamanız vəziyyəti daha da çıxılmaz bir hala gətirər. Ən yaxşısı danışlb nədən incidiyinizi deməkdir.

Gəlininizin, ya da kürəkəninizin sizə qarşı xoş davranmasından sui-ustifadə edərək, “borcudur” deyib düşünməyin. Bunu edirsə, sizə olan hörmətindən, istəyindən edir, heç kim içdən gəlməyən bir istək olmadan, məcburiyyətdən qarşısındakına çiçək və ya digər hədiyyə almaz. Qarşı tətəfdən bunu gördüyünüz halda, mütləq bu davranışı qiymətləndirməli, təşəkkürünüzü bildirməlisiniz.

qaynana-gelin

Qaynanaların ən çox yaratdlqları problem bilirsiniz nədir? Mən deyim, siz də təsdiqləyin.

Xüsusi günlər, bayramlar var ki, bütün ailəni bir yerdə görmək istəyirsiniz. Bu olduqca normal bir istəkdir, anlamamaq mümkün deyil. Amma unutmamalısınız ki, övladınızın artıq sahib olduğu bir ailəsi var. Bu mövzuda çox həssas davranmağınız gərəkdir. İxtiyarı və seçimi cavanların öhdəsinə buraxmaq lazımdır. Bəlkə də gənclərin baş-başa zaman keçirmələri üçün dəstək olmanız daha məqsədəuyğundur.

Sonda isə bütün gənc qaynanalara bir tövsiyəm var: Gəlininizə, ya da kürəkəninizə nə qədər küskün və ya hirsli olsanız da başqalarının yanında onların qarasınca danışmayın. Aranızda nə yaşanırsa yaşansın, ailə xaricindən birinin bilməsinə gərək yoxdur. Gileyinizin kürəkənin, ya da gəlinin qulağına çatması vəziyyəti qəlizləşdirə bilər. Belə hallarda mövzunu müzakurə edəcəyiniz tək insan, elə problem yaşadığınız şəxsin özüdür, unutmayın!




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir