Bu münasibətin nəticəsidir ki, qayınana-gəlin, qayınana-kürəkən münasibətləri həmişə problematik məsələ kimi aktual olub.
Amma biz bu dəfə bu münasibətlərdən yox, müraciət formalarından danışacağıq. Baxaq görək, qayınanamıza necə müraciət edə bilərik və kim bunu necə edir?
Əvvəlcə gəlin qadın respondentlərimizi dinləyək:
Nuranə Abbasova jurnalist, “axsam.az” saytının əməkdaşı:
– Baxır ailəyə. Gəlin var ki, qayınanasına “….. xanım” deyə müraciət edir. Gəlin də var ki, ailədəki münasibətləri nəzərə alıb “Xala”, “bibi”, “mama” deyir. Mən isə “xala” deyirəm.
Esmira Ağayeva, psixoloq:
– Məncə, elə də fərqi yoxdur, qayınanaya nə cür müraciət etməyinin. Əsas odur tərəflər arasında qarsılıqlı hörmət, sevgi olsun. Əgər içindən “ana” demək gəlmirsə, buna özünü məcbur etmək lazım deyil. Çünki sonradan haradasa çətinliklər yarada bilər insanda. Amma təbii ki, “ana” deyə müraciət etmək daha gözəl, daha canayaxındır və bu, qarşı tərəfə daha xoş gəlir. Buna qarşılıq olaraq, o da öz növbəsində gəlinə qızı kimi münasibət bəsləyər. Mən şəxsən bu problemi öz həyat yoldaşımla məsləhətləşərək həll etdim. Daha sonra qayınanamdan ona nə cür müraciət etsəm, xoş olar deyə soruşdum. Və onların hər ikisi mənə özüm seçim etməli olduğumu dedilər. Nəhayət, qərarımı verdim. Həyat yoldaşımın anasına “ana” deməyə başladım.
Günel Ebilova, “qafqazinfo.az” saytının redaktoru:
– Biz ailə quranda düzü, bu barədə əvvəlcədən söhbət etməmişdik. Bu həm də bizim bir-birimizə olan güvən və hörmətimizdən irəli gəlir. Üstəgəl, həyat yoldaşım başa düşürdü ki, bunu məndən tələb etmək ən azı qeyri-etik hərəkətdir. Qeyd etdiyim kimi bu, cütlüklərin münasibətindən birbaşa asılıdır. Mənim fikrimə gəlincə, düşünürəm ki, həyat yoldaşımın anasına, yəni qayınanama ana demək vacib şərt deyil. Etiraf edim ki, bu mövzunu heç müzakirə etməmişik və mən qaynanama ana da demirəm. Heç bir problem də olmur.
Başa düşə bilmirəm ki, hansısa qayınanaya gəlini ana deyəndə o, bundan nə zövq alır? Axı o, özü anadır və analığın necə çətin olduğunu bilir, yad bir qızdan niyə “ana” müraciətini umsun ki? Məncə, cütlüklər, xüsusilə də bəylər münasibətlərində belə kiçik detallara varmasınlar.
Sevda Huseynova, Azərbaycan Mikromaliyyə Assosiasiyasının Maliyyəçisi:
– Mən “nənə” deyirəm və ya “nənəsi” – Sehrinin, yəni qızımın dili ilə “nənəsi” deyirəm. Amma “siz” ilə müraciət edirəm. Məsələn, “Nənə, sizə də çay süzümmü? Və ya “nənəsi” sizi telefona çagırırlar”.
Sevinc Fədai, jurnalist:
– “Xanım” deyə müraciət edirəm, çünki özü belə istəyir. Xanım deyəndə, yəni ki, adıyla birgə…
Zaira Şamilova, filoloq:
– Mən “ana” deyə müraciət edirəm. Ana deməyim münasibətimizə istilik, dogmalıq qatır. Onu doğrudan da anam qədər çox sevirəm.
Vüsalə Ağahüseynova, filoloq:
– Qayınanaya müxtәlif cür müraciәt edәnlәr var; “ana” , “xala”, “uşağın nәnәsi” “xanım” vә s. Hamısına normal yanaşıram. Mәncә, müraciәtin bir o qәdәr dә önәmi yox, yetәr ki münasibәtin, verdiyin dәyәr yüksәk olsun. Әgәr bir gәlin qayınanasına “ana” deyirsә, o, yәqin ki, içdәn gәlmәlidir, ana deyib, yad biri kimi rәftar edәcәksә, heç o “ana” sözü lazım deyil. Elәcә dә qayınana, әgәr gәlini ona “ana” deyirsә, o çalışmalıdır ki, özünü ana kimi, ağbirçәk kimi aparsın. Ümumiyyәtlә, yeni ailә quran cütlüklәrin ağıllı, uzaqgörәn, başa düşәn ağbirçәyә, ağsaqqala ehtiyacı var. Özümә qalanda isә “xanım” , “siz” deyə müraciәt edirәm. Allah böyüklәrimizi başımızın üstündәn әskik etmısin. Amin!
Lalə Mehralı, jurnalist:
– İnsanın içindən necə gəlirsə elə müraciət etməlidir. Mən “xala” deyirəm, üzdə ana deyib gizlində söyənlərdən daha çox hörmətini saxlayıram. “Ana” deməklə hörmət edilmir, münasibətdə bilinir əsil hörmət. İnsanın bir anası olur, o da onu dünyaya gətirən qadındır. Həyat yoldaşının anası ana qədər əziz ola bilər, amma ona “ana” demək şərt olmamalıdır.
İndi isə qarşı cinsdən olan respondentlərimizin mövqeyinə baxaq:
Tərxan Paşazadə, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin əməkdaşı:
– Mənim üçün bu, problem olmayıb. Qayınanaya “xala” deyərək, qayınataya isə “dayı” deyə müraciət edirəm. Çünki mənim üçün belə daha rahat və məntiqəuyğundur.
Vüsal Məmmədov, “azvision.az” saytının baş redaktoru:
– Mən “xala” deyirəm. Düşünürəm ki, kimə necə rahatdır, elə də deyə bilər.
Zaur Xudiyev, ARDNŞ-nin əməkdaşı:
– Qaynana olmamışdan daha əvvəl qohum olduğumuz üçün həmişə “bibi” demişəm. Hər kəsin öz fikri var, ancaq mən “mama”, “ana” deyənləri səmimi hesab eləmirəm.
İsmayıl Kərimov, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının müəlllimi:
– Vallah, mən “xala” deyə müraciət edirəm. yəni bizdə ümumi qəbul edilmiş deyim var.
İntiqam Valehoğlu, jurnalist:
– Əsasən “Siz” deyirəm, nadir hallarda isə “xala” deyə müraciət edirəm. Açığı, o qədər də ünsiyyətcil deyiləm.
Ucal Qasım, “Məslək” qəzetinin baş redaktoru:
– Nədənsə bu, doğrudan da problemli məsələdir. Burada birmənalı cavab vermək çətindir. Bizdə adətən “ana”, “mama”, “xala” deyə müraciət olunur, bunların hər birindən istifadə etmək olar. Məncə, hər kəs bunu öz daxili hisslərinə uyğun seçim edir. Əsas odur ki, qayınanayla münasibəti düz qurasan, qalan məsələlər yavaş-yavaş yoluna düşür…
Elnur Ağayev, psixoloq, Mədəniyyət və Turizm İnstitunun müəllimi:
– Mən xala deyə müraciət edirəm, baxmayaraq ki yoldaşım qayınanasına mama deyə müraciət edir. Qayınanama böyük hörmətim və istəyim var. Çünki bir insan kimi özü öz hörmətini saxlayır, sadə, sakittəbiətli evdar bir qadındır. Mən bu məsələdə heç bir problemlə, çətinliklə rastlaşmamışam.
Hazırladı: Vüsal
P.S. “Facebook” üzərindən apardığımız sorğuda bir şey diqqətimizi çəkdi: respondentlərimiz üçün Qayınana ilə bağlı sual deyəsən gülməli gəlirdi. Yoxsa hamısının cavablarının sonunda bu smaylik olmazdı: 🙂
Ümidvarıq, onların cavablarını oxuduqdan sonra qaynanaları ilə münasibətləri bu smayliki ifadə etməyəcək: 🙁
Zəhmət olmazsa, soyadımı və iş yerimin adını düzəldərdiniz. Belə olmalıdır: Tərxan Paşazadə, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin əməkdaşı. 😉