Son zamanlar Azərbaycanda sanki bir gözəllik “bumu” yaşanır. Kimin əlinı bir balaca pul keçirsə, gözünü dartdırır və ya dodaqlarını şişirdir. Burunlar da eyni cərrahın əlindən çıxdığı üçün hamı bir-birinə bənzəyir.
Gözəllik nədir?
Səhiyyə naziri Teymur Musayev deyib ki, yanlış məlumatlar süni gözəllik standartlarının yaranmasına səbəb olur. Nazir təklif edib ki, xalqımızı gözəllik anlayışı məsələsində maarifləndirməliyik. “Gözəllik anlayışı nədir, onun tarixinə baxaq, gözəllik standartlarının müəyyənləşdirilməsində milli xüsusiyyətlərimizi nəzərə alaq”, – deyə nazir qeyd edib.
Əvvəllər deyirdilər ki, Azərbaycan qızları gözəl olur. İndi isə “baby boom”, “barbi yanaq”, “ceyrangöz”, “full face” etdirən bütün qızlar bir-biirnə bənzəyir. Qaynaq kipriklər, saçlar, irəli uzanmış silikonla doldurulmuş dodaqlar…
Gözəllik “bum”u? Və bu “gözəllik” kim üçün, nə üçün?
Sosioloq Mail Yaqub bildirib ki, qloballaşan dönəmdə kimsə Azərbaycan kimi ölkənin mədəniyyətini bütün dünya mədəniyyətindən təcrid edə bilməz.
“Qloballaşma vahid mədəniyyətlə, iqtisadi və siyasi sistemlə idarə edilir. Yəni Amerikada hansısa bir dəb meydana gəlirsə, onu Azərbaycanda da tətbiq edirlər. Cəmiyyətləri iqtisadi texnoloji baxımdan irəlidə olan ölkələrin mədəniyyətləri qloballaşma dövründə bütün dünyada dominant mədəniyyətə çevrilir. İqtisadi texnoloji güclə öz mədəniyyətlərini də bütün dünyada dominan mədəniyyətə çevirə bilirlər. Mədəniyyətin komponentləri geyim, yemək, gözəllik, dəb, musiqi və s. vasitələrdir. Belə qloballaşma hücumunda Azərbaycan mədəniyyətini qoruya bilirikmi? Bu hücumun qarşısında biz xanımlarımıza qlobal mədəniyyətin sırıdığı mədəniyyətdən fərqli bir mədəniyyət təqdim etmək istəyiriksə, bu bizim milli mədəniyyətimizdirsə, bu zaman çox böyük işlər görülməlidir. Xanımlarımız Amerika və Avropa xanımlarına baxmasın, öz milli “gözəllik” brendini yaratsınlar. Bu da çox çətin məsələdir. Bu zaman müxtəlif dövlət qurumlarının üzərinə çeşidli vəzifələr düşür. Bu cəhətdən ən vacib məsuliyyət təhsil və mədəniyyətlə bağlı fəaliyyət göstərən nazirliklərin üzərinə düşür. Bu nazirliklər gözəllik brendini, geyim brendini yaratmalı və təbliğ etməlidir”-deyən sosioloq bildirib ki, bu təbliğat seriallarda, filmlərdə, kitablarda və sosial şəbəkələrdə həyata keçirilməlidir.
Mail Yaqub vurğulayır ki, Azərbaycanın özünəməxsus mədəniyyət modeli olmalıdır.
“Əslində bu model prinsipcə mövcuddur, sadəcə bunu üzə çıxarmaq lazımdır. Bu da toyda, yasda geyim modelində, yemək və müxtəlif sahələrdə özünü göstərməlidir. Biz bu modeli yaratmalıyıq. Yaratmasaq, mədəniyyətimiz məhv olub gedəcək. Bir müddət sonra biz də assimilyasiya olacağıq, əriyib “yox” olacağıq”-deyə sosioloq əlavə edib.
İradə Cəlil