Azərbaycanda elektrik enerjisi və təbii qazın istifadəsində tətbiq olunan güzəştli limit artırılıb. Bunu bu gün keçirdiyi brifinqdə iqtisadiyyat naziri Şahin Mustafayev bildirib.
Onun sözlərinə görə, bu qərar ölkə başçısı İlham Əliyevin müvafiq tapşırığı əsasında qəbul olunub.
Belə ki, təbii qazın pərakəndə satış tarifinə görə, əhali üzrə illik istehlak həcmi 1500 kubmetrdən 1700 kubmetrədək artırılıb.
Başqa sözlə, təbii qazın pərakəndə satış tarifi əhali üzrə illik istehlak həcmi 1700 kubmetrədək olan istehlakçılar üçün dəyişdirilməyərək bir kubmetr üçün mövcud 10 qəpik səviyyəsində saxlanılıb, illik istehlak həcminin 1700 kubmetrdən çox olan hissəsi üçün isə 20 qəpik müəyyənləşdirilib.
Bundan başqa, əhali üzrə aylıq elektrik enerjisi istehlakı üzrə limit 250 kilovat-saatdan 300 kilovat-saatadək artıb.
Sadə dillə desək, elektrik enerjisinin pərakəndə satış tarifi əhali üzrə aylıq elektrik enerjisi istehlakı 300 kilovat-saatadək olan istehlakçılar üçün dəyişdirilməyərək mövcud 7 qəpik səviyyəsində saxlanılıb, aylıq istehlak həcminin 300 kilovat-saatdan çox olan hissəsi üçün isə 11 qəpik müəyyənləşdirilib.