Qətl edilən xəyallar, xərçəng dəhşəti, dağılan tifaq… – 40-cı GÜNÜN XATİRƏSİ

Baxış sayı: 1. 624

“Mənim dərdlərimin ayaqları var,

 Harda olsam gəlib tapacaq məni…”  

 

Bu gün xalq artisti Nuriyyə Əhmədovanın ölümündən 40 gün ötür. 40 gündür ki, o, qəbir evindədir. Nəhayət, torpağın altında da olsa onun öz yeri var, kirayə deyil, dost-tanış deyil, öz “evi”…

…Ötən il müsahibələrinin birində demişdi ki, Allaha hər gün yalvarıram, mənə bir az ömür versin. Ölmək istəmirdi. İstəsəydi, çoxdan ölərdi, balalarını itirəndə. Hə, ölməmişdi. Amma dünyasını dəyişmişdi. Özü də iki dəfə – bir dəfə qızı qətlə yetiriləndə, ikinci dəfə də oğlunu itirəndə… Az görməmişik, övladını itirəndən sonra ürəyi partlayıb ölən anaları. Amma onun ürəyi partlamadı. Bu qadında ürək varmış! Dözdü, dözə bildiyi qədər. Nəvəsinin xətrinə. Balasının balası onu yaşamağa vadar etdi. Qızının yadigarını oğulluğa götürdü, ona nənə yox, ana oldu. O uşağın simasında itirdiyi qızını yaşatdı. Onu böyütdü, məktəbə yolladı… Hətta bəlkə arzular da qurdu: Faiqin iki övladı olacaqdı, biri oğlan, biri qız. Qıza vaxtsız ölən qızının, oğlana itirdiyi oğlunun adını qoyacaqdı. Onlara həyatından, çəkdiyi acılardan, o iztirablara necə dözməsindən bəhs edəcəkdi… Hə, bir də arada deyəcəkdi ki, “vaxt var idi, məşhur bir aktrisa idim, xalq artistiydim, məni sevirdilər, çəkildiyim kinolara baxanda gülürdülər”.

Özü isə ancaq kinoda güldü, rol xətrinə…

Kim deyir ki, ana qarğışı balanı heç vaxt tutmaz?!

Nuriyyə Əhmədova 1950-ci il dekabrın 26-da Bakıda anadan olub. Nuriyyənin istedadı hələ kiçik yaşlarından özünü göstərməyə başlayıb. Balaca qızcığaz qonşularını başına yığıb mahnı oxuyar, səhnəciklər göstərərdi. Alqışlar onu daha da ruhlandırardı. Bağ qonşuları, tanınmış bəstəkar Tofiq Bakıxanovsa Nuriyyənin səsi və istedadını təkcə alqışlamır, həm də ona məsləhət verib, yol göstərir. Musiqiçi onun aktrisa olmaq həvəsini daha da artırır. Hərbçi atası və evdar xanım olan anası qızlarında bu istedadın keçici olduğunu düşünən zaman o, artıq böyük səhnəyə ilk addımını atır. Orta məktəbi yenicə bitirən Nuriyyə T. Bakıxanovun köməyi ilə Musiqili Komediya Teatrına işə götürülür və tamaşalarda müxtəlif rollar oynamağa başlayır.

Beləcə, aktrisa olmaq qərarı verir. Ailəsinin narazılığına rəğmən. Anası onun aktrisa olmasını qəti qadağan edir. Hətta üzünə qarşı qarğış tökür. Amma Nuriyyə buna da məhəl qoymur. Anasının xeyir-duası olmadan sevdiyi sənətin ardınca gedir. Elə hər şey bundan sonra başlayır. Sənətdə yüksəliş, şəxsi həyatda eniş, əzabla, çətinliklər, göz yaşı ilə dolu 65 illik bir ömür. Və bir də anasının çin olan qarğışları… Kim deyir ki, ana qarğışı balanı heç vaxt tutmaz?!

Sənət və sevgi yolu başlayır

Teatr Nuriyyə Əhmədovanın sənət və həyat yolunun başlanğıcı olur. Gələcək həyat yoldaşına da o, məhz burada rast gəlir. Nuriyyədən əvvəl Musiqili Komediya Teatrına Xanlar İbadov adlı vokal ifaçısı işə düzəlir. Gənc aktrisanın çılğın, dəlisov, emosional, şıltaq, bir az da oğlanlara xas olan sərbəst davranışı və xarakteri Xanların diqqətini cəlb etməyə başlayır. Artıq teatrdakılar da bilirdi ki, Xanlar Nuriyyəyə qarşı biganə deyil. Lakin ona bu qızdan uzaq durmağı məsləhət görürlər, “ipə-sapa yatan deyil”, – deyirlər. Ürəyə söz keçirmək olmur axı. Nuriyyə də Xanları sevməyə başlayır. Bir neçə il görüşürlər. Həmin illərdə Nuriyyə aktrisalıq sənətini peşəkar səviyyədə öyrənmək üçün M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun aktyorluq fakültəsinə daxil olur. Adil İsgəndərovun kursunu bitirir. Ali təhsilini başa vurduqdan sonra Xanlar müəllim ona evlilik təklif edir.

Lakin Xanların anası bu izdivacın əleyhinə olur, onun oğlu üçün fikrində tutduğu gəlin namizəd vardı. Axırı gənc anasını fikrindən döndərə bilir. Nəhayət, nişan mərasimi baş tutur, bir il sonra isə ailə həyatı qururlar. Nuriyyə Xanların Bakıxanov qəsəbəsindəki ata evinə gəlin köçür.

Xalq artisti, qiraət ustası Əminə Yusifqızı Nuriyyə xanımın baldızıdır, daha doğrusu, Əminə xanım və Xanlar müəllim ögey bacı-qardaşdırlar. Aktrisanın yaxın rəfiqəsi jurnalist Sədaqət Kamal deyir ki, baldız-gəlin arasında hər zaman soyuq küləklər əsib: “Hətta bir müddət səbəbsiz küsülü də qalıblar. Nuriyyə bu barədə danışmağı sevmirdi. Nəinki Əminə xanımı, ümumiyyətlə, heç kimi pisləməzdi. Ötən il tədbirlərin birində Əminə xanımla Nuriyyə üz-üzə gəldi və onlar barışdılar”. Əminə xanım dərddən beli bükülən aktrisanı, həm də qardaşının həyat yoldaşını görüb boynunu qucaqlayır və ağlayır…

Nuriyyə xanımın gəlin köçdüyü ev də mübahisəli olur. O, bu barədə danışmasa da, qayınata yurdunda çətin günlər keçirdiyi sirr deyildi. Əslində, aktrisanın kirayələrdə keçən ömrü hələ tələbəlik illərində başlamışdı. Yaşadığı Mərdəkandan teatra işə və universitetə gəlmək onun üçün çətin idi. Buna görə də şəhərdə kirayədə qalırdı. Gəlin köçmək də onun canını uzun yollardan qurtarmamışdı. Lakin məcbur idi, hər gün Bakıxanov qəsəbəsindən şəhərin mərkəzinə işə gəlirdi.

Analıq sevinci

Gənc ailənin ilk övladı 1976-cı ildə dünyaya gəlir. Ana körpə balasını ilahələrə bənzədib adını İlahə qoyur. Amma hardan biləydi ki, balası çox gənc yaşda ilahələrin yanına köçəcək. İlahənin qara taleyi aktrisanın bütün həyatını qaraldır…

Ana qızını sevinclə böyüdür. Bir yaşı olanda İlahənin qardaşı da dünyaya gəlir, uşağa Əli adını verirlər. “Yaxşı ki, oğlum da dünyaya gəldi. Qızım gəlin köçəndən sonra oğlumla yaşayarıq, nəvələrimi saxlayaram”, – deyirmiş Nuriyyə xanım. Hardan biləydi ki, qızı gəlin köçəndən bir il sonra bu dünyadan da köçəcək. Oğlu da ata-anasını çox tez tərk edəcək. Düzdür, Nuriyyə xanım nəvəsini saxladı, lakin öz övladı kimi. Faiq 10 yaşınadək nənəsinin anası olduğunu düşünmüşdü. O, gözünü açıb evdə “ana” dediyi Nuriyyə xanımı, “ata” dediyi Xanlar müəllimi görmüşdü. Doğum haqqında şəhadətnaməsində də Faiqin anasının adı İlahə yox, Nuriyyə, atasının adı Asif yox, Xanlar yazılmışdı.

Kino həyatı ilə kino kimi həyat başlayır

Musiqili Komediya Teatrı Nuriyyə Əhmədova kimi aktrisanı əldən buraxmaq istəməsə də, o, bu sənət ocağı ilə kinostudiya arasında seçim etməli olur. Kinostudiyada işə başlayan aktrisanın kino fəaliyyəti də genişlənir. O, bir-birinin ardınca müxtəlif filmlərə çəkilir. Ümumilikdə aktrisanın filmoqrafiyasına 100-ə yaxın ekran əsəri daxildir. Tamaşaçıların az qala söz və replikalarını əzbərlədiyi “Bağ mövsümü”, “Bala başa bəla”, “Bəxt üzüyü”, “Ölsəm… bağışla”, “Təhminə”, “Yuxu”, “Həm ziyarət, həm ticarət”, “Fransız”, “Hər şey yaxşılığa doğru”, “Milli bomba” və s.

“Həm ziyarət, həm ticarət” filmindəki Mustafa müəllimin vəfalı həyat yoldaşı Nuriyyəni isə 7-dən 77-ə hər kəs sevir. Bu film Nuriyyə Əhmədovanın karyerasının zirvəsi olur. Məhz bu rolla onu bütün xalq tanıyır və sevir. Bu obraz tək Nuriyyə xanımın kino həyatını deyil, qızı İlahənin də həyatını dəyişir. Filmdəki Nuriyyənin böyük qızı rolunu elə aktrisanın öz qızı İlahə ifa edir. Ekran əsərinin çəkilişləri zamanı İlahə gələcək həyat yoldaşı və qatili Asiflə tanış olur. Aktrisanın rəfiqəsi Sədaqət Kamal o günləri belə xatırlayır: “Oğlan hələ tələbə idi, Nuriyyə də İlahəni ərə verməyə tələsmirdi, nə yaşı vardı ki?! 17-18. İstedadlı qız idi, rəqslə, rəssamlıqla məşğul olurdu. Faiq də anasına oxşayıb. Uşaq vaxtı Nuriyyə ilə bizdə qalırdılar, evin divarlarını qələmlə, karandaşla yazı-yazıq edirdi, guya şəkil çəkirdi. Nuriyyə onların münasibətinə qarşı çıxdı, lakin qız inad etdi. Sonra Asif İlahəni qaçırdı. Nuriyyə də onları bağışladı. İndiyədək yadımdadır, İlahənin toyu “Bənövşə” restoranında idi. Amma toy başlayandan bitənədək Nuriyyənin gözünün yaşı dayanmırdı. Elə bil ürəyinə dammışdı ki, qızı öləcək, ağ gəlinlik geyimi bir il keçməmiş ağ kəfən olacaq. Oğlanın ailəsi də toyda gözü yaşlı idi. Asif anasını yenicə itirmişdi, həm də anasının itkisi ilə barışmırdı. Nuriyyə deyirdi ki, anası rəhmətə gedəndən sonra Asifdə psixi pozğunluq yaranıb. Ancaq Nuriyyə qızına görə yeznəsinə hörmət edirdi, hətta ona öz oğlu kimi qulluq edirdi”.

Nuriyyyə xanımı qızının toy günündə kövrəldən daha bir məqamsa İlahənin yeganə qardaşı Əlinin toyda iştirak etməməsi idi. İlahənin toyundan bir müddət əvvəl aktrisa oğlunu əsgərliyə yola salmışdı. Qızının toyu vaxtı isə Əli həbsdə idi. Lakin aktrisa yenə gələcəyə ümidlə baxırdı. “Eybi yox, Əli türmədən çıxar, gəlib bacısını təbrik edər, hələ övladının başını sığallayıb ona dayılıq da edər, bacısının xoşbəxt ailəsini görüb sevinər, pis günləri yaddan çıxar”, – deyirdi.

Təəssüf ki, həyat biz istədiyimiz və arzuladığımız kimi davam etmir bəzən. Gənclər böyüklərin narazılığına rəğmən, bir-birini sevib ailə qursalar da, yola getmirmişlər. İlahə tez-tez anasının yanında qalırmış, elə hamilə olduğu vaxtda da. Sonra İlahənin oğlu dünyaya gəlir, adını Faiq qoyurlar. Nuriyyə xanım zahı qızına qulluq edir. Günlərin birində isə Asif həyətə gəlir və İlahəni çağırır. Hasarın qırağında mübahisə edirlər. Aktrisa qızının bərk qışqırdığını eşidir, tez çölə qaçır və gördüyü mənzərədən şoka düşür. Qızı al-qan içində yerdə uzanmışdı. Mübahisə zamanı Asif bıçağı 20 yaşlı İlahənin sinəsinə sancmışdı. Təcili yardım çağırırlar, lakin xəstəxanaya çatar-çatmaz İlahə dünyasını dəyişir: “Asifi tutdular, həm də psixi xəstə olması sübut edildi, səhv etmirəmsə, 15 il iş verdilər. Amma Nuriyyə özünə gələ bilmirdi. Havalanmışdı sanki. Az qala dəli olmaq həddində idi. Yaxşı ki, o uşaq vardı. Faiqi öz himayəsinə götürdü, rəsmi şəkildə öz adına keçirdi. Uşaq onu həyata qaytardı sanki. Bir də filmlərə çəkdilər, bir az başı qarışdı. O hadisədən sonra Nuriyyə Bakıxanov qəsəbəsində illərdir yaşadığı evə nifrət etməyə başladı”.

Boşa çıxan ümidlər

Bir tərəfdən qızının qətlə yetirildiyi evdə qalmaq Nuriyyə xanım üçün çətin olur, digər tərəfdən də qayınata yurdu ətrafında söz-söhbət səngimir. Övladlar ata yurdunu bölüşdürmək istəyir, aktrisa isə münaqişədən uzaq durmaq üçün o evdən imtina edir. Beləcə, onun köç həyatı başlayır. Gah rəfiqəsigildə, gah da kirayələrdə qalır. O gümanla ki, illərdir durduğu ev növbəsi, nəhayət, bir gün ona da çatacaq. Ümidlə həmin günü gözləməyə başlayır. Günlər ayları, aylar illəri əvəzləyir. Amma evdən bir xəbər çıxmır ki çıxmır. Dəfələrlə mədəniyyət və turizm nazirinə, ölkə rəhbərliyinə müraciət edir. Ancaq hər dəfə ümidləri boşa çıxır…

Zamanla aktrisa ilə həyat yoldaşı arasında da soyuqluq yaranır. Qızının qətlə yetirilməsinə dözə bilməyən Xanlar müəllim ailəsinə qarşı da soyuyur. Onların arasında tez-tez mübahisə düşür. Onsuz da bir neçə ildir ayrı yaşayan aktrisa və həyat yoldaşı sonda rəsmən boşanmaq qərarına gəlirlər. N. Əhmədova çəkildiyi filmlərdən aldığı qonorar və prezident təqaüdü ilə həm Faiqi böyüdür, həm də oğlu Əlinin ailəsinə baxır. Əli həbsdən çıxır və ailə həyatı qurur. Lakin onun səhhətində ciddi problemlər yaranır. Buna görə mütəmadi işləyə bilmir, üstəlik kirayədə qalır. Bir müddət sonra isə işləmək qabiliyyətini tamamilə itirir və həkimlər onda xərçəng aşkarlayırlar. Qızının dərdini unuda bilməyən ananın ürəyinə oğul dərdi dağ çəkir. 20 yaşında qızını itirən Nuriyyə Əhmədova bu dəfə də 37 yaşlı oğlunu torpağa tapşırır. Əli anasına nəvə payı da verə bilmir…

Yenə dözməyə çalışır Nuriyyə xanım. Dözə bildiyi qədər. Bu həyatdan yeganə tutanağı  olan nəvəsi – oğul dediyi Faiqə görə yenə də ayaqda durmaq məcburiyyətində qalır. Faiq görməsin deyə gizlində ağlayır, “xalqım belimin büküldüyünü görməsin”, – deyərək efirə çıxanda gülümsünür.

Ötən il isə aktrisa yıxılır. Onu dərd yox, ictimai nəqliyyatda üzləşdiyi ehtiyatsızlıq yıxır. Avtobusda ayağı sürüşərək yıxılan xalq artistinin ombası və bel sümüyü zədələnir. Nuriyyə xanım bir müddət xəstəxanada müalicə alır. Xəstəxanadan çıxıb kirayə qaldığı evinə gedir. Lakin onun səhhətindəki problemlər get-gedə artır. O vaxta qədərsə aktrisa iki dəfə infarkt keçirmişdi. Bu dəfə ürəyi dərdlərə, bədəni çətinliklərə, şəraitsizliyə dözə bilmir. Xalq artisti oktyabr ayında 1 saylı Şəhər Kliniki Xəstəxanasına yerləşdirilir. Oktyabrın 10-da isə 65 yaşında dünyasını dəyişir.

Nuriyyə Əhmədova ilə vida mərasimi Mərdəkanda bacısının evində keçirilir. O – milyonların sevgisini qazanan, üzündə təbəssüm yaradan aktrisa gözdən-könüldən uzaq düşdüyü kimi, gözdən-könüldən uzaq da dəfn edilir…

… Halbuki özünə belə həyat arzulamamışdı. Anasının qarğışına sinə gərib bu sənətdə addımlamağa başlayanda necə xəyallar qurmuşdu. Hər dəfə yıxılanda ayağa qalxıb, duruşunu düzəldib, yenidən yoluna davam etmişdi. 20 yaşlı qızı qətlə yetiriləndə belə, ayaqda durmağı bacarmışdı. Nəvəsini qucağına almış, ona möhkəm sarılıb, yenə irəliyə doğru addımlamışdı. Hətta arzular da qurmuşdu: Faiqin iki övladı olacaqdı, biri oğlan, biri qız. Qıza vaxtsız ölən qızının, oğlana itirdiyi oğlunun adını qoyacaqdı. Onlara həyatından, çəkdiyi acılardan, o iztirablara necə dözməsindən bəhs edəcəkdi… Hə, bir də arada deyəcəkdi ki, “vaxt var idi, məşhur bir aktrisa idim, xalq artistiydim, məni sevirdilər, çəkildiyim kinolara baxanda gülürdülər”.

Özü isə ancaq kinoda güldü, rol xətrinə… Bu həyat onun üzünə gülmədi ki, gülmədi…

lent.az




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir