Qeyri-rəsmi nikahda yaşamaq getdikcə bizdə də adi hal alıb. Xanımlar buna müxtəlif səbəblər üzündən razılıq verir. Kimi “Uşaq olandan sonra dövlət nikahı bağlanılacaq” vədlərinə, kimi xarici ölkələrin müasir həyat tərzinə uyaraq, kimi də sadəcə kəbinli nikahı üstün tutduğu, bu haqda məlumatsız olduğu üçün bu addımı atır. Belə ailələrdə dünyaya gələn uşaqların gələcəyi isə sual altında qalır.
Rəsmi statistikaya görə, Azərbaycanda son 4 ildə ilk dəfə olaraq, qeyri-rəsmi nikahdan doğulan uşaqların sayı yenidən ən yüksək səviyyəyə çatıb. Qeyd edək ki, rəsmi qeydiyyata alınmamış nikahda olan qadınlar tərəfindən 2012-ci ildə 27031 uşaq dünyaya gətirilib.
Lakin 2013-cü ildən başlayaraq, bu say azalmağa dorğu dəyişib. Belə ki, rəsmi qeydiyyata alınmamış nikahda olan qadınlar tərəfindən 2013-cü ildə 25069, 2014-cü ildə 25486, 2015-ci ildə 24038, 2016-cı ildə 26288 uşaq doğulub.
Rəsmi qeydiyyata alınmamış nikahda doğulan uşaqların sayı ölkədə diri doğulanların ümumi sayına olan nisbətdə də artıb.
2013-cü ildə qeyr-rəsmi nikahdan doğulan uşaqların sayının ölkədə diri doğulanların ümumi sayına olan nisbəti 14,5 faiz olduğu halda, 2016-cı ildə bu rəqəm 16,5 faiz olub.
Psixoloq Vəfa Rəşidova bildirir ki, “müasir düşüncəli” xanımlarımız qeyri-rəsmi nikahları üstün tutur: “Qeyri-rəsmi nikah bir müddət onlar üçün çox rahat, asan gələ bilir. Amma sonradan əksər hallarda peşmançılıq hissləri yaşanır. Çox güman ki, qarşı tərəf münasibətlərin möhkəm olmadığı üçün narahat qalır və dövlət nikahını bağlamır. Belə nikahlar bir müddət sonra dağıldıqda da qadın öz və övladının hüquqlarını tapdanmış kimi hiss edir”.
V.Rəşidova qeyd edib ki, dövlət nikahının bağlanması iki tərəfli razılaşma əsasında olmalıdır: “Əgər oğlan evi buna qarşı çıxırsa, bundan şübhələnmək lazımdır. Demək ki, qarşı tərəfin niyyətində, düşüncələrində, planlarında başqa şeylər dayanıb. Nikahı qanunu qeyd etməmək üçün oğlan evi müxtəlif bəhanələr irəli sürə bilər”.
Psixoloq əlavə edib ki, ən önəmlisi bir-biri ilə ailə qurmaq istəyən şəxslərin arasındakı münasibətin möhkəmliyidir: “Amma nikah mütləq rəsmiləşdirilməlidir. Çünki sabah vəziyyət elə gətirə bilər ki, cütlük ayrılar və bundan xanım daha çox əziyyət çəkər”.
Müsahibimiz məsləhət görür ki, bu gün şirin sözlərə, vədlərə inanıb sabah uşaqla alimentsiz qapı dalında qalmamaq üçün xanımlar qeyri-rəsmi nikaha razılıq verməməlidir: “Buna razılıq verən xanımlar ətrafdakı insanlardan nümunə götürürlər. Düşünürlər ki, filankəs qeyri-rəsmi nikahda yaşayır, belə daha rahatdır. “Niyə mən də belə etməyim?”, – deyərək bir çox xanımlar qeyri-rəsmi nakaha razılıq verir, bu nikahdan uşaq da dünyaya gətirirlər. “Uşaq olandan sonra bağlayacaqlar” düşüncəsiylə bu addımı atanlar da olur. Yaxşı olar ki, xanımlar dövlət nikahının bağlanılmasını tələb etsinlər. Sabah nə şiş yansın, nə kabab”.
Psixoloq Lalə Əhmədovanın bildirdiyinə görə, indi qadınların nikahla bağlı fikirləri dəyişib: “Əvvəl dövlət nikahına üstünlük verilirdisə, indi kəbinli ailələrin sayı artıb. Artıq qadınlar başa düşür ki, bir dəfə ailə qurub ayrılıbsa, onunla dövlət nikahına girən kişi az olacaq. Əslində bu, cəmiyyətdə olan böyük problemlərdən biridir. Çünki bizdə boşanmış qadınların yenidən nikaha daxil olması möcüzə kimi bir şey sayılır”.
L.Əhmədova deyib ki, insanlar mal-mülk, aliment davasından ötrü toy edir, amma nikahı qanuni qeyd etmir: “Sabah boşanma hadisəsi olduqda gəlinə, həmin ailədən olan övladlara heç nə verməmək üçün özünü sığortalayan oğlan evləri də artıb”.
Psixoloq vurğulayıb ki, dövlət nikahı önəmlidir: “Çünki qeyri-qanuni nikahlarda dünyaya gələn övladlar qanunsuz sayılır. Dini nikah həmin ailədə doğulan uşağın qanuni olduğunu göstərmir. Ona görə də yaxşı olar ki, dini nikahla eyni zamanda dövlət nikahı da olsun. Bununla bağlı əhali maarifləndirilməlidir”.
Onun sözlərinə görə, qeyri-qanuni nikah belə nikahda olan qadına çox pis təsir edir: “Çünki uşaq qeyri-qanuni sayılır. Belə nikahların keçərliliyi, bu nikahda doğulanların iddia payı, heç bir şeyi olmur”.
Hüquqşünas Elnur Ömərov deyir ki, son zamanlar nişan, toy olsa da, nikah rəsmiləşdirilmir: “Bu isə daha çox sənədlərdəki problem, rüsum ödəyə bilmədiklərinə görə olur. Eləcə də, rəsmi ailəli olan şəxslər başqa bir qadınla ailə həyatı yaşamaq istədikdə də bu addımı atır. Ailədən daha çox karyera və uşağa önəm verən qadınlar da qeyri-rəsmi nikahda yaşamağa üstünlük verir. Amma vətəndaş nikahları sonradan ciddi problemlər yarada bilir. Bu hallar atalığın müəyyənləşdirilməsi, alimentin ödənilməsi, əmlak bölgüsüdür”.
Aynurə MƏMMƏDOVA