Bakıda insanların qeydiyyatı ilə bağlı problemlər illərdir ki, bitmir. Ötən ildən daimi qeydiyyatı olmayanlar qanuna uyğun olaraq cərimələnsə də, bu problemin həlli yolu deyil. Çünki paytaxtda sənədsiz evlərin çox olması, “kupça”sız yeni tikililər, müqaviləsiz verilən kirayə evlər vəziyyəti qəlizləşdirir. Məlumdur ki, bir neçə il öncəsinə qədər, Bakıda yaşayan vətəndaşlar yaşadığı əraziyə məsul olan polis orqanlarında qeydiyyata düşə bilirdilər. Ötən ilin yanvar ayından etibarən, Daxili İşlər Nazirliyi (DİN) tərəfindən vaxtilə polis orqanlarında qeydiyyata düşmüş vətəndaşların əksəriyyəti qeydiyyatdan çıxarılıb. Bəs hazırkı vəziyyət necədir? Vətəndaşın qeydiyyat məsələsi necə həll olunmalıdır? Bakıda işləyib sənədsiz evlərdə, yaxud kirayə mənzillərdə məskunlaşan əhali nə etməlidir? Əvvəlcə məsələnin hüquqi tərəflərinə nəzər salaq.
Qeydiyyatsız yaşamaq hüquqi baxımdan doğru deyil
Hüquqşünas Sabir Qəniyev bildirdi ki, qanuna əsasən, müəyyən ərazidə qeydiyyatsız yaşamaq hüquqi baxımdan doğru deyil. Vətəndaş yaşadığı yer üzrə qeydiyyatda düşmürsə və yaxud qeydiyyata alınma qaydalarını pozursa, o zaman o, İnzibati Xətalar Məcəlləsinin 563.1-ci maddəsi ilə cərimə olunur: “Qanuna əsasən, daimi yaşayış ünvanından kənarda yaşayan şəxsə xəbərdarlıq edilir və ya otuz manat məbləğində cərimə olunur. Əgər vətəndaş heç bir yerdə qeydiyyatda deyilsə, onun şəxsiyyət vəsiqəsi qüvvədə olmamış hesab olunur. Həmin şəxs etibarnamə verə, alqı-satqı edə, notarial əməliyyatlar apara, şəxsiyyət vəsiqəsi aktiv olmadığı üçün nikaha daxil ola, hətta nikaha xitam da verə bilmir”.
Notariat Palatası mexanizm müəyyənləşdirməlidir
Hüquqşünasın da açıqlaması təsdiqləyir ki, qanun qeydiyyatı olmayan vətəndaşın hüquqlarını məhdudlaşdırır. Bəs kirayədə yaşayan minlərlə vətəndaşı əgər ev sahibi qeydiyyata almırsa, onlar nə etməlidirlər?
Həmsöhbətimiz deyir ki, əgər ev sahibi vətəndaşı qeydiyyata alarsa, həmin vətəndaşın mənzildən yalnız istifadə hüququ yaranır: “Bu barədə tövsiyəm ondan ibarətdir ki, notarial qaydada kirayə müqaviləsi bağlanarkən, notariuslar kirayəyə verənlərdən kirayəçilərini qeydiyyata almalarını tələb etsinlər. Yəni notariuslar yalnız bundan sonra kirayə müqavilələrini rəsmiləşdirsinlər. Azərbaycan Notariat Palatası məsələnin həlli üçün mexanizm müəyyənləşdirməlidir”.
Kirayəçilərin qeydiyyatdan çıxarılması proseduru sadələşdirilməlidir
Məlumdur ki, ev sahiblərinin kirayə verdikləri evdə vətəndaşı qeydiyyata almaqla bağlı narahatlıqları kirayəçinin mülk üzərində hüququnun olması ilə bağlıdır. Məhz o səbəbdən bir çox kirayə verən kirayəçilərini qeydiyyata almaqdan çəkinirlər. Hüquqşünas deyir ki, ev sahibi qeydiyyatda olan şəxsi yalnız məhkəmə ilə çıxara bilər: “Məhkəməsiz inzibati qaydada şəxs qeydiyyatdan çıxarıla bilməz. Şəxs özü başqa ünvana qeydiyyata düşməlidir ki, həmin ünvandan qeydiyyatdan çıxmış sayılsın. Kirayə mənzillərdə yaşayan şəxslərin qeydiyyatdan çıxarılması məsələsi sadələşdirilməlidir. Qanunvericilikdə elə bir mexanizm müəyyən edilməlidir ki, kirayə müqaviləsinin xitamı nə kirayə verəni, nə də kirayəçini narahat etsin”.
Çıxarışı olmayan evlərdə qeydiyyat mümkündürmü?
Yuxarıda da qeyd etdiyimiz kimi, hələ də minlərlə sakin çıxarışsız mənzillərdə yaşayır və bu mənzillərdə vətəndaşların qeydiyyata alınması prosesi tam olaraq həll olunmayıb. Hüquqşünas deyir ki, sənədsiz evlərin mövcudluğu həm fərdi şəxslər, həm də bələdiyyələr üçün problemlər yaradır: “Çıxarışların olmaması mənzil sahibləri və onların ailə üzvlərini həmin ünvanlarda qeydiyyata alınmaq imkanından məhrum edir. Bu hal faktiki qeydiyyat ünvanından kənar, lakin şəxsi mülkiyyətdə olan çıxarışsız mənzillərdə yaşayan şəxslərin İnzibati Xətalar Məcəlləsinin 563.1-ci maddəsi ilə cərimə edilməsi riskini də labüd edir. Tövsiyə kimi qeyd edə bilərəm ki, tikintisi başa çatmayan, lakin yaşayış olan binalarda Mülki Məcəllənin 147-ci maddəsinin müddəaları ilə təminat qeydi alınarkən mülkiyyətçilərin və onların ailə üzvlərinin müvəqqəti qeydiyyata alınması imkanın yaradılması təmin oluna bilər. Bu, vətəndaşların qeydiyyat problemini keçici olsa da aradan qaldıra bilər”.
“ASAN xidmət” mərkəzlərinə müraciət edin
Əmlak eksperti Elnur Fərzəliyev isə deyir ki, artıq insanlar “ASAN xidmət” mərkəzlərində, rahatlıqla qeydiyyat problemlərini həll edə bilərlər: “Ölkəmizin böyük şəhərlərində, xüsusilə də paytaxt Bakı və Abşeron rayonu ərazilərində yüz minlərlə çıxarışı olmayan fərdi həyət evləri var. Hazırda bu məsələ həllini tapmaq üzrədir. Artıq qeydiyyatı olmayan vətəndaşlar “ASAN xidmət” mərkəzlərinə müraciət edə bilərlər. Hətta evinin çıxarışı olmayanlar belə, əlində olan müvafiq sənədləri təqdim edir, araşdırma aparılır, araşdırma yekunlaşdıqdan sonra həmin vətəndaş müvafiq qaydada qeydiyyata alınır. Əgər vətəndaşın heç bir əmlakı yoxdursa, yenə “ASAN xidmət” mərkəzinə müraciət edir, araşdırma aparılır, araşdırma yekunlaşdıqdan sonra vətəndaş ərazi üzrə polis şöbəsinə qeydiyyata alınır”.
Qeydiyyat məsələləri ilə bağlı tədbirlər görülür
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən də bildirilib ki, vətəndaşlar yaşayış yeri üzrə qeydiyyat məsələləri ilə bağlı “ASAN xidmət” mərkəzlərinə müraciət edə bilərlər. Qeydiyyat məsələləri ilə yanaşı, şəxsiyyət vəsiqəsinin etibarlılıq müddəti bitən, 18 yaşı tamam olan vətəndaşların yeni sənədlərlə bağlı müraciətləri qəbul edilir, müəyyən edilən müddət ərzində sorğular cavablandırılır. Daxili İşlər Nazirliyi tərəfindən vətəndaşların bütün müraciətləri diqqətdə saxlanılmaqla qanunamüvafiq tədbirlərin görülməsi təmin edilir.
Aygün Əziz