Ölkəmizdə dövlət qeydiyyatına alınmayan xeyli sayda daşınmaz əmlak, o cümlədən ev var. Zaman-zaman sözügedən məsələ haqqında danışılsa da, problem hələ də həllini tapmayıb.
Qeydiyyatsız evlər vətəndaşın hüququ statusunun olmadığının göstərcisidir. Ev alğı-satqısında mənzil sahibi əmlakı üzərində hüquqa malik olmadığı üçün heç bir prosesi yerinə yetirə bilmir.
Məsələnin həlli yolları Milli Məclisdə də müzakirə olunub. Müxtəlif təkliflər səsləndirilsə də, bu problemə əncam çəkilmir.
Qeydiyyatsız evlərlə bağlı problemin dəfələrlə gündəmə gəldiyini deyən Vətəndaşların Əmək Liqasının sədri Sahib Məmmədov ciddi məqamların olduğunu bildirdi:
“Məsələn, bütöv qəsəbələr yaranıb, amma kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin üzərindədir. Yaxud həmin qəsəbə Dövlət Torpaq Fondunundur və hansısa şirkətin balansına istifadə üçün verilib, məsələn SOCAR-ın. Eyni zamanda qəsəbə kommunikasiyanın altında, ya da üstündə yerləşir. İndiki halda qanunvericilik belə evlərin dövlət reyestrinə daxil edilməsinə imkan vermir. Ona görə problem həllini tapmır. Təbii ki, burada sürüdürməçilik, korrupsiya kimi hallar da var”.
Liqa sədri qeydiyyatsız evlərlə bağlı problemin həllinə dair təkliflərini də səsləndirdi:
“Yeganə variant odur ki, torpaq sahəsi mənzili tikən şəxsə məxsusdursa, onun üzərində mülkiyyət hüququ varsa, evi icazəsiz tikməyindən asılı olmayaraq ona sənəd verilməlidir. Gərək kommunikasiyanın altında yaxud üstündə olan, ev tikmək üçün kənd təsərrüfatı təyinatı olmayan və ya qanunsuz zəbt olunmuş torpaq sahələrində mənzilin tikilməsi ilə bağlı qanunvericilik dəyişsin.
Belə mənzillər üçün müvəqqəti rejim təyin olunsun. Məsələn, daşınmaz əmlak kimi reyestrə daxil olmasın, amma yaşayış sahəsi kimi uçota alınsın və bilinsin ki, ölkədən belə tikililər nə qədərdir. Eyni zamanda uçota alma mənzil sahiblərinə hüquqi rejimə sahib olmağa imkan versin.
Yəni alğı-satqı, əmlak üzərində hüquqlarını həyata keçirmək hüququ olmasa belə, vətəndaşın müvəqqəti ünvanı olsun, kommunal orqanlarla müqavilə bağalaya bilsin. Ən azı bu barədə qanunvericilikdə müvəqqəti rejim yaradılmalıdır. Problemin həllini bunda görürəm”.