Bir çoxlarımız bir və ya bir neçə sığorta növlərindən, məsələn: avtomobil sığortası, ev sığortası, məcburi sosial sığorta, nadir hallarda həyat sığortası haqqında eşitmişik. Lakin elə qeyri-adi sığorta növləri var ki, onlar haqqında bir çoxlarımız eşitməmişik. Bu qeyri-adı sığorta növləri aşağıdakılardır:
Bədənin hissələrinin
Dünya ulduzları arasında bədənlərinin müəyyən hissələrini sığortalamaq dəb halını alıb. Sizə bədən hissələrini sığortalayan bir neçə məşhurun adlarını çəkə bilərik. Məsələn, model və televiziya aparıcısı Haydi Klumun ayaqlarını 2 milyon dollara sığortalamışdı. Futbolçu Devid Bekhamda, həmçinin ayaqlarını 70 milyon dollara sığortalayıb. Müğənni Cennifer Lopez isə 27 milyon dollara ombasını sığortalayıb. Futbolçu Troy Polamalu qara saçlarını 1 milyon dollar civarında, “Çirkin Betti” şousunun baş rolunda çəkilən gənc aktrisa America Ferrera öz gülüşünü 10 milyon dollar həcmində, Julia Roberts gülüşünü 30 milyon dollar, pop ulduz müğənni Mariah Carey ayaqlarını 1 milyard dollara, komediya ustası Jimmy Durante burnunu 50000 dollara sığortalamışlar. Bədənin bir hissəsini və ya xüsusiyyətini sığortalamaq üçün xüsusilə məşhur olmağa ehtiyac yoxdur. Məsələn, holland şərabçı iybilmə qabiliyyətini, peşəkar qəhvə dequstatoru isə dad qönçələrini sığortalayıb. Lakin unutmayın ki, hər hansı bir bədən hissənizi sığortalamaq o qədər asan iş deyil. Siz sadəcə qulaqlarınızın cazibədar olduğunu iddia edib onları milyonlara sığortalıya bilməzsiniz, qulaqlarınızı itirməyin və ya zədələmənin əhəmiyyətli maliyyə itkisi ilə nəticələnəcəyini nümayiş etdirməli olacaqsınız.
Toylar və digər tədbirlər
Bu, qeyri-adi sığorta növü hesab edilsə də lakin zəngin və məşhur insanlar arasında çox vacib sığorta növüdür. Çünki toy mərasiminə on minlərlə dollar və hətta bundan da çox vəsait xərcləyən insanlar vardır ki, onlar bir az da olsa özlərini qorumaq istəyirlər (məsələn, qaynana və ya qaynata müdaxiləsi nəticəsində ayrılıq və s. bu kimi hallar). ABŞ-da toy sığortası planını hazırlayan “Fireman’s Fund” agentliyi yalnız geri qaytarılması mümkün olmayan xərcləri əhatə edir. Yəni əgər siz çimərlikdə toy mərasimi təşkil edirsinizsə və məsələn, bu zaman sunami baş verirsə o halda bu sığorta növünün köməyilə mərasiminizə çəkilən xərcin əvəzini sığorta şirkətindən ala bilərsiniz. Lakin əgər bəy və ya gəlin sizi mərasim zamanı tərk etsə, onun dalınca qaçmağa heç bir ehtiyac yoxdur, çünki bunun üçün də “Fireman’s Fund” şirkəti heç bir yardım göstərə bilməyəcək.
Yaxşı işçi
İstənilən şirkətdə elə işçilər var ki, şirkətin bütün işləri ən çox onlardan asılıdır. Məhz bu insanlar biznesin davam etməsini və gəlirliliyini təmin edirlər. Belə vacib işçiləri itirmək şirkət üçün problem yarada bilər və onların əvəz olunmaları da çox çətindir. Bunun qarşısını almaq, ən azından belə əvəzedilməz işçinin itirilməsindən yaranacaq potensial riskləri azaltmaq üçün bəzi şirkətlər onları sığortalayırlar.
Öncədən sığortalanma
Qəribə səslənsə də, lakin bu sığorta növü mövcuddur. Əsində bu cür sığorta növünə müraciət etmək bir fotoqrafın ağlına gəlmişdir. Bir vaxtlar o, bir modeli çəkirdi. Həmin model ailə həyatı qurduqdan sonra modellik karyerasını davam etdirməkdən imtina edir. Nəticədə fotoqraf çox böyük ziyana düşür. Lakin bu sığorta növü nəticəsində həmin fotoqraf öz itkilərini kompensasiya etdi.
Evin ekzotik əşyaları
Evin abadlaşdırılması adətən bir sıra ölkələrdə evin sığortalanması ilə nəticələnir. Lakin bu standartlar çox şeyi əhatə etmir. Çox maraqlıdır ki, bu qeyri-adi sığorta növü vasitəsi ilə ətrafınızda abadlaşdırdığınız hər şeyi sığortalaya bilərsiniz. Məsələn, landşaft dizaynınızın bir hissəsi olan ekzotik bitkilər və ya qeyri-standart əkinlərə əhəmiyyətli miqdarda sərmayə qoymusunuzsa, onda onları mütləq sığortalamalısınız.
Heyvanlar
“Heyvan sığorta”sı heyvanların səhhətlərində yaranan hər hansısa, bir xəstəliyin müalicəsi zamanı yaranan xərclərin qarşılanması xidmətidir. Heyvanlarda təcili və qəfildən yaranan bütün xəstəliklər zamanı “Heyvan sığortası”-dan istifadə etmək mümkündür. Heyvanların sığortasına yalnız xəstəliklər deyil , o cümlədən avtomobil qəzası, yanğın hadisəsi, yıxılma nəticəsində yaranan zədə və təbii fəlakətlər zamanı yaranmış problemlər zamanı da istifadə edilə bilər. Bu bir çox məşhurların istifadə etdiyi praktikadır.
Uçuş sığortası
Bu qeyri-adi sığorta növü vasitəsi ilə uçuş qəzaları (məsələn, bu uçuşlara təyyarə, vertolyot, hava şarları, planerlər və bu kimi digər uçuş vasitələri ilə edilən uçuşlar daxil ola bilər) nəticəsində baş verən zədələnmələri, yaralanmaları və ya ölüm hallarını sığortalayasınız.
Qida zəhərlənməsindən qorunma
Qonşularınızı piknikə dəvət etməyi planlaşdırırsınızsa və ya bütün rəhbərlik komandanızı şam yeməyinə dəvət edirsinizsə, özünüzü riskə atırsınız. Məsələn, təzə olmayan balıq və yaxud göbələk növünü düzgün seçməsəniz o zaman dəvət etdiyiniz hər kəs qida zəhərlənməsinə məruz qala bilər.Bu zaman onların tibbi və digər xərclərinə görə məsuliyyəti siz daşıyacaqsınız. Bəzi ölkələrdə insanlar bu tip hallardan uzaq olmaq üçün öncədən özlərini sığortalayırlar.
Samirə Tağıyeva