dogus

Qeysəriyyə, yoxsa təbii doğuş daha təhlükəlidir?

Baxış sayı: 581

Azərbaycanda ana ölümləri kimi ağır hadisələr baş verməkdədir. Təəssüf ki, ana ölümlərin statistikası bu kimi faktların əyalətlərdə, daha çox isə cənub bölgəsində baş verdiyini göstərir. Son olaraq Cəlilabad rayonunda doğuş zamanı ana ölümü baş verib. Hadisə Cəlilabad Müalicə Diaqnostika Mərkəzində qeydə alınıb. İlkin məlumata görə, rayonun Muğan kənd sakini, 2002-ci il təvəllüdlü Fatimə Zaur qızı Həziyeva qeysəriyyə əməliyyatından sonra vəfat edib. Onun övladı isə sağdır. Mərhumun ailəsi övladlarının ölümündə həkim səhlənkarlığının olmasını iddia edirlər.

Statistika da onu göstərir ki, son bir neçə ildə ölkədə ana ölümlərinin sayında artım var. Məsələn, ötən il Azərbaycanda 20 ana ölümü faktı qeydə alınıb. Halbuki ötən illərdə, məsələn, 2017-ci ildə  bu rəqəm 11 idi. Araşdıranda məlum olur ki, doğuş zamanı ana və körpə ölümü daha çox bölgələrdə baş verir. Səbəb isə aydındır: bölgələrdə bir çox hamilə qadınlar 9 ay müddətində həkim ginekoloqların nəzarətində olmaqdan yayınır, yalnız doğuş anında həkimə müraciət edirlər. Nəticədə həkim hamilə qadının son ana qədər hansı problemlərlə qarşılaşdığını, hansı xəstəliklər keçirməsindən xəbərsiz doğuşa alır. Bu səbəbdən bəzən faciə baş verir.

Mütəxəssislər qeyd edir ki, ana ölümünə səbəb olan amillərdən biri də doğuş zamanı anada qan laxtalanması, qanaxma və trombun yaranması və yaxud əvvəldən qadında ürək, böyrək və yaxud ağciyər xəstəliklərinin olması ilə bağlı olur. Bu səbəbdən hamilə qadınlar daim nəzarətdə olmalıdır.

O da məlumdur  ki, bölgələrdə bəzən həkim heyəti çatışmazlığı, tibbi ləvazimatların bəzi hallarda sanitariya qaydalarına uyğun olmaması və korrupsiya halları yaşanır. Nəticədə hamilə qadınlar çətinliklə də olsa bölgələrdən paytaxt Bakı və yaxud digər böyük şəhərlərdə yerləşən özəl, nüfuzlu klinikalara üz tutmaq məcburiyyətində qalır. Lakin hər qadının da buna imkanı, şəraiti olmur.

Əksər ölkələrdə olduğu kimi, Azərbaycanda da ana olmağa hazırlaşan qadınların böyük qismi qeysəriyyə üsuluna üstünlük verir. Əlbəttə ki, bu da səbəbsiz deyil. Bu üsul daha ağrısız və zədəsiz olması, həmçinin bədənin daha yaxşı formada qalmasını təmin etdiyi üçün qadınları daha çox cəlb edir. Beləliklə, təbii yolla doğum etmək “dəb” deyil desək, yanılmarıq. Lakin protokol qaydalara əsasən, hamilə qadının təbii, yoxsa qeysəriyyə üsulu ilə ana olmaq haqda qərarı yalnız həkim verməli və bunu əsaslandırmalıdır.

Daha bir məsələ, qeysəriyyə əməliyyatının bu cür üstünlükləri olsa da, onun  fəsadları çoxdur. Öncə ona görə ki, ilk övladını qeysəriyyə əməliyyatı ilə dünyaya gətirən qadınlar 2 və 3-cü uşaqları da bu yolla dünyaya gətirmək məcburiyyətində olurlar. Və bu, planlı şəkildə həyata keçirilməlidir. Belə ki, ilk qeysəriyyə əməliyyatından sonra qadının ən azı 3-4 il hamiləlikdən uzaq olması məsləhət olunur. Bu dövr ərzində ananın orqanizmi tam sağalmalı, immuniteti güclənməli, daha sonra yenidən əməliyyat üçün tam hazır olmalıdır. Həkimlər hər zaman qeyd edir ki, bir ana maksimum 3 dəfə qeysəriyyə əməliyyatı keçirə bilər. Çünki hər dəfə hamiləlik zamanı əməliyyat olunan nahiyədə qanaxma baş verə bilər ki, bu da həm ana, həm də uşaq üçün təhlükə deməkdir. Mütəxəssislər qeyd edir ki, bu əməliyyat zamanı ölüm hadisəsi o zaman baş verir ki, anada qan laxtalanması ilə bağlı problem olsun və yaxud xəstəyə düzgün formada narkoz verilməsin. Bəzən də qanaxmalardan ananın həyatını qurtarmaq olmur.

Müşahidə olunur ki, bir çox hallarda ana olmağa hazırlaşan qadınlardan daha çox bəzi həkimlər qeysəriyyə əməliyyatına üstünlük verir və pasiyentlərini buna təhrik edirlər. Səbəb isə məlumdur – bu əməliyyat daha bahalıdır.

Araşdıranda məlum olur ki, Bakıda özəl xəstəxanalarda qeysəriyyə əməliyyatı təxminən  1200-1600 manata, təbii doğuş isə 700-800 manata başa gəlir. Bölgələrdə isə özəl xəstəxanalarda qeysəriyyə əməliyyatı 1000 manatdan başlayır. Dövlət xəstəxanalarında təbii doğuş ödənişsiz olduğu deyilsə də, pasiyentin təxminən 300-400 manat xərci çıxır.

Tanınmış həkim-ginekoloq Rəşad Sultanöncə ana ölümlərinin əsas 4 səbəbini açıqladı: “Dünyada ana ölümlərinin əsas səbəbləri aşağıdakılardır:

Mama-ginekoloq Rəşəad Sultan bilgiləndirir! - YouTube

– qanaxma, infeksiya, preeklampsiya, qan laxtalanması. Bu sıralama inkişaf etmiş ölkələrdə də belədir. Lakin inkişaf etmiş ölkələrdə artıq qanaxmanın öhdəsindən gəlindiyi üçün onlarda birinci sırada qan laxtalanması gəlir. Yəni inkişaf etmiş ölkələrdə qanaxma və infeksiya geri plana düşüb, bizim kimi inkişaf etməkdə olan ölkələrdə isə əsas səbəb qanaxmadır. Bəs biz niyə bunun öhdəsindən gələ bilmirik? Bu, sistemli bir problemdir. Bizdə ana ölümü baş verəndə dərhal həmin ananın müalicə, əməliyyat həkiminə fokuslanırıq. Amma bir nəfəri günahlandırmaq ictimai  qınağın məqsədi deyil. İctimai qınağın məqsədi o şəraitə gətirib çıxaran məsələlər nədirsə onların araşdırılmasıdır. Tutaq ki, ginekoloq savadsızdır, demək ki, bizim tibb təhsilimizin həm nəzəri, həm də praktik hissəsində problem var. İkincisi, burada problem əməliyyat və ya doğuşun yanlış aparılmasında deyil. Məsələn, əməliyyatdan sonra qan köçürülməlidir, qan və qanəvəzedicilərin təminatı məsələsi var. Xəstə vəziyyətdən çıxarılır, qanaxma dayandırılır,  sonrası ilə reanimatoloq məşğul olur, deməli, reanimasiya işinin təşkili məsələsi var”.

Ginekoloq indi daha çox müraciət olunan qeysəriyyə əməliyyatının fəsadlarından da söz açdı: “Bildiyiniz kimi, normal doğuş qadınların sağlamlığına daha faydalıdır. Yalnız həkim əsaslandıranda ki, mütləq qeysəriyyə əməliyyatı lazımdır, yalnız bu zaman bu üsula müraciət edilməlidir.  Lakin bu gün daha çox qeysəriyyə əməliyyatına üstünlük verilir. Əgər yenə də həkimlər arasında ”sənin xəstən, mənim xəstəm” anlayışı olacaqsa, normal doğuşları artıra bilməyəcəyik. Nə qədər ki, həkimlərin etibar etdiyi hüquqi sistem olmayacaq, bu sistem həkimlərin arxasında durmayacaq, nə qədər ki, hamilələr düzgün istiqamətləndirilməyəcək, bu problem davam edəcək. Reallıq ondan ibarətdir ki,  hələlik ölkəmizdə bu sistem mümkünsüz kimi görünür”.

Rəşad Sultan ana olmağa hazırlaşan qadınlara öz tövsiyələrini də bildirdi: “İlk növbədə sağlam olsunlar, daha sonra isə ana olmağı düşünsünlər. Yəni qalxanabənzər vəzidən tutmuş, ürək xəstəliklərinə qədər hər bir şey yoxlanılmalı, daha sonra isə hamilə qalmağa çalışmalıdırlar. Əlbəttə ki, ana sağlam olmayanda, uşaq da sağlam olmur”.

Mehriban Zeynalova: “Karantin dövründə sığınacağa səkkiz məişət zorakılığı qurbanı müraciət edib”

Mövzu ilə bağlı “Təmiz Dünya” Qadınlara Yardım ictimai Birliyinin sədri Mehriban Zeynalova da danışdı: “Düşünürəm ki, ölkədə ana ölümlərinin səbəblərindən biri bölgələrdə, xüsusən də ucqar kənd yerlərində lazımi tibbi personalın və tibbi avadanlıqların olmamasıdır. Daha bir problem, hələ də bəzi bölgələrdə qadınlara psixoloji təzyiqlər olur ki, “biz də yalnız doğuş vaxtı  həkimə getmişik, belə görmüşük” deyə və qadın son anda həkimə müraciət edir, nəticədə ağır fəsadlar olur. Və yaxud qadın yalnız 1 dəfə müayinədən keçir, o da dölün qız və yaxud oğlan olmasını yoxlamaq üçün. Halbuki ana olmağa hazırlaşan qadın ən azı 7 dəfə tibbi müayinədən keçməlidir. Bu proseduralar yerinə yetirilmədikdə, həmçinin ekologiyanın çirklənməsi, ana zorakılıq mühitində yaşayırsa, gərginlik və stress keçirməsi, bütün bunlar öz təsirini göstərir. O ki qaldı qadınların daha çox qeysəriyyə əməliyyatına müraciət etməsinə, hesab edirəm ki, artıq ölkəmizdə bu məsələyə münasibət dəyişib, qadınlarımız sağlam doğuşa üstünlük verməyə başlayıblar. Bu məsələdə həkimlər də peşəsinə vicdanlı yanaşıb, əsas olmadan anaları qeysəriyyə əməliyyatına təhrik etməməlidir. İlk növbədə ana olmağa hazırlaşan qadınlar öz sağlamlıqlarının qayğısına qalmalıdırlar. Bəzən görürük ki, “bədən formam qaydasında qalsın” deyib, analar qeysəriyyə əməliyyatı keçirir, körpələrini ana südündən məhrum edirlər. Bu, körpəyə qarşı edilən açıq-aşkar zorakılıqdır”.

 

Xalidə GƏRAY




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir