DOGUS

Qeysəriyyə, yoxsa təbii doğuş daha təhlükəsizdir?

Baxış sayı: 1. 899

Müasir zəmanəmizdə qeysəriyyə əməliyyatı çox sadə və rahat uşaq dünyaya gətirmə üsulu sayılır və ana olmağa hazırlaşan bir çox xanımlar, xüsusən də doğuş sancılarında qorxan xanımlar bu yolu seçirlər. Lakin səbəbsiz edilən qeysəriyyə əməliyyatının da fəsadları var.

Bir neçə gün öncə Tovuz rayon Yanıqlı kənd sakini, 1988-ci il təvəllüdlü Oksana Əliyeva əməliyyat zamanı vurulan narkozdan komaya düşüb və dünyasını dəyişib. Azərbaycanda qeysəriyyə yolu ilə hər il 30 minə yaxın körpə doğulur ki, bu da doğuşların təxminən 20 faizi deməkdir. Halbuki Dünya Səhiyyə Təşkilatının məlumatına görə, bu rəqəm 15 faizi keçməməlidir. Bir çoxları qeysəriyyə əməliyyatlarının arxasında biznes maraqları durduğunu və buna görə də klinikaların ehtiyac duyuldu-duyulmadı, ana olmağa hazırlaşan xanımları qeysəriyyə əməliyyatına aldıqlarını düşünür.

Qeyd edək ki, təbii doğuşla qeysəriyyə əməliyyatı arasında 200-300 manata yaxın bir fərq olur. Məsələn, özəl klinikaların əksəriyyətində təbii doğuş 1000 manata, qeysəriyyə əməliyyatı isə 1200 manata həyata keçirilir.

Maraqlıdır, hansı hallarda qeysəriyyə əməliyyatına ehtiyac duyulur? Təbii doğuş yoxsa qeysəriyyə əməliyyatı ilə həyata keçirilən doğuş təhlükəsizdir?

Uzman cərrah-ginekoloq Nərmin Qəribova bildirdi ki, ana və uşaq üçün ən sağlam olanı təbii doğuşdur, ancaq bəzi hallarda qeysəriyyə əməliyyatı da vacibdir: “Normal doğuş adından anlaşıldığı kimi doğuşun təbii şəklidir. Bu səbəbdən də ana və uşaq üçün ən sağlıqlı olan formasıdır. Qeysəriyyə əslində doğuşun növlərindən biri deyil. Qeysəriyyə doğuşun normal yollarla həyata keçirilməsi mümkün olmadıqda, yaxud ana və ya dölün risk altında olduğu hallarda onların sağlamlığını qorumaq üçün aparılan bir əməliyyatla körpənin dünyaya gətirilməsidir. İstəyə bağlı olaraq aparılan qeysəriyyə əməliyyatı heç də sağlam bir hal deyil. Yəni bəzən ana namizədlər elə düşünürlər ki, normal doğuş zamanı körpəni riskə atmış olurlar və təbii doğuş zamanı uşaqlar hər hansı bir fəsad ala, bu, onun gələcək həyatına təsir göstərə bilər. Əslində isə doğuş həm ana, həm də uşaq baxımından hər şey qaydasında və normal şəkildə gedirsə, həm ana, həm uşaq üçün gələcəkdə heç bir problem təşkil etməyən fizioloji bir prosesdir. Bir qarın əməliyyatı ilə gerçəkləşən doğuşun normal yolla, bir neçə tikişlə gerçəkləşən doğuşdan daha sağlıqlı ola bilməz. Bütün elmi araşdırmalar da bunu göstərməkdədir. Amma belə bir həqiqət də var ki, ana və uşağın həyatını təhlükəyə sala biləcək bir hal varsa və yaxud normal doğum mümkün deyilsə, bu zaman qeysəriyyə əməliyyatı faydalıdır. Həqiqətən də bəzən bizim üçün ana və dölün həyatını qurtarmaq üçün bu bir çıxış yoludur. Qeysəriyyə üçün bir göstəriş olmadığı halda ananın normal doğuş etməsi həm özü, həm də uşaq baxımından daha sağlam olanıdır”.

N.Qəribova ana və ya döldə aşağıdakı hallar müşahidə edildikdə ana və uşağın sağlamlığı üçün qeysəriyyə əməliyyatının olduqca vacib olduğunu bildirdi: “Normal doğuş zamanı deyək ki, doğuş fəaliyyəti başladı, ancaq dölün enişində və yaxud uşaqlıq boynunun açılmasında irəliləmə olmaması, doğuşun normaldan uzun davam etməsi halında, normal doğuş zamanı dölün ürək döyüntülərində dəyişkənlik olması, daha çox yavaşımaların olması, hansı ki, buna fetal stress deyirik, bəzən dölün yan mayesinin çox olması və yaxud göbək ciyəsinin öndə yerləşməsi ilə bağlı ani dölyani maye axması ilə bərabər, göbək ciyəsinin uşaqlıq boynundan vaginaya sallanması, göbək ciyəsinin sıxılması durumunda qeysəriyyə əməliyyatı şərtdir. Bundan başqa, doğuş gedişatı dövründə aşırı qanaxmanın olması, ciftin müəyyən bir hissəsinin uşaqlıq divarından ayrılması, dölə bağlı olan düzgün olmayan gəlişlər – sağrı gəlişi, transpers gəliş, yəni baş pozisyasından kənarda olan gəlişlər, uşaq kilosunun çox olması, baş çanaq uyğunsuzluğu, yəni uşağın başının çanaq darlığına bağlı olaraq ananın doğum kanalından keçə bilməyəcək qədər böyük olması və yaxud uşaq başlığının normal olmayacaq şəkildə olması, çox döllü – əkiz və ya üçüz hamiləliklər qeysəriyyə olmalıdır. Bəzən əkiz və üçüz hamiləliklərdə də təbii doğuş etmək mümkün olur. Daha öncə 1 dəfə qeysəriyyə əməliyyatı ilə doğuş həyata keçirmiş xanımlar bəzi kriteriyalar daxilindədirsə, normal doğuş həyata keçirə bilərlər. Əgər anada uşaqlıq boynunu və yaxud vaginanı tutacaq qədər böyük şiş varsa, eyni zamanda bəzi aktiv infeksion xəstəliklər varsa, həmçinin, uşağın özünə bağlı qüsurlar, anomaliyalar, anaya bağlı olaraq daha öncə keçirilmiş, məsələn, vaginal estetik əməliyyat varsa, həmin hissədə normal doğum təkrar pozulmalara səbəb olduğu üçün qeysəriyyə əməliyyatına üstünlük verilməlidir. Ananın özünə bağlı bəzi problemlər, hətta hamiləlik zamanı ortaya çıxan ani təzyiq yüksəlişi, anada yanaşı gedən ürək qüsurları və ya başqa orqanlarda pozğunluqlar getdiyi zaman ana və dölün həyatını riskə atmamaq üçün qeysəriyyə əməliyyatına üstünlük verilər bilir”.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir