Qızlar, xüsusilə, modapərəstlər şaxtalı və qarlı havalarda hamıdan yaxşı geyinməyə can atır.
Bu yazıda soyuq havada paltar seçimində çətinlik çəkən qızlar üçün nümunələr seçmişik.
Qış obrazları dedikdə, ağlımıza ilk növbədə xəz geyimlər gəlir. Əlbəttə, təbii xəz keyfiyyətli və daha dəbdəbəli görünür. Lakin büdcənizə uyğun olmadığına qərar vermisinizsə, alternativ olaraq süni xəz seçmək olar. Təbii ki, bu seçimin də öz üstünlükləri var. Əvvəla, pula qənaət edəcəksiniz. Başqa bir yandan isə heyvanları ölümdən xilas edəcəksiniz. Üstəlik, trendlərlə də ayaqlaşacaqsınız. Çünki heç bir markanın qış kolleksiyalarını xəz olmadan təsəvvür etmək mümkün deyil.
Gön-dəri (dublyonka) üst geyimləri qış aylarında məşhurluğuna görə, ikinci yerdə dayanır. Bu geyimlərin bədən quruluşunuza və üz rənginizə uyğun ən münasib fasonunu seçin.
Pərqu gödəkcələr qışın ən sərt dövründə bədəni maksimum qızdırmaq vəzifəsinin öhdəsindən gələcək! Üstəlik, bu gün onların həm idman, həm də klassik üslubla uyğun gələn fasonları təklif olunur. Bir sözlə, bu gödəkcələr müasir modapərəstlərin tələbatını ödəməyə kifayət edir.
Ofis geyimləri əvvəlki kimi, yığcam və ciddi stil tələb etsə də, qış öz dəbini diktə etməyə başlayır. Məsələn, həmin geyimləri pambıq, trikotaj, yaxud yun kimi qalın parçalar əvəz edir. Xüsusi vəziyyət üçün qış aylarında qalın kolqotkalar var. Obrazın bayağı alınmaması üçün onları maksimum ehtiyatla seçmək lazımdır.
Qış üçün ən əlverişli variantlardan biri də militari tərzində geyimlərdir. Hündür çəkmələr və ya papaqlı paltolar burada yerinə düşər. Yun papaq, şərf və əlcəklər isə qış obrazının ayrılmaz hissəsini təşkil edir. İndi aksessuarların eyni rəngdə olması məcburi deyil. Lakin qışda geyimlərin sayı artdığı üçün papaq, əlcək, şərf, çanta və ayaqqabıların bir-biri ilə ahəng təşkil etməsinə diqqət edin.
Qış kombinlərinə aid bir neçə nümunə seçmişik. Yadda saxlayın ki, qalın qış geyimləri ilə də çox dəbdəbəli obrazlar yaratmaq mümkündür.