qis

Qış depressiyasından canımızı necə qurtara bilərik?

Baxış sayı: 1. 468
Fəsillərin dəyişməsi bəzi insanlarda depressiyaya səbəb olur. Əvvəlcədən müəyyən qədər problemlərimiz varsa, fəsil dəyişəndə, əsasən də qış fəslində, bu, özünü daha çox büruzə verir. Demək olar ki, bu fəsildə baş verən hər hadisə bizim ruh halımızın dəyişməsinə səbəb ola bilir. Havanın tutqun olmasından yediyimiz qidalara qədər hər bir detal bizim psixologiyamıza təsir edir. Hətta bəziləri üçün bu fəsildə həyat durur desək, yanılmarıq. Özləri də bilmədən depressiyaya düşürlər. Maraqlıdır qış depressiyasının yaranma səbəbi, onun əlamətləri nələrdir. Və bu depressiyadan canımızı necə qurtara bilərik?
Psixoloq Nərgiz Süleymanlı bildirir ki, səhərlər yorğun oyanmaq, yataqdan çıxmaq istəməmək, gün ərzində özünü yorğun və halsız hiss etmək, şirin qidalara meyilliliyin artması, fikir cəmləməkdə çətinlik çəkmək, unutqanlıq, kədərli halda olmaq, öncədən zövq aldığı fəaliyyətlərə laqeydliyin yaranması, günəş işığının azalması ilə bağlı dəmir əskikliyinin olması, qollar və ayaqlarda ağırlıq hissi, tez hirslənmə, səbirsizlik və s. kimi hallar qış depressiyasının əlamətləridir: “Əgər bunlardan bir neçəsi varsa, deməli qış depressiyasına tutulubsunuz. Bundan qurtulmaq üçün edə biləcəyiniz bir neçə şərtlər var. Belə ki, ilk olaraq qidalanmanıza diqqət etməlisiniz. İnsanın xoşbəxtliyini serotonin hormonu təyin edir. Şirniyyat serotonin hormonu ifrazını artırdığına görə, depressiya halında şokolad və şirin qidalara meyillilik artır. Ancaq çox şirniyyat qəbulu artıq çəki problemi yaratdığına görə, insanda özünə inam probleminə səbəb olur. Buna görə də, başqa vasitələrlə serotonin hormonunun ifrazını gücləndirmək lazımdır”.
Psixoloqdan hansı qidalardan istifadə etməyin faydalı olduğunu soruşduq: “İçərisində Omega3 olan balıq rahatlamağımıza səbəb olacaq qidalardandır. Həm də üz dərimiz və sağlığımız üçün çox faydalıdır. Aparılan araşdırmalara görə, balığın tərkibindəki yağlar depressiyanın aradan qaldırılmasında əsaslı rol oynayır. Həkiminizlə məsləhətləşərək balıq yağı qəbuluna başlamağınız faydalı olar. Bundan başqa Omega3 ilə zəngin  olan qoz, melotonin hormonunun ifrazına təkan verir. Bu hormon yuxu probleminin ortadan qalxmasında önəmli rol oynayır. Beyində xoşbəxtlik hormonlarından biri endorfindir. Onun ifrazını sürətləndirən meyvələrdən bananı misal çəkə bilərik. Banan qoxusu və tərkibinə görə, şəkərə ehtiyac duyulan anda ən gözəl alternativ variantdır” .
N. Süleymanlı depressiyadan çıxmağın yolları haqqında da məlumat verdi: “Depressiyadan qurtulmadan danışarkən bitki çaylarını unutmamaq lazımdır. Qəhvənin əvəzinə tərkibi sakitləşdirici maddələrlə zəngin çaylara üstünlük verin. Qış depressiyasından qışın xüsusiyyətlərini işlədərək qurtulmağa çalışın. Hər səhər yürüş edin, təmiz havanı ciyərlərinizə dolduraraq soyuğu da sevməyə çalışın. Müntəzəm olaraq etdiyiniz idman hərəkətləri sizin enerjinizin artmasına kömək edəcək. Sosial fəaliyyətlərdə aktiv olun. Yeni tanışlıqlar sizə mütləq müsbət təsir edəcək”.
Qış depressiyasının həm də qidalanmağımızla bağlı olduğunu nəzərə alaraq, mövzu ilə bağlı diyetoloqun da fikirlərini öyrənməyə çalışdıq.
Diyetoloq Şəhriyyə Əhmədova deyir ki, qış aylarında insanlar daha çox yatmağa üstünlük verirlər: “Bu aylarda qışı sevməyənlər evdən çölə çıxmaq istəmir, bütün günü heç bir iş görmədən yatmaq istəyirlər. Və günlərinin böyük əksəriyyətini də depressiyada keçirirlər. Bu dövrdə daha çox çəki aldıran qidalar qəbul edirlər. Nəticə etibarilə kökəlmə baş verir. Bu da birbaşa insanın psixologiyasına təsir edir. İnsan aldığı artıq çəkidən şikayətlənməyə başlayır. Güzgüdə özünə baxarkən, kilo aldığını hiss edir və istər-istəməz neqativ emosiyalarla  yüklənir”.
Diyetoloqdan bu mövsümdə hansı qidalardan istifadə etmək lazım olduğunu soruşduq: “Xəstəliklərin çox olduğu, virusların aktivləşdiyi bir dövrdə sarımsaq, soğan, zəncəfildən daha çox istifadə etməliyik. Həmçinin C vitamini ilə zəngin olan qidaların sayını artırmalıyıq. Xüsusilə də, mövsümündə yetişən portağal, nar, naringi kimi meyvələri rasionumuzdan əskik etməməliyik. Onu da qeyd edim ki, probiotik dəstək insan orqanizmi üçün çox önəmli rol oynayır. Ona görə, qatıq, süd, pendir kimi ağartı məhsullarından çox istifadə olunmalıdır. Xüsusilə də, südün istifadəsi digər fəsillərdəkindən çox olmalıdır. Əgər gün ərzində özümüzü çox yorğun hiss edir, halsız oluruqsa, səhər yeməyini yaxşı yeməliyik. Bunun üçün də yulafdan və ya digər taxıl bitkilərindən hazırlanmış qidalara daha çox üstünlük verməliyik. Səhər yeməyində sıyıq yemək orqanizm üçün daha faydalıdır”.
“Həmçinin kefimizi açacaq qidaları da həddi aşmamaq şərti ilə yeyə bilərik” deyən müsahibimiz bildirir ki, məsələn, bəzi insanlar şokolad və banan yeməkdən çox xoşbəxt olurlar: “Yəni bu qidalar ağız dadlarına daha çox uyğun olur və onları yeməkdən zövq alırlar. Psixoloji olaraq özlərini yaxşı hiss edirlər. Amma bu qidaları da qaydasında qəbul etmək lazımdır. Həddi aşmamaq şərti ilə yemək olar. Əgər aşırı dərəcədə qəbul edilərsə, orqanizm üçün bəzi fəsadlar törədə bilər”.
Həmsöhbətimiz deyir ki, həzm olunması rahat qidalara üstünlük vermək lazımdır: “Xəmir xörəkləri qışın ən sevilən yeməklərindən biridir. Xüsusilə də, xəngəl ən çox yeyilən xəmir yeməyidir. Lakin yaxşı olardı ki, xəmir xörəklərindən az istifadə olunsun. Əgər çox sevirlərsə, yemək istəklərinə qarşı gələ bilmirlərsə, o zaman daha yaxşı olar ki, xəngəli kəpəkli undan hazırlasınlar.  Həmçinin marketlərdə kəpəkli, yulaf unundan hazırlanmış makaronlar var. Onlardan istifadə etməklə artıq çəki almaq problemlərini azalda bilərlər. Çünki onların həzm olunması daha rahat olur. İnsanlara “yeməyin” demək olmaz. Sadəcə, insan özünü tanımalıdır və onu nəyin kökəltdiyini bilməlidir. Həmin qidalardan mümkün qədər uzaq durmalıdır. Və hansı sahədə işləməyimizdən asılı olmayaraq, mütləq şəkildə hərəkət etməliyik. Sağlamlıq üçün hər bir insanın müəyyən mənada fiziki aktivliyi olmalıdır. Ən azından hansısa bir məsafəni ayaqla qət etməliyik. Bu, vacib olan nüanslardan biridir. Ən əsası da, yediyimiz qidanın miqdarına fikir verməliyik. Elə insanlar var fiziki aktivliyi yoxdur, amma qidalanmaya fikir verdiyi üçün çəkisini stabil saxlaya bilir”.



Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir