Bildiyiniz kimi, təqvim ilinin ən qısa ayı sayılan fevral ayı bu il 29 gündən ibarətdir. Məlum olduğu kimi, 29 fevrala hər 4 ildən bir təsadüf olunur. Beləliklə, 2020-ci il uzun il hesab olunur. Çünki qısa illərdə fevral ayı 28, uzun illərdə isə 29 gündən ibarətdir. Fevral ayının niyə qısa olmasının və 4 ildən bir 1 gün uzanmasının səbəbi isə əksər mənbələrdə eyni şəkildə izah edilir. Belə ki, e.ə. 46-cı ildə Roma imperatoru Yuli Sezar təqvimdəki qarışıqlığı aradan qaldırmağı tapşırır. O zamana qədər il 365 gün 6 saat hesablanırmış. Misirli astroloq Sosiginesin hesablaması ilə ilin 365 gün çəkməsi, hər ildən qalan 6 saatın isə təqvimə 4 ildən bir əlavə olunması qərara alınır. Beləliklə, il dörd ildən bir 366 gün çəkir. 366 gün 12 bərabər hissəyə bölünmədiyi üçün 6 ay 30 gün, 6 ay isə 31 gün müəyyən edilir.
Sezarın əmri ilə 365 gün çəkən illərin son ayından 1 gün çıxılır. O zaman ilin son ayı fevral olduğundan bu ay 4 ildən bir 30, digər illərdə isə 29 gün hesablanır. Sezar başqa bir əmri ilə aylardan birinə – iyul ayına öz adını verir. Sonradan imperator Oktavian Avqust da növbəti aya öz adını verir və o, avqustun iyuldan 1 gün az çəkməsini şəninə sığışdırmadığından fevraldan 1 günü kəsib, avqusta calayır. O zamandan bəri fevral ayı 4 ildən bir 29, qalan illərdə isə 28 gün çəkir.
Hazırda Azərbaycan da daxil olmaqla, dünyanın əksər ölkələrində əsas təqvim kimi istifadə edilən Qriqorian təqvimində də belədir. Amma nömrəsi iki sıfırla qurtaran illər 400-ə bölünmürsə, həmin illərdə fevral ayı 28 gün olur; nömrəsi iki sıfırla qurtaran illər istisna edilməklə, 4 oktyabr 1582 tarixdən sonrakı hər hansı ilin nömrəsi 4-ə qalıqsız bölünərsə, həmin ildə fevral ayı 29 gündən ibarət olur. Bir çox ölkələrdə məhz bu gün özəl bir gün hesab edilir. Bir sıra ölkələrdə isə 29 fevralda heç bir dövlət işləri həyata keçirilmir, müqavilələr bağlanmırdı.
XVIII əsrə qədər fevralın 29-u bir çox Avropa ölkələrində qəbul edilmirdi. Təqvimdə fevralın 29-u olsa da, hüquqi cəhətdən rəsmi gün sayılmırdı. Bu gün müqavilələr bağlanmır, borc verilmir, ödənişlər aparılmırdı. Çünki bu tip işlərin məhkəmədə baxılmasında problem ortaya çıxırdı.
Bundan başqa, fevralın 29-da dünyaya gələn şəxslər hər il ad günlərini qeyd edə bilmədikləri üçün bu mənada şanssız sayıla bilərlər. Çünki onlar doğum günlərini 4 ildən bir qeyd etmə məcburiyyətindədirlər. Statistikaya görə, 4 milyon insan doğum gününü fevralın 29-da qeyd etməli olur. Bəzi valideynlər isə 29 fevralda dünyaya gələn övladlarını rəsmi sənədlərdə başqa tarixə qeyd edirlər. 29 fevral həm də Qərb dünyasında qadınların kişilərə evlənmə təklif etdiyi gün kimi əlamətdardır.
Biznes və iş dünyası üçün isə 29 fevral əvəzolunmaz gündür. Çünki işçilərlə rəsmi əmək müqavilələrində təqvim ili 365 gün nəzərdə tutulduğundan, fevral ayı 29 gün olan illərdə işçilər 1 gün pulsuz işləmiş olurlar. Hətta əməkçilər zaman-zaman belə kampaniyalar aparıblar, iddia ediblər ki, bu, “kapitalistlərin cibinə işləyən” gündür, çünki ilin 366-cı gününü xalq pulsuz işləyir.