biznes

Qışda bu bizneslər daha çox qazandırır

Baxış sayı: 439

Qış fəslində bəzi bizneslər xüsusilə canlanır və digər mövsümlərlə müqayisədə daha çox gəlir gətirir. Bu fəslin tələbatı, hava şəraiti və istehlak davranışları müəyyən sahələri daha aktiv edir. Maraq doğuran sual budur: bu fəsildə hansı xidmət və məhsullara tələbat artır və hansı biznes növləri məhz qışda daha çox qazandırır? 

Biznes konsultant Solmaz Yaqubova bildirdi ki, ümumi olaraq bizneslərin çoxu gəlirlilik mövzusunda fəsillərə uyğun olaraq dəyişiklik göstərir: “Məhz buna görə də, bizneslər mümkün qədər bütün ön hazırlıq proseslərini, marketinq planlarını əsas gəlirlilik gətirəcək sezondan əvvəl planlamalıdırlar. Qış mövsümündə hansı bizneslərin daha çox gəlir əldə etmə fürsəti var? desək, bu fəsil öz daxilində həm risklər, həm də böyük imkanlar daşıyır”.

Onun sölərinə görə, soyuq hava, insanların davranışında dəyişiklik, alış-veriş vərdişlərinin fərqlənməsi bir çox sahənin satışlarını artırır: “Bu dövrdə xüsusilə isti yeməklər və içkilər təqdim edən qida sektorundan tutmuş, geyim, istilik sistemləri, evdə rahatlıq təmin edən xidmətlər, hətta turizmə qədər geniş bir sahə aktivləşir. Qış aylarında insanların öncəlikləri dəyişir: onlar daha çox rahatlıq, istilik, təhlükəsizlik, sağlamlıq və bayram ab-havasına yönəlirlər. Bu isə restoranların, geyim sektorunun, ev və avtomobil üçün qışa uyğun xidmətlərin, həmçinin onlayn satış və çatdırılma platformalarının ciddi şəkildə qazanclarının yüksəlməsinə səbəb olur”.

Həm əylənib, həm də pul qazanacağınız 5 biznes

Biznes konsultant qış mövsümündə ən çox qazanan sahələri sadaladı: “İsti yeməklər və içkilər təqdim edən qida sektoru, qış geyimləri və ayaqqabıları, istilik sistemləri və məişət texnikası, avto xidmətlər və ehtiyat hissələri, bayram dövrünə uyğun hədiyyəlik məhsullar və şirniyyat sektoru, qış turizmi və spa/wellness xidmətləri, sağlamlıq və immunitet artıran məhsullar, onlayn alış-veriş və çatdırılma xidmətləri, təhsil və kurs sektoru”.

S.Yaqubova deyir ki, qarşıdan gələn bu soyuq fəsildə toy sektorunda da ciddi artım baş verib:

“Müşahidələrimə əsasən payız fəsli başladıqdan etibarən toy sektorunda da ciddi artım baş verir. Bununla da şadlıq sarayları, gözəllik salonları, cehizlik əşyalar satan mağazalarda da gəlir artımı görülür”.

“Bütün bunlar onu göstərir ki, qış sadəcə soyuq mövsüm deyil, düzgün strategiya qurmağı bacaranlar üçün yüksək dövriyyə və satış artımı gətirən bir sezondur. Əsas məsələ biznesin dəyişikliyi vaxtında analiz edib, lazımi addımları əvvəlcədən planlanmasıdır” , – deyə biznes konsultant qeyd etdi.

 

Sərvanə Rəmixanova




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir