Yeni il bayramında turizm bölgələrində qiymətlərin kəllə-çarxa çıxması, ölkəmizdə qış turizminin hələ də baha olmasını bir daha təsdiqlədi. Azərbaycanda əsasən iki bölgənin – Qusar və Qəbələnin qış turizminə görə ixtisaslaşması bayram günlərində qiymətlərin baha olmasına ciddi təsir etmişdi.
Ölkəmizdə yayda olduğu kimi qışda da turistlər üçün cəlbedici olan bölgələrimizin çoxunda qış turizmi üçün infrastruktur olmadığından, turistlər əksər xidmətləri əldə etmək üçün rayon mərkəzlərinə qədər getməli olurlar.
Qax rayonunun dilbər guşəsi olan İlisu kəndində olduğu kimi. Tətil günlərini İlisuda keçirtməyə üstünlük verən turistlər istirahət təəssüratlarını Sputnik Azərbaycan-ın oxucuları ilə bölüşüblər.
Paytaxt sakini Fəxriyyə Kazımova bildirib ki, İlisu öz təbiəti ilə qışda da əsrarəngiz olsa da, burada qış turizmi üçün infrastruktur demək olar, yox dərəcəsindədir. Yayda İlisuda hər addımda fəaliyyət göstərən bütün kafe tipli restoranlar qışda bağlıdır:
“İlisuda qışda dincəlmək üçün kənd evi icarəyə götürürsünüzsə, yeməyi gedib hotelin restoranında yeməyə məcbur olacaqsınız. Çünki hansı kafeyə yaxınlaşsan, hamısının qapısından iri bir qıfıl asılıb”.
F. Kazımovanın sözlərinə görə, kiçik kafelərin işləməməsi qiymətləri də bahalaşdırıb:
“Seçim etmək imkanımız olmadığından, hamı hotellərin restoranına axışır. Hotellər isə yeməklərin qiymətini artırıb, keyfiyyətini aşağı salırlar. Biz nahar üçün iki saciçi, beş porsiya Qax girsi sifariş vermişdik. Buna görə 104 manat hesab gəlsə də, nə yeməyin dadı vardı, nə də ki, keyfiyyəti. Bir kənd beçəsini iki hissəyə bölüb, iki sac içində bizə təqdim etdilər. Yeməklərin çoxu yanmış vəziyyətdə süfrəyə verilirdi. Amma getdiyimiz hotelin restoranında yeməsək ac qalmalı idik”.
Turist bildirir ki, kiçik kafelərin işləməməsi İlisuda qış fəslində fəaliyyət göstərən bir-iki restorana qiymət “oxumağa” imkan yaradıb.
F. Kazımovanın sözlərinə görə, kənddə bir mağazada belə, çörək satılmır. Kənd sakinləri evdə çörək bişirdiklərindən, gələn turistlər çörək üçün də rayon mərkəzinə getməli olurlar.
Turizm ekspertləri isə qış turizmi potensialı olan rayonlarda hotel sayının az olmasının xidmətləri bahalaşdırdığını söyləyirlər.
Azərbaycan Turizm Agentlikləri Assosiasiyası (ATAA) Ekspertlər Şurasının sədri Göydəniz Qəhrəmanov bildirir ki, ölkəmizdə qış turizmi üçün yararlı bölgələrimiz çoxdur. Amma elə rayonlar var ki, orada bir hotel belə inşa olunmayıb:
“İlin bütün fəsillərində turistlər üçün cəlbedici bölgələrimiz var. Çox təəssüf ki, həmin bölgələrin çoxunda turistlərin qalması üçün az ulduzlu hotellər yoxdur. Bölgələrimizin çoxunda bir-iki hotel var. Tətil günlərində turistlər axışdıqda onlar qalmağa yer tapa bilmirlər”.
G.Qəhrəmanovun fikrincə, bölgələrdə az büdcəli hotellərin inşası üçün subsidiyaların verilməsinə ehtiyac var.
Şura sədri həmçinin qeyd edib ki, qış fəslində əksər bölgələrdə restoran və kafe tipli iaşə obyektlərinin bağlı olmasının səbəbi pandemiyadır:
“Pandemiya dövründə turizm obyektlərinin ümidi qalıb daxili turistlərə. Yay fəslində bölgələrə turist axını olduğundan, sahibkarlara həmin obyektləri işlətmək sərf edir. Qışda isə bölgələrə elə çox sayda turist axını olmur. Əksər ölkələrlə gediş-gəliş bağlı olduğundan, xaricdən turist gəlmir. Bu isə həmin iaşə obyektlərinin işinə təsir edib. Onlar ziyanla işlədiklərindən kafe və restoranları qışda bağlayıb, yayda açmağı daha sərfəli hesab edirlər”.
Ekspertin sözlərinə görə, bu vəziyyət bölgələrdə fəaliyyət göstərən hotellərə tələbatı artırır. Onlar rəqabət mühitində işləmədiklərindən qiyməti bahalaşdırır, xidmətin keyfiyyətini isə aşağı salırlar. Müştərilərin seçim imkanı olmadığından, təqdim edilən xidmətə qane olmaq məcburiyyətində qalırlar.
G.Qəhrəmanov bunun ümumi bölgənin turizm imicinə mənfi təsir etdiyini söyləyir. Onun sözlərinə görə, növbəti illərdə həmin bölgəyə gələn turistlər istirahət üçün başqa bölgəni seçirlər.
İqtisadçı-ekspert Natiq Cəfərli bildirir ki, Azərbaycanda qış turizminin inkişafı üçün bir çox bölgələrdə imkanlar olsa da, əsas infrastruktur Qusar və Qəbələdə yaradılıb:
“Şahdağ Turizm Mərkəzi kimi obyektlərin sayı daha çox olmalıdır ki, rəqabət yaransın. Əgər yeni mərkəzlər tikilib istifadəyə verilsə, əvvəlkilər öz müştərilərini itirməmək üçün avtomatik olaraq qiymətləri aşağı salacaqlar”.
Cəfərli deyir ki, qış turizmini daha da inkişaf etdirmək üçün Avropa təcrübəsindən yararlanmaq lazımdır.
“Elə ölkələr var ki, oralarda qış fəsli ümumiyyətlə olmur. Adamlar illərlə qara həsrət qalırlar. Lakin Azərbaycanda qış turizmi üçün lazımi şərait var. Ancaq qiymətlərin fantastik dərəcədə baha olması çoxlarının qış fəslindən həzz almaq arzusunu ürəyində qoyur. Qış turizmini inkişaf etdirmək potensialı olan bölgələrimizdə az büdcəli hotellər tikilərsə, qış turizminə şərait yaradılarsa, rəqabət mühiti yaranar”.
Zülfiyyə Quliyeva