Soyuq, sıxıcı qış günlərində ən gözəl əyləncə film izləməkdir. Sevdiyiniz insanla bir fincan kofe içib, sonra isə popkornu dizinizin üstünə qoyub ən yaxşı kinolara baxmaqdan maraqlı nə ola bilər? Elə isə “Gencaile.az” Aile.lent.az-a istinadən sizə qışda baxılması məsləhət görülən filmləri təqdim edir.
“Qarda yeriyən”
Kanadada yaşayan və təyyarə ilə yük daşıyan birinin yolu Eskimo bölgəsindən düşür. Orada xəstə bir qızı xəstəxanaya aparması qarşılığında yerli camaatdan kömək istəyir. Lakin təyyarə yarı yolda qəzaya uğrayır və eskimolu qız həyat uğrunda mübarizə aparır. Digər tərəfdən isə təbiətin gözəlliyinin şahidi olan kanadalı oğlan və gənc qız yaşamaq üçün mübarizə aparırlar.
“Yol”
Həbsxanada yatan 5 məhkuma bir həftəliyə icazə verilir. Onlar evlərinə gedib doğmaları, əzizlərini görə bilərlər. Lakin yol uzun, təhlükəli və yorucudur. Onlar bayırdakı dünyanın içəridəkindən heç də fərqli olmadığının şahidi olurlar.
“Buz dövrü”
Buz dövrü dünyaya hökm sürməyə başlayıb. Bu qorxulu dünyada tək-tənha olan çarəsiz heyvanlar həyatda qalıb yaşamaq üçün mübarizə aparırlar. Uzun tüklü, öz dünyası olan mamut, xarizmatik və güclü şir, qəddar rakun bu xaos zamanı təsadüf nəticəsində bir araya gəliblər. Üç fərqli dünyası olan bu heyvanları isə bir mövzu birləşdirir: tapdıqları körpə uşağı insanlara çatdırıb həyatını xilas etmək.
“Əşya”
Şimal qütbündə bir canavarın arxasınca düşən norveçli alimlər Amerikadan Antarktikaya qədər araşdırmalar səviyyəsinə gəlib çıxıblar. Lakin burada maraqlı formada can veriblər. Bunu araşdırmaq üçün bir neçə norveçli həmin yerə gəlib hadisəni araşdırmağa qərar veriblər. Məkana yaxınlaşdıqca onların tapdıqları əşyalar maraqlı və tükürpədici olub.
“30 gün gecə”
Amerikanın şimalında olan qəsəbələrin birində hər qış 30 gün boyu sadəcə gecə olur. Bu müddətdə bir qrup insan sirli formada peyda olur və çox sayda insana zərər verir. Bu zərər ölüm həddinədək gəlib çatır. Vaxt keçdikcə qəsəbənin nüfuzu aşağı düşür. Əslində bu insanlar vampirdirlər və canlı insanlarla qidalanaraq yaşamaq məcburiyyətindədirlər.
“120”
Birinci Dünya Müharibəsi zamanı silah-sursat tükənir. Osmanlı ordusu silahsız qalır. Bu tərəfdən isə Vanda top səsləri eşidilir. Ordu Vandan kömək istəyir. Lakin türk-rus müharibəsi səbəbindən bölgənin bütün kişiləri imperatorluğun dörd bir tərəfində döyüşürlər. Buna görə də kömək çağırışına cavab verə bilmirlər. Vanın uşaqları nəsə etmək istəyirlər. Oğlunu müharibədə itirən məktəb direktorunun təşəbbüsü ilə 120 nəfər 12-17 yaş arası uşaqları toplayıb ordu yaradır. Film gözü yaşlı analarını arxada qoyub müharibəyə qoşulan uşaqların həyatından bəhs edir.
“Qanıma işlə”
Oskar tez-tez şəhərdən uzaqda yaşayan atasını ziyarət edir. Dostları və həmyaşıdları tərəfindən təhqir edilən və söyülən bu uşaq Oskar qisas alacağı günlərin xəyalı ilə yaşayır. Bir gecə bir qızla tanış olan Oskar Eli adlı bu qızla çox yaxın dost olur. Əslində vampir olan Eli bunu Oskara bəlli etməməyə çalışır. Lakin vapmir olmaq və vampirlə dostluq etmək asan başa gəlmir.
“Yaşamaq üçün”
Film Ant dağlarında qəzaya uğrayan təyyarə sərnişinlərinin yaşamaq uğrunda mübarizəsindən bəhs edir. Heyətin hər biri hissiyyatları hesabına dağlardan canlarını qurtarmaq üçün əllərindən gələni edirlər. Aralarında bəziləri çətin hava şəraiti və coğrafi mövqenin əlverişsizliyi səbəbindən həyatlarını itirirlər. Digərləri isə Tanrıya olan inamları hesabına güclərini toplayaraq ailələrinə geri dönməyə çalışırlar.
“Stalinqrad”
Hitler İkinci Dünya Müharibəsi dövründə ordu toplayaraq Rusiyanın Şərqinə Qızıl Ordu hücumunu təşkil edir. Tarixin ən böyük müharibələrindən olan bu döyüş İkinci Dünya Müharibəsinin gedişatına da təsir edir.
“Ölüm kitabı”
Paul Şeldon populyar romanlar yazır. Artıq karyerasında bir dönüş nöqtəsi olduğunu fikirləşir. Macəralarını yazdığı xarakterlərdən birini öldürüb filmi bitirmək istəyir. Bu arada Paul keçirdiyi avtomobil qəzasından sağ çıxır, lakin yaralanır. Onu tapıb xilas edən Anna isə oxucularından biridir. Yazıçının ən məşhur xarakterini öldürmək istədiyini biləndə Anna əsəbləşir. Qadın Paulu ayağından yaralayaraq yatağa məhkum edir. Bütün polislər, hər kəs yazıçının müəmmalı formada itkisinə təəccüblənərək onu axtarırlar. Bu zamansa Paul Anna üçün xüsusi olaraq roman yazır.