xestelik

Qışda xəstəliklərdən necə qorunaq? – MÜTƏXƏSSİS RƏYİ

Baxış sayı: 2. 017
Qış fəsli soyuq havalarla yanaşı, xəstəliklər də gətirir. Mütəxəssislər qış aylarında xəstəliklərə tez yaxalanmamaq üçün hələ yay-payız aylarında müxtəlif üsullardan istifadə etməyi məsləhət görürlər. Amma hazırda soyuq havalar qapımıza dayanıb. Bəs soyuq qış havalarında xəstəliklərdən uzaq durmaq üçün nələrə diqqət etməliyik? Qış fəsli kimlərin sağlamlığı üçün təhlükəli hesab oluna bilər? Qış aylarında kimlər səhhətlərinə münasibətdə daha diqqətli olmalıdırlar?
Həkim terapevt Məlahət Abbasova bildirdi ki, əsasən havanın kəskin dəyişməsi zamanı orqanizm zəif olarsa, xəstəliklər baş qaldırır: “Fəsil dəyişkənliyinə hər orqanizm bir cür reaksiya verir. Əgər insan tam sağlamdırsa, ona fəsil dəyişkənliyinin hər hansı təsiri olmur. Amma sağlamlığında problem yaşanan, immun sistemi zəif olanlar tez bir zamanda reaksiya verirlər. Qış aylarında xəstəliklər ona görə çoxalır ki, hava soyuyur və bədən bu dəyişikliyə uyğunlaşa bilmir”.
M.Abbasova deyir ki, qış aylarında sağlamlıqla bağlı problem olmaması üçün immun sisteminin güclü olmasına çalışmaq lazımdır: “Ona görə hava kəskin dəyişəndə isti geyinmək lazımdır. Bədənə soyuq olmamalıdır. Soyuq olanda isə immun sistemi düşür. Hava-damcı yolu ilə hər kəsin bədəninə viruslar keçə bilər. Amma soyuq olanda və immun sistemi zəifləyəndə viruslar baş qaldırır. Virus bakteriyaları baş qaldırmasın deyə, ilk növbədə soyuqdan qorunmaq lazımdır. İmmun sisteminin möhkəm olması təmin edilməlidir. Bunun üçün təbii şirələrdən istifadə etmək lazımdır, soyuq havada çox soyuq su qəbul etmək olmaz. İsti qidalar, içkilər qəbul etmək məsləhətdir. Vitamin C ilə zəngin olan qidaların qəbul edilməsi yaxşıdır. Portağal, mandarin, limondan çox istifadə edilməlidir. Soyuq havalarda xəmir xörəkləri yaxşıdır, orqanizmə istilik verir”.
Həkimin sözlərinə görə, hər kəs xəstəlikləri haqda məlumatlı olmalıdır. Çünki bəzi xəstəlikləri olanlar qış aylarında daha ehtiyatlı davranmalıdırlar: “İnsan var ki, istidən soyuğa keçəndə öskürək baş qaldırır. Yəni yuxarı tənəffüs yollarının iltihabı prosesləri olur, mədə-bağırsaq sistemi xəstəlikləri baş qaldırır. Fəsil dəyişəndə, o xəstəliklər yarana bilər. Hər kəs bilir ki soyuq olanda özündə hansı xroniki xəstəliklər baş qaldırır. Ona görə soyuq düşməmişdən öncə həkimə müraciət edib, həmin xəstəliklə bağlı profilaktik müalicə almalıdırlar. Revmatik xəstəliklər baş qaldıra bilər. Bu kimi problemləri olanlar diqqətli davranmalıdırlar”.
Həkim onu da qeyd etdi ki, qış aylarında açıq havada işləyənlər maksimum dərəcədə isti geyimlərdən, şərf, maskalar, yun papaq, əlcəklərdən istifadə etməlidirlər.
Pediatr Vaqif Qarayev bildirdi ki, havalar soyuq olsa da, uşağı açıq havadan məhrum etmək olmaz: “Uşaq açıq havada çox olmalıdır, qalın paltarları üst-üstə geyindirmək, uşağın ağzını müxtəlif şərflərlə kip bağlamaq olmaz. İctimai yerlərdə üst paltarı çıxartmaq mümkün deyilsə, yaxasını açmaq, papağı çıxartmaq lazımdır. Açıq havada uşaq daim hərəkət etməli, müxtəlif oyunlar oynamalıdır. “Hava soyuqdur” deyib uşağı daim evdə saxlamaq yolverilməzdir”.
V.Qarayev deyir ki, evin havası gün ərzində bir neçə dəfə dəyişdirilməlidir. Su vannalarının faydası çoxdur. Xəstə uşaqları isə kollektivlərdən uzaq tutmaq lazımdır: “Məktəbə, bağçaya uşaq mütləq tam sağalandan sonra getməlidir. Yoxsa ağırlaşmalar qaçılmaz olur”.
Pediatrın sözlərinə görə, qidalanma məsələsində də diqqətli olmaq lazımdır: “Uşaqların qidaları meyvə-tərəvəzlərlə zəngin olmalıdır. Şirələr, kompotlar ev şəraitində hazırlanmalıdır. Körpə yaşlı uşaqlara xəmir yeməkləri (makaron və s.) məhdudiyyətlə verilməlidir. Ət yeməkləri asan həzm olunmaq üçün hazırlanmalıdır. Küftənin əti iki dəfə çəkilsə yaxşı olar. Hər gün müxtəlif suplar qəbul olunmalıdır. Marketlərdə satılan hazır yeməklərdən istifadə etməməyə çalışmaq lazımdır”.
V.Qarayev onu da bildirdi ki, qış aylarında bəzi viruslar aktivləşir. İmmuniteti zəif və azyaşlı uşaqlar daha tez xəstələnirlər. Uşağında raxit, allergik diatez, çəki azlığı, anemiya (qan azlığı), helmintlər (qurd), astma xəstəlikləri olan valideynlər daha diqqətli olmalıdırlar. Uşaq kollektivlərində bu viruslar çox tez yayılır. Ona görə xəstə uşaq kollektivə buraxılmamalıdır. Bu məsələdə həm valideynlər, həm də məktəb-bağça rəhbərliyi məsuliyyət daşıyır.



Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir