Qadına qarşı şiddət hadisələri hər keçən gün daha da artır. Bəs səbəbkarlar kimdir? Valideynlər, yoxsa cəmiyyət?
Niyə qadınlar, qızlar, uşaqlar ən amansız cinayətlərin qurbanı olur? Artıq cinayətə qurban gedən qadınlar heç kimi təəccübləndirmir.
Dövlət Statistika Komitəsindən bildirilir ki, təkcə 2018-ci il ərzində ölkədə 331 qadın cinayət (895 kişi) nəticəsində ölüb. Onlardan 57 nəfəri məişət zorakılığı cinayətlərinin qurbanı olub.
Ölən qadınların 38,4 faizi Bakı şəhərinin, 13,9 faizi Gəncə-Qazax iqtisadi rayonunun, 9,1 faizi Abşeron iqtisadi rayonunun, qalanları isə digər regionların payına düşür.
Bundan başqa, cinayət nəticəsində qadınların ölüm hallarından 214-ü (655 kişi) ehtiyatsızlıqdan, 65-i (135 kişi) qəsdən adam öldürmə, 52-si digər cinayətlər nəticəsində baş verib.
Nəzərə alsaq ki, cari ilin iyun ayında qeydə alınan altı cinayət hadisəsindən üçündə qadınlar öldürülüb, statistik rəqəmlər heç də təəccüblü deyil. Lakin onu da qeyd etmək lazımdır ki, Azərbaycanda qeydə alınan statistik nəticələr dünya ölkələrində qadın ölümləri ilə bağlı açıqlanan rəqəmlərdən qat-qat azdır.
Bəs qadınlar daha çox kimlər tərəfindən öldürülür?
Mövzu ilə əlaqədar kriminal hadisələrin işıqlandırılmasında ixtisaslaşmış jurnalist Ramella İbrahimxəlilova qadınların əksər halarda qısqanclıq zəminində keçmiş həyat yoldaşları tərəfindən öldürüldüyünü deyir:
“Qeydə alınan cinayətlərdə 20-45 yaş qrupu aralığında olan qadınların öldürülməsi çoxluq təşkil edir. Yaşlı qadınların da öldürüldüyü cinayətlərin sayı da az deyil. Son dövrlər törədilən cinayətlərin səbəbləri də eynidir. Qadınlar daha çox məişət zorakılığının və ya mal-mülk üstündə cinayətlərin qurbanına çevrilirlər.
Təcrübə göstərir ki, əksər hallarda gənc qadınların öldürüldüyü cinayətlərin motivləri məişət zorakılığı, qısqanclıq və ya ailədə şərəf və namus məsələləri ilə əlaqədar olur. Belə olan hallarda qadınlara qarşı törədilən cinayətlərin böyük əksəriyyəti keçmiş həyat yoldaşları, qeyri-nikah şəraitində yaşadıqları kişilər və ya başqa yaxın qohumları (ata, qardaş, oğlan övladı və s.) tərəfindən törədilir”.
Xatırladaq ki, bir neçə ay bundan əvvəl Ədliyyə Nazirliyinin Təşkilat-Nəzarət Baş İdarəsinin rəis müavini Sübhi Kazımov jurnalistlərə açıqlamasında dünyada təkcə 2017-ci ildə məişət zorakılığı zəminində 87 min qadın qətlə yetirildiyini bilib. O qeyd edib ki, cinayət qurbanı olan qadınlar yalnız Azərbaycanda yox, dünyanın bütün ölkələrində var:
“Dünya ölkələrində qeydə alınan cinayətlərin əksəriyyəti isə uzun müddət ərzində öyrənilməyib, gizlədilib və ya məxfi saxlanılıb. Məişət zorakılığı halları isə ailə üzvləri tərəfindən törədildiyi üçün, təəssüf ki, bir qayda olaraq təkrarlanır”.