“Əvvəlki illərdə olduğu kimi, 2023-cü ilin son rübü də Azərbaycanın daşınmaz əmlak bazarında qiymət artımı ilə yadda qaldı. Bununla belə, son iki ildən fərqli olaraq, bu ilin son rübündə daşınmaz əmlak bazarında ciddi durğunluq da müşahidə edildi. Bu da yeni bir tendensiya kimi qiymətləndirilə bilər. Çünki hər il daşınmaz əmlak bazarının son rübü ən uğurlu dövr hesab edilir. Belə ki, ən çox alqı-satqı əməliyyatları məhz ilin son üç ayında aparılır. Lakin 2023-cü ildə, keçən illərin müvafiq dövrü ilə müqayisədə, daşınmaz əmlak bazarında daha az əməliyyatların aparıldığının şahidi oluruq”.
İqtisadçı Abbas Məmmədov qeyd edir ki, dekabr ayı yeni daxil olmasına baxmayaraq, il sonuna qədər bazarda müəyyən canlanmalar proqnozlaşdırırıq. Lakin yenə də bu canlanmaların ötən illərlə müqayisədə böyük həcmli olacağını düşünmürük. Qeyd etmək yerinə düşər ki, 2023-cü ilin sonuna doğru evlərin qiymətləri dünyanın bir çox ölkəsində azalıb. Aparılmış sorğular göstərir ki, inkişaf etmiş iqtisadiyyatlarda, 2023-cü ilin birinci rübü ilə müqayisədə mənzil qiymətləri 5 faiz azalıb.
“Azərbaycanın daşınmaz əmlak bazarında durğunluğun bir neçə obyektiv səbəbi var. Başlıca səbəb kimi yüksələn əmlak qiymətləri göstərilə bilər. Qiymət artımı hər zaman olduğu kimi ən çox bina evlərində müşahidə edilir. Bina evlərinin qiymətlərinin yüksəlməsi, avtomatik olaraq, digər daşınmaz əmlak növlərinə də öz təsirini göstərir. Yüksələn qiymət də müştəri davranışlarının formalaşmasına, mövcud tələblərin dəyişməsinə və ya təxirə salınmasına gətirib çıxarır. Başqa sözlə, mənzillərin qiymət artımı aybaay davam edir və bu artımın səviyyəsi bəzən proqnozlaşdırıla bilmir. Məsələn, sadə insanlar tərəfindən bizə ən çox verilən suallardan biri də budur: “Bu artım hara qədər gedəcək?” Bundan əlavə, ölkədəki inflyasiya səviyyəsi və növbəti ildəki inflyasiya gözləntiləri də daşınmaz əmlakın insanların ehtiyaclar iyerarxiyasında daha üst səviyyələrə çıxmasına gətirib çıxarır”-deyə Abbas Məmmədov əlavə edir.
İqtisadçının sözlərinə görə, bazardakı durğunluğun bir digər səbəbi də Rusiyada yaşayan həmvətənlərimizlə bağlıdır. Rusiyada baş verən proseslər, Ukraniyadakı müharibə, sanksiyalar və rus rublundakı dalğalanmalar orada işləyib qazanc əldə edən həmvətənlərimizin ölkəmizdə əmlak əldə etməsini çətinləşdirdi və ya onlar da ölkə daxilindəki digər müştərilər kimi gözləmə mövqeyini seçdilər.
Abbas Məmmədov bildirir ki, bütün qeyd edilənləri nəzərə alaraq, əslində deyə bilərik ki, daşınmaz əmlak bazarında qiymət artımı 2023-cü ilin son rübündə müəyyən qədər stabilləşməyə doğru yönəlmə göstərir. Ekspertin sözlərinə görə, bu artım ilin ilk aylarından başlayaraq davam edirdi.
“Qeyd etdiyimiz amillərlə yanaşı, baş verən proseslər fonunda bazar tələbinin azalmasının da rolu var”-deyə ekspert bildirir.
İradə Cəlil