qz

Qız oğlana, oğlan qıza bənzəyir: Azərbaycanı bürüyən bəlanın qarşısı necə alınmalıdır?

Baxış sayı: 565

Bəzən valideynlər fərqinə varmadan qız uşağını oğlan kimi, oğlan uşağını isə qız kimi böyüdürlər. Qız övladlarına oğlan rəqsi etdirən, oğlan uşaqlarını isə oriental rəqs məşğələlərinə yazdıran valideynlər də az deyil.

Müşahidələr göstərir ki, uşaq vaxtlarından qızların oğlanlarla, oğlanların qızlarla oynaması və ya oğlan uşaqlarına qızlara xas, qızlara oğlanlara xas geyim geyindirmək, sac düzümü etmək, onların gələcək həyatına təsirsiz ötüşmür.

Və nəticədə kişi cinsinin nümayəndələri var ki, qadın geyimi geyinir, qadın səsi çıxarır, qadınlar kimi bəzənir və s. Bu tip insanları psixoloji problemli, xəstə adlandıranlar olsa da, mütəxəssislər onların dəyişməsində yaşadığı mühiti əsas göstərir.

Bəs görəsən insanların özlərini qarşı cinsə bənzətməsi uşaq vaxtında böyüdüyü mühitlə bağlıdırmı? Yaşadığı mühit uşaqların inkişafına təsir edirmi, yoxsa bu bir xəstəlikdir? Əgər xəstəlikdirsə, belə insanların müalicəsi varmı? Cəmiyyətdə belə insanların sayının artmaması üçün hansı tədbirlər görülməlidir?

Mövzu ilə bağlı danışan klinik psixoloq, psixoterapevt Rövşən Nəcəfov bildirdi ki, mütəxəssis tərəfindən müşahidə və müayinə aparılmadan kiminsə xəstə olduğu haqqında münasibət bildirmək doğru deyil.

Onun sözlərinə görə, mühit insanın düşüncə və davranışlarını formalaşdırır.

“İnsan böyüdüyü mühitin güzgüsüdür. Güzgüsü qırıq insanlar da mövcuddur. Amma bu, güzgünün funksiyasını dəyişmir.

Cinsi maarifləndirmə daha geniş aparılmalıdır. İnsanlar cinsiyyət mövzusunda elmi məlumatlı deyillər. Daha çox ictimai informasiyalar üzərindən bilik qazanırlar. Belə olan halda şəxsin düşüncə və davranışlarına qarşı nifrət yaranmış olur. Hər kəs müxtəlif yaş dövrlərində fərqli cinsi informasiyalarla tanış olur. Bu informasiya müzakirə edilməyəndə bilik kimi yox, yalançı həqiqət olaraq dərk edilir”.

Psixoloq onu da əlavə etdi ki, şəxsin cinsi rolu və cinsi oriyentasiyası bir-birindən fərqli anlayışlardır.

“Cinsi rolun pozulması psixoloji halın qeyri-adekvat olmasıdır. Cinsi rol mühitdən asılıdır. Oğlan və ya qızın əks cinsin nümayəndələrinin əhatəsində böyüməsi onun cinsi roluna da təsir etmiş olacaq. Düşüncə və davranışları da cinsi oriyentasiyanın fərqli olması ilə assosiasiya olunacaq. Zaman keçdikcə cinsi rol həyat tərzinə çevrilir. İnsan bəzən bunu dərk etmədən oriyentasiyasını dəyişmiş olur və ya bioloji olaraq əvvəldən cinsi oriyentasiyası fərqli idi. Mühit bioloji faktorları hər zaman tətikləyir. Cinsi oriyentasiyanın fərqli olması xəstəlik deyil. Reallıq budur ki, insan kişi və qadından ibarət deyil. Etiraz etmək həqiqəti dəyişmir. Bioloji olaraq insan dünyaya necə gəlirsə, odur. Elmi olaraq bunun əksi yoxdur. Cinsi rol psixoloji, cinsi oriyentasiya isə bioloji faktordur”.

Suallarımızı cavablandıran sosiologiya üzrə fəlsəfə doktoru Üzeyir Şəfiyev də insanların əsas inkişafında mühitin rolunun əvəzsiz olduğunu bildirdi.

Ekspertin fikrincə, insan sosial varlıqdır və o, fərd kimi doğulsa da, sosial mühitdə formalaşır, sosiallaşır.

“İnsanın sosiallaşmasına eko mühit, yəni ətraf mühit təsir göstərir. Eko mühit dedikdə, söhbət sosial ətraf mühitdən gedir. Onun sosiallaşmasına ailə, bağça, məktəb, dostlar mühiti və oyunlar, məşğuliyyətlər təsir göstərir. Hətta belə bir deyim də var ki, insan valideynlərdən çox mühitin övladıdır. Yəni mühit necədirsə, insan, şübhəsiz ki, o cürə formalaşır, sosiallaşır. Əlbəttə bu sosiallaşma pozitiv və neqativ formada ola bilər. Baxır həmin sosiallaşma institutları fərdə necə təsir göstərir. Bu baxımdan, əlbəttə valideynlər, ailələr uşaqlarını sosiallaşdırarkən, formalaşdırarkən ilk növbədə onların məşğuliyyətinə baxmalıdır.

Hansı oyun, hansı idman növlər ilə məşğuldur, digər məşğuliyyət sahəsi nədən ibarətdir. Həmin məşğuliyyətlər uşağın cinsinə uyğundurmu, yoxsa ona neqativ təsir göstərir?

Çində gözəl bir deyim var. Deyir insan nə ilə kontaktdadırsa, kiminlə ünsiyyətdədirsə, onun təbiətini qazanmış olur. Yəni insanın məşğul olduğu sahələr, məşğul olduğu oyun növlərindən tutmuş təmas saxladığı mühitə qədər onun formalaşmasında əsas demurq rolunda çıxış edir. Bu baxımdan uşaqları rəqs, idman məşğələlərinə qoyarkən hər birinin cinsinə uyğun fikirləşmək lazımdır. Çünki onların gələcək inkişafında qeyri-adekvat dəyişikliyə səbəb ola bilər. Yenə də qeyd edirəm, uşaqların düzgün formalaşması üçün valideynlər düzgün seçim etməlidirlər. Ümumiyyətlə bəhs etdiyiniz mövzu təbiət gücünə malikdir. Həm də hər bir insanın fərqli psixologiyası vardır. İnsan bəzi hərəkətləri, davranışları digərlərindən götürür, özlərini onlara bənzətməyə çalışır. Yaxud da ki, iradi və qeyri iradi olaraq insan davranışlarında ətraf mühitin, dostların, əhatə dairəsinin təsiri olur”.

Üzeyir Şəfiyev bildirdi ki, orta məktəblərdə və ali təhsil müəssisələrində kişi müəllimlərin sayının az olmasını oğlan uşaqlarının öz cinsinə uyğun sosiallaşmasına neqativ təsir göstərir.

“Məktəb mühitində heterogen mühit olmalıdır. Yəni həm kişi, həm qadın müəllimlər olmalıdır ki, uşaqlar normal şəkildə sosiallaşa bilsinlər. Fikir vermisinizsə, uşaqlar bağçada, məktəbdə daha çox qadın müəllimlərindən təsil alır, ali təhsil ocaqlarında da qadin müəllimləri üstünlük təşkil edir. Beləliklə də, oğlan uşaqları nümunə götürəcəyi kişi örnəkləri tapa bilmir. Ancaq qadın müəllimlərinin əhatəsində formalaşır. Bu da onların davranışına təsir göstərir.

Bilirsiniz ki, müəllimlər bəzən şagirdlər, tələbələr üçün ideala çevrilir. O baxımdan həm də məşğuliyyət növlərini də düşünmək lazımdır. Tutaq ki, qız uşaqlarını niyə oğlan kimi rəqslər öyrədilməlidir ki? Və yaxud oğlan uşaqlarının niyə qız rəqsi öyrədilməlidir? Hər kəs, hər bir valideyn bunun fərqində olmalıdır, bilməlidir ki, bu tipli laqeydlik və yaxud da ki, qeyri düzgün seçim uşaqlarının gələcəkdə neqativ sosiallaşmasına, formalaşmasına, şəxsiyyət keyfiyyətlinin adekvat olmamasına gətirib çıxara bilər. Buna görə çox diqqətli olmalıdırlar. Ümumiyyətlə daha çox Avropadan, Qərb ölkələrindən LGBT (lezbiyan, gey, biseksual və transgender sözlərinin birləşməsindən yaranmış bir abreviaturdur) və digər tendensiyalarla bağlı bizə təzyiqlər olur. Hesab edirəm ki, Azərbaycan üçün bu problem əslində real problem deyil. Yəni Azərbaycan üçün xarakterik deyil. Bu, daha çox Avropa və Qərb ölkələri üçün xarakterikdir. Əgər biz axınların qarşısını almasaq və bunun üçün profilaktik tədbirlər görməsək, hesab edirəm ki, Azərbaycanda da belə tendensiyalar arta bilər. Ona görə də, çalışmalıyıq ki, ailə dəyərləri möhkəm olsun, təlim-tərbiyə işləri adekvat olmalıdır. Uşaqların tərbiyəsində adekvat tərbiyə metodları seçilməlidir. Eyni zamanda biz sosiallaşma institutlarının da, təhsil, ailə, sosial şəbəkə və kütləvi informasiya vasitələrinin də sağlam olmasına çalışmalıyıq. Çünki bu institutlar uşağını sosiallaşma prosesində birbaşa iştirak edir və bu mühit onları filogenetik inkişafında bir ömür müşayiət edir. Ona görə də, ilk olaraq sosial mühitinin inkişafına çalışmalıyıq. Sosial şəbəkələrdə, saytlarda kütləvi informasiya vasitələri, televiziyalarda maksimum çalışmalıyıq ki, sosiallaşma mühiti sağlam olsun. Biz belə məsələlərdə tolerant olmalı deyilik. Çünki belə hərəkətlərə, tendensiyalara tolerant olduqca, genişlənə bilər. Ona görə də, onun qarşısını praqmatik, profilaktik və digər tədbirlərlə almaq olar.

Qeyd edim ki, bu bir xəstəlik formasıdır, anemiyadır və bunun terapiyaya ehtiyacı var. Həm də onun sosial anemiya halına gəlməməsi üçün, ayaq açıb yeriməsinə imkan verməməliyik. Onun üçün buna səbəb olan, əsas verən mühiti sağlamlaşdırmağa çalışmalıyıq.

Başa düşməliyik ki, söhbət bizim gələcəyimizdən gedir. Ona görə də, həm müvafiq qurumlar, həm də cəmiyyət olaraq bu məsələnin həllində iştirak etməliyik.

Uşaqlarımıza düzgün istiqamət, düzgün vərdişlər, düzgün məşğuliyyət, düzgün seçəcəklər verməliyik ki, öz cinslərinə uyğun normal insan kimi, şəxs kimi formalaşsın. Qız oğlan, oğlan da qız kimi böyüməsin. Hər şey tərbiyədən və onun sosiallaşma mühitindən aslıdır. Mən istəyirəm ki, həm ailələr, həm təhsil ocaqları, həm də müvafiq qurumlar bunun fərqində olsunlar.

Biz bunu nə qədər laqeyd qalsaq ,o qədər belə tendensiyalar arta bilər. Ona görə çalışmalıyıq ki tərbiyə və sosial mühitinə diqqət yetirək. Bəzən gəlir əldən etmək məqsədi ilə bəzi rəqs müəllimləri və yaxud digər məşğuliyyət sahəsində çalışan insanlar bu cürə yollara əl atırlar. Əslində toplumun maraqlarını nəzərə almaq lazımdır, qıza oğlan, oğlana qız rəqsin öyrətmək lazım deyil. Buna qarşı çox ciddi tədbirlər görülməli və qarşısı alınmalıdır”.

 

Gülnar Süleymanova




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir