Son illər “yox” deməyin, deyə bilməyin çox önəmli olması məsələsi tez-tez müzakirə edilir. Dövr dəyişdikcə insanlar da bir çox şeyin fərqinə varmağı yavaş-yavaş öyrənirlər. Bütün dünya sürətlə, özü ilə bərabər insana yalqızlaşma da gətirən bir fərdləşmə mərhələsini yaşayır.
Bəs fərdləşmə yalqızlaşmaqdırmı, yoxsa bu, əslində, faydalı və doğru alışqanlıqları həyatına daxil etməyi bacarmaq, sağlam insan olmaqdır?
Deyərdim ki, fərdləşmənin birinci mərhələsi elə “yox” deyə bilməkdən keçir. “Yox” sözünü başqalarına asanlıqla dedikcə insan özü olmağı, özünü sevməyi və öz seçimlərini etməyi öyrənir. Əlbəttə, bunun üçün güclü xarakter formalaşdırmaq, iradə tərbiyəsi başlıca faktordur. Bu keyfiyyəti isə biz uşaq yaşlarından ya öyrənirik, ya da, ümumiyyətlə, öyrənə bilmirik. Halbuki bu, həyatımızın sonrakı mərhələlərində bizə yön verən, insanlara, hadisələrə, təhlükələrə qarşı tutumumuzu müəyyənləşdirən müstəsna və vacib keyfiyyətdir. Ona görə də “yox” deyə bilməyi uşaq yaşlardan öyrənməli və öyrətməliyik. Yəni uşaqlara, problemli, onlara zərər verən bərabərliklərdənsə, sağlam bir yalqızlığı seçə bilmələrini öyrətməliyik.
Elə isə gəlin görək bu məsələdə “yox” deyə bilməyin gücü nədədir və xüsusilə, qız uşaqlarına bu ifadəni yüksək səslə işlətməyi niyə öyrətməliyik?
Uşağa öyrədiləcək birinci söz “yox” olmalıdır
Mütəxəssislər hələ erkən yaşlarından insanların “yox” deməyi öyrənmələrinin vacibliyini vurğulayırlar. Bu ilk addımla övladınız sərhəd qoymağı, istəmədiyi davranışlara etiraz etməyi, “xeyr” deyməyi öyrənir.
İnsanı xoşagəlməz davranışlardan və bəzən təhlükələrdən qoruyan “yox” sözünün kiçik yaşlarda öyrənilməsi çox vacibdir. Əgər kiçik yaşlarda uşağa öz sərhədlərini qoymağı öyrətmiriksə və onun “yox” dediyi şeyləri də təkidlə ediriksə, bu, onun sərhədlərini pozmaq, şəxsiyyətini heçə saymaq deməkdir. Biz adətən uşağı şəxsiyyət olaraq görmədiyimizdən, onu öpərkən, ona toxunarkən icazə almaq, soruşmaq ağlımıza da gəlmir. Yaxud da, ona “sən istəmədiyin, icazə vermədiyin halda heç kim sənə toxuna bilməz” demək əvəzinə, “Qoy xala səni öpsün”, “Qaçma, əmi səni oxşayır” kimi ifadələrlə uşağı kiminsə onun bədəninə toxunması mümkünlüyünə adiləşdiririk. Düşüncəsi bu cür formalaşan uşaqlar gələcəkdə də, yeniyetmə yaşlarında da ona qarşı hər hansı bir pis niyyətli addım olarsa, necə reaksiya verəcəklərini, özlərini necə qoruyacaqlarını bilmədikləri üçün ya yerindəcə donub qalır, ya bu cür hadisələri öz daxillərində adlandıra bilmədikləri üçün çaşır, ya da elə belə də olmalı imiş kimi qəbul edirlər. Bu səbəbdən birinci növbədə uşaqlara cəmiyyətin əxlaq normalarını yox, onun öz bədəni, ruhu, fik
irləri ilə qarşı tərəf – cəmiyyət arasında qoyduğu sərhədləri öyrətmək vacibdir.
Qız uşaqlarına “yox” deməyi niyə öyrədə bilmirik?
Biz cəmiyyət olaraq uşaqları həmişə tabe olan, böyükləri isə tabe edən rolunda görürük. Bu səbəbdən də uşağın nələrəsə etiraz etməsini, nəyisə istəməməsini doğru hesab etmirik. Məsələn, elə gündəlik məişətdə övladınızdan etmək istəmədiyi bir şeyi etməsini istəyirsinizsə, o sizə, “yox” cavabını verir, amma siz yenə də təkidlə ona o işi gördürür, öpülməyi istəmədiyi halda onu zorla tutub öpür, yemək yemək istəmədiyi halda zorla yedizdirirsinizsə, bunların hər biri uşaqda daxili iradənin sınmasına, zəifləyib yox olmasına səbəb ola bilir. Mühafizəkarlıq baxımından ailələrdə lap kiçik yaşlarından qız uşaqları üzərində təzyiqin daha çox toplanması və fərd kimi qəbul olunmaması, onların xarakterini zəiflədir, cəmiyyətdə yanlış davranışlar göstərən insanlardan özlərini qorumalarına mane olur. Yəni əslində, biz qız uşaqlarına öz sərhədlərini qorumağı öyrətmir, onları müxtəlif xoflarla təhlükədən qorumağa çalışırıq. Məsələn, bəzi valideynlər qız uşağını qorumaq adına, “Sənə kimsə toxunsa, səni öldürərəm, yolunu azma” kimi ifadələr işlədir. Amma ona, “sən istəməsən, sən yox desən, heç kim sənə toxuna bilməz, heç kim sənin şəxsiyyətini alçalda bilməz, kimsə sənə qarşı istəmədiyin xoşagəlməz bir şey edirsə, yüksək səslə “yox” de, qışqır, etiraz et, səsini çıxart”, – demir. Bu iki fərqli yanaşmadan biri qız uşağını qorxu içində yaşadır və təhlükələrdən özünü qoruya bilməyən, yanlış bir şeylə qarşılaşanda da səsini çıxartmaqdan qorxan insan halına salır. Çünki əgər səsini çıxarsa, o, əxlaqsız biri olaraq qəbul oluna bilər. Yəni qorxu və xof uşaqları qorumur, əksinə, onları daha pis hallara sürükləyə bilir. Əksinə, etiraz edə bilmək, öz sərhədlərini qoya bilmək qız uşağına hörmət qazandırır və onun bir fərd kimi cəmiyyətdə qəbul olunmasına kömək edir. Bu səbəbdən istəmədiyi şeylərdə başqalarına “yox” deməyi öyrənmək, insan həyatını və psixologiyasını qoruyan ən güclü davranışdır.
“Yox” deyən uşağı sevgisizliklə hədələməyin
Bəzən valideynlər öpülməkdən, qucağa alınıb oynanmaqdan qaçan uşağa, “get, heç istəmirəm səni” deyir, dediyinin fərqinə varmadan uşağı sevgisizliklə hədələyirlər. Bu da ən böyük yanlışlardan biridir. Bu zaman uşaqlarda, əgər toxunulmağa icazə verməsə, sevilməyəcək, gözdən düşəcək və qəbul olunmayacaq kimi hisslər formalaşır. Bu şəkildə böyüyən qız uşaqları yaşa dolsalar da, belə hisslər onların düşüncəsində kök salır.
Uşaqlara “yox” deməyi öyrətmək, özünü qorumağı öyrətməkdir
“Yox” demək, sərhəd qoymağı bacarmaqdır. “Mənim seçimlərimə hörmət et”, yaxud “mən bunu etmək istəmirəm” deməkdir və bu sözün gücü qarşı tərəfi durdurmasındadır. Məhz buna görə, əgər uşaq ailədə nəyəsə etiraz edir, “yox” deyirsə və valideyn yenə də təkidlə o şeyi edirsə, uşaq üçün “yox” sözü içi boş, heç bir mənası, gücü olmayan ifadəyə çevrilir. Heç tanımadığı bir insan ona toxunduqda da, ya yox deyə bilmir, ya da düşünür ki, etiraz etsə də, onsuz da ona yenə toxunulacaq, çünki valideyni də eynilə bunu edib.
Bəzi ailələr uşaqlarından “yox” cavabını aldıqda özləri uşaq kimi küsürlər. Uşaqlarına onları daha sevmədiklərini, küsdüklərini deyir, özlərini də kədərli göstərirlər. Bu, valideyn üçün bəlkə də, adi bir oyun, əyləncəli bir yanaşmadır. Amma uşaq üçün bu davranışın anlamı çox böyük və fərqlidir. Bu halda uşaqlar hər zaman insan münasibətlərində “yox” deməkdən çəkinir, “Əgər yox desəm, sevilmərəm, qarşımdakını üzərəm, onunla münasibətim korlanar, bitər” – deyə düşünürlər. Bəlkə kiçik yaşlarda çox əhəmiyyətsiz kimi görünsə də, yeniyetməlik dövründə və sonrakı mərhələlərdə bu, bir çox ciddi problemlərə səbəb ola bilir.
“Yox” sözünə hörmət etməyi öyrədin
“Yox” deyə bilməyən insanlar istəmədikləri, onları narahat edən hal və davranışlar qarşısında öz sərhədlərini qoya, etiraz edə bilmirlər. Çünki uşaqlıqda bu sərhədləri qoymağa çalışdıqları zaman valideynlərinin mənfi reaksiyaları ilə üzləşiblər. Bu səbəbdən də uşaqlar bizə “yox” deyəndə, bunu hörmətlə qarşılamaq lazımdır.
Unutmayın ki, bu, qarşı tərəfi dayandıran, istəmədiklərini qarşı tərəfə asanlıqla ifadə edə bilən çox dəyərli və güclü bir sözdür. Uşaqların bunu kəşf etməsinə, dərk etməsinə imkan vermək lazımdır. Onlar bunun müqabilində gələcəkdə başqalarına məhdudiyyətlər qoyaraq “yox” deyə biləcək, başqalarının sərhədlərinə də hörmət etməyi öyrənəcəklər. Bu da çox vacib bir məsələdir. Çünki kiçik yaşlarında biz uşaqları təhlükələrdən qoruya bilirik. Amma böyüdükcə və valideyn ilə uşaq arasındakı məsafə çoxaldıqca onları həyatın içərisində olan təhlükələrdən qorumaq da çətinləşir. Buna görə də uşaqlara özlərini qorumağı öyrətmək vacibdir. Bu da birinci növbədə onların “yox” sözünü asanlıqla, yüksək səslə ifadə etmələrinə imkan verməkdən və bunu hörmətlə, səbrlə qarşılamaqdan keçir. Yalnız bu halda onların gələcəkdə də özlərini pis niyyətli insanlardan, mənfi hallardan qorumalarını təmin edə bilərik.