Usaq

Qızıla dönən qızlar – ARAŞDIRMA

Baxış sayı: 1. 696

“Qız qaldıqca qızıla dönər”. Bu atalar sözünü əvvəllər zarafatyana işlətsək də, son illərin demoqrafik statistikası sözügedən deyimin reallığa döndüyünü göstərir. Artıq neçə illərdir ki, Azərbaycanda dünyaya gələn oğlanların sayı qızlara nisbətən çox olur. Hazırda bəlkə də o qədər narahatçılıq yaratmayan bu statistika gələcəkdə xoşagəlməyən bir mənzərə formalaşdıra bilər.

 

“Hər il doğulacaq uşaqların 10 faizə yaxınını itiririk”

Təbiətin qanunauyğunluğunun pozulmasına səbəb isə oğlan istəyən ailələrin sayının çox olmasıdır. Elə buna görə də tələf edilən uşaqların statistikası çox acınacaqlı rəqəmlər ortaya qoyur. Belə ki, statistik göstəricilərə görə, Azərbaycanda hər il 20 min uşaq abort edilir. Bunu Aile.lent.az-a açıqlamasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və Analitik araşdırmalar şöbəsinin müdiri Elgün Səfərovun sözlərinə görə, hər il doğulacaq uşaqların 10 faizə yaxınını itiririk: “Qeyri-qanuni abortların edilməsi faktlarının mövcudluğunu nəzərə alsaq, ölkədə abortlarla bağlı statistika daha da yüksəkdir. Bəzən tibbi göstəriş olmadan döl qeyri-qanuni olaraq abort edilir. Buna səbəb valideynlərin bir qız uşağından sonra ikinci qız övladının doğulmasını istəməməsi və yaxud iki uşaqla kifayətlənməsi kimi faktlardır”.

 

Azərbaycanda qız oğlandan üstün tutulub

Sosioloq Asif  Bayramov  bildirir ki, hər bir xalqın qıza və oğlana münasibəti onun bu günündən daha çox dünənki əxlaq və mənəvi dəyərlər sistemindən irəli gəlir: “Biz bunun üçün xalqımızın folklor nümunələrinə müraciət edə bilərik. Burada qıza, qadına aşağılayıcı münasibətin olmadığını görəcəyik. Əksinə, qızın bir çox hallarda oğuldan üstün tutulması motivi kifayət qədər var”.

Sosioloq deyir ki, demoqrafik tarazlığın pozulması hallarını sovet dövründə əsasən Orta Asiya respublikaları yaşayıb. Bu problem Türkmənistanda daha qabarıq nəzərə çarpıb: “Türkmənistanda qız tapa bilməyən kişilər Azərbaycana, Özbəkistana, Qazaxıstana, Qırğızıstana gedərək çox baha başlığa qız almağa məcbur olurdular. Ona görə də həmin dövrdə Türkmənistanda demək olar ki, boşanma problemi yaşanmırdı. Çünki başqa respublikalardan qız almaq üçün o qədər başlıq verirdilər ki, buna görə də qadını boşamaqdan vaz keçirdilər”.

 

Oğlanlar evlənmək üçün qızı kənarda axtaracaqlar

A.Bayramovun sözlərinə görə, belə bir problemlə yaxın gələcəkdə Azərbaycanın da üzləşmə ehtimalı var. Oğlanlar ailə qurmaq üçün qızı Azərbaycanın sərhədlərindən kənarda axtaracaqlar: “Bu isə demoqrafiyamıza zərbə vuracaq təhlükəli tendensiyadır. Bizim oğlanlar onsuz da Rusiyaya gedib qeyri-azərbaycanlılarla evlənirlər. Demoqrafik problem buna daha da təkan verəcək. Bunun nəticəsində isə biz indikindən daha fərqli və ağır, təhlükəli bir demoqrafik vəziyyətdə qala bilərik”.

A.Bayramov deyir ki, problemin həlli üçün KİV və müxtəlif təşkilatlar da yardımçı ola bilərlər: “Respublikada maarifləndirici təbliğat işləri aparmaq lazımdır. Bu maarifləndirmə məsələlərində dövlətin xüsusi yeri və mahiyyəti var. Mükəmməl proqram hazırlanmalı və dövlətin nəzarəti altında müvafiq humanitar qurumlar, təhsil ocaqları bu proqrama qoşulmalıdır. Əks halda demoqrafik problem getdikcə böyüyəcək. Cəmiyyətdə bu gün abort problemi yaşanır. Bunun qarşısını almaq üçün tətbiq edilən qadağalar məsələlərin həllində hələlik müsbət dönüş yaratmayıb”.

 

Abort halları problemli hamiləliklər zamanı seçilir

Ginekoloq-cərrah Naibə Həsənova isə deyir ki, qız-oğlan seçimi əsasında uşağı abort etdirənlər hələ də var. Amma bu, çox azdır: “Mən öz təcrübəmə əsasən deyə bilərəm ki, abort halları qız-oğlan istəməməklə bağlı olmur. Hamiləlikdə problem olur, yaxud ananın sağlamlığında elə bir problem olur ki, uşağı abort edirik. Məsələn, mənim pasiyentlərim arasında ayda 100 nəfərdən sırf 5 nəfəri cinsiyyət seçimi üçün müraciət edir. Abort halları daha çox problemli hamiləliklər zamanı olur”.

Azərbaycanda demoqrafik vəziyyət qənaətbəxşdir

Elmi Tədqiqat Pediatriya İnstitutunun direktoru, Səhiyyə Nazirliyinin baş pediatrı Nəsib Quliyev isə bildirdi ki, Azərbaycanda bütövlükdə demoqrafik vəziyyət qənaətbəxşdir. Çünki insanların sayında artım var: “Dünyanın bir çox ölkələrini, o cümlədən Avropanı, bizə qonşu olan ölkələrin əksəriyyətini narahat edən bir məsələ artımın olmamasıdır. Məsələn, Gürcüstanda, Rusiyada artım yoxdur, Ermənistanda isə sürətlə azalma gedir. Amma Azərbaycanda bu problem yaşanmır. Azərbaycanda demoqrafik problem odur ki, oğlanların sayı qızlardan çoxdur. Bu məsələ müəyyən dərəcədə narahatçılıq törədir. Fizioloji normaya görə, dünyada doğulan hər 100 qıza nisbətdə 106 oğlan doğulur. Bu, təbiətin qaydasıdır, bunun niyə belə olduğunu heç kim bilmir. Amma sonrakı zamanlarda məlum olur ki, zaman keçdikcə oğlanların sayı ilə qızların sayı təxminən bərabərləşir. Oğlanlar xarici təsirlərə daha çox məruz qalırlar, yetkin yaşa çatanda bu faiz təxminən bərabərləşir. 50-51 faiz xanımlar olur, 49-50 faiz kişilər”.

 

Ailədə ikinci qız doğulanda mükafat nəzərdə tutulur

Baş pediatrın sözlərinə görə, doğulan oğlanların qızlara nisbətən çox olması milli mentalitetimizdən irəli gəlir. O deyir ki, doğuşdan öncə cinsiyyətin öyrənilməsi mümkün olduqdan sonra oğlanların sayı çoxalmağa başlayıb: “Bu, bu gün hiss edilməsə də, gələcəkdə ciddi demoqrafik problem yarada bilər. Dövlət bununla bağlı müəyyən addımlar atır. Səhiyyə sahəsində çalışanlar təbliğat aparırlar. Gələcəkdə cinsiyyətin doğulmadan öncə təyin olunması hallarına qadağa qoyula bilər. Ailədə ikinci qız doğulanda mükafat nəzərdə tutulur. Bu tədbirlər ona yönəlir ki, gələcəkdə oğlanlarla qızların arasında ciddi fərq hiss olunmasın”.

 

Ailə planlaşdırılması

N.Quliyevin sözlərinə görə, sivil ölkə olaraq dünya təcrübəsində geniş yayılan ailə planlaşdırılmasından ölkəmizdə də istifadə edə bilərik: “Sivil ölkələr ailəni öncədən planlaşdırırlar. Biz də buna doğru getməliyik. Təəssüf ki, bəzən belə olmur. Hər bir canlının reproduktiv tsikli var. Məsələn, fil beş ildən bir bala verir, inək ildə bir dəfə. İnsan da canlıdır. İnsanın reproduktiv tsikli təbiət tərəfindən 3 il nəzərdə saxlanılır. Yəni insan 3 ildən bir uşaq dünyaya gətirməlidir. Uşaq dünyaya gəlir, ana onu ana südü ilə iki il bəsləməlidir. Daha sonra növbəti uşaq dünyaya gətirmək haqqında düşünməlidir. Uşaq 3 yaşına çatanda ikinci uşaq dünyaya gəlməlidir. Amma şüurlu insan bu tsikli pozur. Təbiət də ondan qisas alır. Qadın orqanizmi bir uşaq dünyaya gətirəndən sonra növbəti hamiləlik üçün iki il hazırlıq keçməlidir. Bəzən ailələlər deyirlər ki, 2-3 uşaq dalbadal olsun, sonra hamısı bir böyüsün, baxmaq asan olsun. Bu, bizim istəyimizdən asılı deyil və təbiətin qanununu poza bilmərik”.

 

Aygün Asimqızı




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir