qizilca

Qızılca Azərbaycanda yayıla bilərmi?

Baxış sayı: 1. 595

Xarici ölkələrdə qızılca xəstəliyi geniş yayılıb. Bizdə bu xəstəliyə qarşı peyvənd olunduğu üçün yayılmasa da, uşaq bağçalarında və məktəblərdə su çiçəyi xəstəliyi geniş yayılıb. Uşaq bağçalarında hətta ayrı-ayrı qruplarda vaxtaşırı olaraq karantin elan edilir. Ekspertlərin fikrincə, qızılca, eləcə də su çiçəyi xəstəliyi zamanı ağırlaşmalar olduqda insan tələfatına səbəb olur.

Qeyd edək ki, son 11 ay ərzində Ukraynada 3000-dən çox insanda qızılcaya yoluxma faktı aşkarlanıb. Daha pis vəziyyət İvano-Frankovski, Zakarpatiya vilayətlərində qeydə alınıb. Odessada isə 3-ü uşaq olmaqla, 5 nəfər qızılcadan ölüb. Bəs ölkəmizdə xəstəliyin yayılması ehtimalı varmı?

Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin (RGEM) direktor müavini Afaq Əliyeva bildirir ki, Azərbaycanda peyvəndlə əhatə faizi yüksək olduğuna görə, uşaqlar arasında qızılca xəstəliyinin yayılması ehtimalı yoxdur. Onun “Trend”ə dediyinə görə, Ukrayna, Rumıniya, İtaliya və bəzi Avropa ölkələrində qızılca xəstəliyinin yayılmasının əsas səbəbi peyvəndlərlə əhatə səviyyəsinin aşağı olmasıdır.

Əliyeva deyir ki, peyvənd aparılan ölkədə belə alovlanma baş vermir: “Azərbaycanda qızılca və məxmərək əleyhinə qızılca-parotit-məxmərək (QPM) əleyhinə vaksinlə peyvənd həyata keçirilir. Peyvənd təqviminə əsasən, bu peyvənd uşaqların 12 aylığında və 6 yaşında aparılır. Planlı peyvəndlə əhatə olunma səviyyəsi hər il ölkədə 97,8-98 faiz olur”.

Direktor müavininin sözlərinə görə, Azərbaycanda kifayət qədər vaksinlə təminat var, vaksinlər ÜSN-ün tələblərinə uyğundur və təhlükəsizdir. Eləcə də, vaksinlərin sayı uşaqların sayına uyğundur.

A.Əliyeva qeyd edir ki, Azərbaycanda böyükyaşlılar peyvənd edildiyinə görə onların da bu xəstəliyə qarşı immuniteti var: “Eyni zamanda, Azərbaycanda uşaqlar arasında da qızılca xəstəliyinə qarşı yüksək kollektiv immunitet var. Bir necə ildir ki, Avropa ölkələrində qızılca xəstəliyi var. Buna baxmayaraq, Azərbaycanda son 4 ildən də çox müddətdə gətirilmə hadisələri qeydə alınmır”.

Əliyeva bildirir ki, qızılcaya qarşı bir peyvənd uşaqda tam immunitet yaratmadığına görə, 5 ildən sonra ikinci peyvənd aparılır: “Bununla da, 25-30 il müddətində bu immunitet uşaqda qalır. Hətta hesab edirəm ki, ətrafda xəstə insanlar yoxdursa, bu immunitet uşaqlarda uzun müddət qalacaq, onlara ömürlük bəs edəcək”.

O, hər bir şəxsin həyatı boyunca heç olmasa bir dəfə də olsa belə, qızılca və suçiçəyi xəstəliyini keçirməli olması barədə fikirlərin əsassız olduğunu söyləyib: “Bu, sovet dövrünün fikirləri idi. O zaman insanların anlayışı da başqa cür idi. İndi isə peyvənd olunanlar heç bir zaman xəstələnmirlər”.

Rusiya, Ukrayna kimi ölkələrdə qızılca təhlükəsinin Azərbaycana keçməsi məsələsinə aydınlıq gətirən Elmi Tədqiqat Pediatriya İnstitutunun direktoru, Səhiyyə
Nazirliyinin baş pediatrı Nəsib Quliyev isə “report.az”a bildirib ki, Azərbaycan 2015-ci ildən qızılca və məxmərəyin eliminasiyasına nail olub: “O zamandan ölkədə bu xəstəliklərə yoluxan xəstə ilə bağlı məlumat yoxdur. Yəni bu gün üçün Azərbaycanda qızılca xəstəliyi yoxdur”.

Quliyev qeyd edib ki, ölkədə adıçəkilən xəstəliklərlə bağlı peyvəndin əhatəsi yüksək (95 faiz) olub: “Ona görə də bu xəstəliyin ölkədə olma ehtimalı yoxdur. Lakin ölkə kənarından bura gələn vətəndaşlarda peyvənd olunmayan uşaqların yoluxma faizi yüksəkdir. Bu səbəbdən uşaqların peyvənd olunması vacibdir”.

N.Quliyev qeyd edib ki, qızılcanın ev şəraitində müalicəsi mümkün deyil: “Çünki ağır xəstəlikdir və müxtəlif formaları var”.

Tibbi ekspert Adil Qeybullanın bildirdiyinə görə, qızılca ona qarşı peyvəndin vurulmadığı arealda yayılır: “Bizdə qızılcaya qarşı passiv immunizasiya aparılır. Anataksin vurulur. Bədənə antitellər yeridilir, bədən xəstəliklə mübarizə aparır. 6 və 12 yaşda vaksinasiya olunur”.

Həkim bildirir ki, lakin əhalinin bir qismi vaksinasiyaya biganə yanaşır ya da peyvənd vurdurmaqdan qorxur. Vaksinasiyadan yayınan ailələr baş alıb gedir. “Peyvəndin uşaq üçün zərərli olduğunu düşünən valideynlər, eləcə də bəzi həkimlər bunu təbliğ edirlər. Bu, düz deyil. Nəzərə almaq lazımdır ki, bu gün dünyada dörd karantin infeksiya məhz vaksinasiya nəticəsində yoxa çıxıb. Hələlik vaksinasiyadan yaxşı xəstəliklərdən qorunmaq üçün dünyada ikinci effektiv yol tapılmayıb. Bu səbəbdən də valideynlər vaksinasiyanın vacibliyini dərk etməlidir. Poliklinakada xüsusi nəzarət altında uşaqlara vaxtaşırı peyvəndlər vurulmalıdır. Peyvəndə qarşı əks göstərişləri yoxdursa, heç bir uşağın peyvənddən kənarda qalmasına yol verməməyə çalışmaq lazımdır. Bir də qızılca xəstəliyinə tutulmuş insanların bir müddət ölkəyə daxil olmasının qarşısını almaq lazımdır. Kompleks tədbirlər görülməlidir ki, qızılca ölkəmizdə yayılmasın. Qızılca xəstəliyi insan tələfatına gətirib çıxara bilər. Əgər vaksinasiya ciddi şəkildə aparılmasa, başlı-başına buraxılsa, qızılcanın fəsadları ağır ola bilər”.

Aynurə MƏMMƏDOVA




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir