Çexiyanın paytaxtı Praqanı görənlər onu adətən belə xatırlayır – nağıllardakı gözəl şəhər. Bəs Praqanı digər paytaxtlardan özəl edən, onu nağıllar şəhərinə bənzədən, yaddaşlarda unudulmaz edən nədir?
Bakıdan Praqaya necə getmək olar?
Praqaya getmək artıq çox asanlaşıb. Koronavirus pandemiyası səngidikdən sonra 2022-ci ilin 17 iyunundan etibarən birbaşa Bakı-Praqa-Bakı reysi açılıb. Tək nəfərlik ikitərəfli biletin ümumi qiyməti isə təxminən 1140 manat edir.
Artıq turistlər üçün qapılarını açan Praqaya səyahətlər intensivləşdiyi üçün məsləhət görülür ki, 2-4 gün öncədən bilet bron edilsin. Onu da xatırladaq ki, Bakı-Praqa üzrə ən ucuz biletlər həftənin çərşənbə və cümə axşamı günləri olur. Bir qayda olaraq, istirahətlər günləri biletlər baha olur. Ayrı-ayrılıqda gediş və gəliş bileti almaqdansa eyni anda birdəfəlik hər iki istiqamətə bilet almaq daha sərfəlidir.
Artıq tələb olunan sənədlər arasında koronavirus testi ləğv edilib. Bununla belə, səyahətdən bir müddət əvvəldən “yaşıl pasport” hazırlamaq lazımdır. Doğrudur, səyahətim müddətində hansısa iaşə mərkəzində və yaxud digər yerlərdə bu sənədi tələb edən olmadı, lakin “ehtiyat igidin yaraşığıdır” deyib, hazır formada telefonda və yaxud kağız formasında çantada saxlamaq məsləhətdir.
Bakıdan 2963 km məsafədə yerləşən Praqaya uçuş cəmi 4 saat 30 dəqiqə, Praqadan Bakıya isə 4 saat 10 dəqiqədir.
Slavyan qrupuna aid çex dili rus dilinə nə qədər bənzəyir?
Praqaya çatar-çatmaz elə aeroportdaca çex dilinin müəyyən qədər rus dilinə yaxın olduğunu müşahidə etmək olur. Məsələn, çexlər də ruslar kimi görüşəndə “dobrıy den”, “dobrıy veçer” deyir, əlbəttə ki, özlərinə məxsus vurğularla. Həmçinin “mesto” (çex dilində şəhər), “vokruq”, “prava”, “esli” və digər rus sözlərinə rast gəlmək mümkündür. Əksəriyyəti rus dilini yaxşı bilsələr də, bu dildə danışmağa meyilli deyillər. Ona görə yox ki, çətinlik çəkirlər, ona görə ki, Rusiya Ukraynaya hücum edib, milyonlarla ukraynalı qaçqın ev-eşiyindən olub. Praqanın, demək olar ki, bütün rəsmi dövlət binalarında, o cümlədən prezident igamətgahında eyni ölçüdə Ukrayna bayrağı Çexiya bayrağı ilə birgə dalğalanır.
Artıq Praqa kitab evlərində Putinin siyasətini, Rusiya-Ukrayna müharibəsini pisləyən kitablara rast gəlmək olur. Çexlərin ukraynalılara dəstəyi təkcə bununla bitmir. Bu günə qədər 300 000 ukraynalı qaçqını qəbul edən Çexiyanın paytaxtı Praqada, məşhur futbol stadionu ilə üzbəüz, Letna meydanında Ukraynada ələ keçirilən rus tankları, raket və tank əleyhinə silahlar sərgilənir. Bu haqda daha ətraflı qarşıdakı reportajda məlumat verəcəyik.
Bir sözlə, Çexiyada yüksək rütbəli məmurundan tutmuş, adi vətəndaşına qədər hər kəs Rusiya-Ukrayna münaqişəsindən çox narahatdır.
Məşhur Karlov körpüsü
Praqa deyəndə ağıla ilk gələn gözəl məkanlardan biri Karlov körpüsüdür. Səfərimin ilk günündə bu körpünü axşam saatlarında ziyarət etmək imkanım oldu. Bəlkə də bu məkanı elə axşam saatlarında ziyarət etmək daha maraqlıdır. Körpü boyu müxtəlif heykəllərə rast gəlmək olur. Axın edən turistlərin içərisində itib-batırsan, körpünün sağ və sol tərəfi gözəlliyi ilə səni valeh edir, isti yay gününündən sonra Viltva çayının mehi ilə sərinlənirsən…
Elə bu gözəlliyə aludə olduğum vaxt bələdçim rus dilində xəbərdarlıq edir ki, çantamdan ehtiyatlı olum, çünki burada fürsətcil oğrular çoxdur. Oğru ilə rastlaşmasam da, qarşıma tez-tez dilənçilər çıxdı. Bu dilənçilər bir tərəfdə əyləşib, qarşısına papaq və yaxud kiçik qab qoyub, başlarını aşağı dikib, sakitcə dilənirlər. Amma bu dilənçilər bizim adət etdiyimiz dilənçilərdən deyil, səliqəli, normal geyimdə, normal yaşayışı olduğu görünən dilənçilərdir. Əksəriyyəti də itləri ilə birgə dilənir. “Əgər belə bahalı itləri varsa, demək, normal yaşayışı var, bəs niyə dilənir?” deyə bu cür dilənçilərdən birini göstərib, bələdçimə sual verirəm. “Onlar demək istəyir ki, təkcə özlərini deyil, həm də itlərini də qidalandırmalı, onlara baxmalıdır, hesab edirlər ki, belə görünməklə insanlar onlara daha çox pul verə bilər”, – bələdçim cavab verir.
Turistlərin sevimli məkanı Karlov körpüsünün çox maraqlı tarixi var. Deyilənə görə körpü bir zamanlar indiki gömrük məntəqəsi rolunu oynayıb. Bir müddətə qədər Karlov Körpüsü taxtadan inşa olunduğu üçün payız və qışda yağan yağış və külək onu uçururmuş. Bu səbəbdən Çexiyanın kralı IV Karl belə qərara gəlir ki, taxta körpünün yerində əzəmətli körpü tikilsin. Həmin vaxt bu cür körpünün inşası həddindən artıq maliyyə vəsaiti tələb etdiyindən qərara alınır ki, körpüdən istifadə edənlər gömrük rüsumu versinlər. Körpü üzərində qurulan keçid stansiyalarından nəzarətçilər əyləşirlərmiş. Beləcə daşdan hörülən bu körpü üzərində hərəkət təmin olunur və Praqaya daxil olan və Praqanı tərk edənlər vergi verməli olurlar.
Körpünün üstündə niyyət tutmaq üçün yer də var. Deyilənə görə, bu müqəddəs yerdə tutulan niyyətlər mütləq həyata keçir, bir şərtlə ki, niyyət maddiyyatla bağlı olmasın.
Karlov körpüsünü kiçik bir yazı ilə vəsf etmək yetərli deyil. Mütləqdir ki, bu gözəlliyi öz gözlərinlə görəsən, onu yaddaşına həkk edəsən…
33 dərəcə isti…
Praqaya gəlməzdən əvvəl, səfər öncəsi çantama bəzi isti geyimlər də qoymuşdum. Düşünürdüm ki, Bakıya nisbətən Praqa nisbətən soyuq ola bilər. Amma çox yanılmışdım, elə bura da yay Bakıdakı qədər isti keçir. Səfərimin ilk günü, iyulun 25-də şəhərdə 33 dərəcədən çox isti hava şəraiti var idi. Adətən paytaxt Bakımızda günorta hava isti olsa da, axşamlar Xəzərin küləyi insanları sərinlədir. Praqada isə dəniz olmadığından, axşamlar da quru isti olur. Yalnız çayın kənarına gəlib, sərin mehi hiss etmək mümkündür.
Praqanı gəzməklə doymaq olmur. Gəzdikcə dörd bir tərəfində qədim abidələrə, kralların yaşadığı saraylara, bir çox hissələri əsl qızıldan hazırlanan kilsələrə, məşhur qüllələrə rast gəlirsən.
Bu gözəlliklər haqqında daha ətraflı qarşıdakı reportajlarda…
Xalidə Gəray
Bakı-Praqa