sevgi

Qızlar necə oğlanlarla ailə qurmaq istəyir? – SORĞU

Baxış sayı: 1. 637

Hər bir gəncin gələcək həyat yoldaşı haqqında özünəməxsus fikirləri var. Evlilikdən qabaq gələcək ömür-gün həmdəmi barədə hərə bir cür xəyal qurur, sevgilisinin necə olmasını öz-özlüyündə təsəvvür edir. Elə gənclər var ki, onların xəyalları gerçək olur. Elələri də var ki, əksinə..

Modern.az saytının əməkdaşı müxtəlif peşə sahibləri olan gənc qızlardan “Gələcək həyat yoldaşınızın necə biri olmağını istəyirsiniz” sualına cavab istəyib. “Gencaile.az” saytı həmin sorğunu təqdim edir:

Bakı Dövlət Universitetinin tələbəsi Leyla Əfqanın fikrincə, bir qadın hər şeydən əvvəl  güvənmək istəyir.

“İzdivaca girəcəyi adamın ağıllı olmasını, onu hər mövzuda anlayışla qarşılaya bilməsini gözləyir. Bizim kimi toplumlarda qadınlar əksərən kişilərdən bir addım geridədir. Bunun təbii ki, bəşəri səbəbləri var. Hələ də elə cəmiyyət var ki, orada qadınların işləməyinə, tək harasa getməyinə, fikrini hardasa sərbəst ifadə etməsinə yaxşı baxılmır. Haqqını tələb edən, bir qədər hərəkətlərində sərbəstliyə meyl edən cəsarətli qadınlar hər zaman ya “həyasız” ya da “əxlaqsız” frazaları ilə qarşılaşırlar. Düşünürəm ki, qadın böyük qüvvədir və o, azad, hurr olduğu müddətcə şaxələnib qol-budaq ata, inkişaf edə bilər. Buna görə hər qadının həyatında onun azadlığını qısıtlamayan bir kişinin olması vacibdir. Necə ki kişinin savadlı, ağıllı qadınla izdivac qurmağı vacibdirsə, qadının da eynən ağıllı bir kişi ilə izdivaci mütləqi-həqqdir. Ki, sabah qadının azadlığını əlindən almasın, onu məngənəyə salıb inkişaf etməsinə əngəl yaratmasın”.

Azvision.az saytının əməkdaşı Şəhanə Rəhimovanın ailə həyatı quracağı şəxs həm xarici görünüşünə, həm də xarakterinə görə standart, şablon adam olmamalıdır.

“Məsələn, uzun saçlı, qulağında sırğa olan oğlanlar mənim çox xoşuma gəlir. Baxmayaraq ki , qızların və ya oğlanların bir çoxu küçədə belələrini görəndə ağzının altında söyür və ya rişxəndlə baxır.  Mən isə əksinə, elə oğlanlara simpatiya ilə yanaşıram. Savadlı olması şərtdir.  Mütaliləli , öz dilimizdən başqa bir dil bilməsi, dünyaya, proseslərə  açıq olması vacibdir. Ən əsası isə xarakterli, sözün hər mənasında tərbiyəli, cəsarətli  insan olmalıdır.  Mənim kimi aktiv, musiqini,  rəqsi, idmanı, səyahəti, uşaqları sevən biri olmalıdır”.

Azərbaycan Texniki Universitetinin tələbəsi Arzu Bədəlova gələcəkdə ailə həyatı quracağı insanın ilk növbədə ailəcanlı olmağını istəyir.

“Hamı kimi mən də istəyərəm ki, mənim gələcək həyat yoldaşım savadlı, ağıllı və qısqanc olsun. Mənim hər fikrimi anlayışla qarşılasın. Öz valideynlərinə necə hörmət edirsə, mənim də valideynlərimə eyni hörməti göstərsin. İmkanlı-imkansız olmağının mənim üçün o qədər də əhəmiyyəti yoxdur. Əsas odur ki, saf sevgisi olsun. Mənim xəyalımda təsəvvür etdiyim gələcək həyat yoldaşımın tipi belədir. Hündürboy, qaraşın və enlikürək oğlan olması. Amma indi tələbəyəm və evlilik haqqında o qədər də düşünmürəm. Gələcək həyat yoldaşımın necə olmağını isə həyat göstərəcək. Çünki həyat bizim bütünlüklə istəklərimizin reallaşması üstündə qurulmayıb”.

Tələbə Lalə Ağayeva deyir ki, gələcək həyat yoldaşının ona yüksək dəyər verən birini olmalıdır:

“Məni başa düşsün. Boyu məndən hündür olsun. Təhsili isə bir o qədər də önəmli deyil. Əsas,insan olsun. Görünüşü də normal olmalıdır. Çünki birlikdə gedəndə nə mən, nə də o utansın. Mənim həyat quracağım şəxs çox qısqanc olmalıdır. Amma hər şeyi çürüdən olmamalıdır. Boş-boş şeylər üstündə ailəyə söz-söhbət salan insanlardan heç xoşum gəlmir. Dinləməyi bacarmalı, səbirli olmalıdır.  Ən azı məndən 2-3 yaş böyük olmalıdır. Həmçinin normal qazancı olmalıdır. Çünki sevgiylə qarın doymaz. Bir sözlə desəm, mənim nazımla oynamalıdır”.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir