aile

Qızlar niyə qayınanasız evə gəlin getmək istəyir? – ARAŞDIRMA

Baxış sayı: 651

Günümüzün ən aktual problemlərindən biri gənc nəslin evləndikdən sonra ayrı yaşamaq istəməsidir. Belə ki, bunu kişilərdən daha çox gəlin namizədləri istəyir. Bəziləri evləndikdən sonra bu tələbi irəli sürsə də, nişanlı yaxud sevgili vaxtından da ayrı yaşamaq istədiyini dilə gətirən qızların sayı az deyil.

 

Bəs, qızlar niyə qayınanasız evə gəlin getmək istəyir? Bunun kökündə hansı səbəblər dayanır?

Gənc nəsil ayrı yaşamağı daha rahat olmaq, evliliyi anlamaq, birlikdə zaman keçirmək və məsuliyyətlərinin fərqinə varmaq üçün istəyirlər. Buna anlayışla yanaşmaq lazımdır.

Araşdırmalar göstərir ki, hal-hazırda gəlinlərlə yanaşı qayınana-qayınatalar da gəlinlə birlikdə yaşamaq istəmir. Bu daha çox gənc valideynlərə aiddir. Yəni, onlar daha müasir düşüncədə olurlar.

AILE

Gəlin-qayınana münaqişəsinin səbəbləri nələrdir?

 

Oğul sahibi olmaq və güc

Bizim kimi patriarxal cəmiyyətlərdə oğul sahibi olmaq qadın üçün güc deməkdir. Hətta belə bir deyim də var ki, “İlk uşağı oğlan doğum və yerimi bərkidim”. Yəni, düşünürlər ki, oğlan uşağı dünyaya gətirmək onların evlilikləri üçün sanki bir sığortadır. Oğlu olan qayınana da bu gücü itirmək və onu başqası ilə bölüşmək istəmir. Burada ən böyük rəqib isə gəlindir və buna görə də gəlinlə münaqişə başlayır.

 

Himayədar oğlan anası

Həddindən artıq himayədar ana oğlunu qorumaq üçün gəlini ilə mübahisələr yaşayır. Çünki ona zərər gələcəyindən qorxur. Həddindən artıq himayədar anaya sahib olan kişilər gələcək ailə həyatında ciddi problemlər yaşayır. Onların əksəriyyəti həyatın çətinliklərini başa düşmür.

 

Ər-arvad olmağı bacarmamaq

Bəzi cütlüklər evlənsələr də, hələ də ər-arvad olmağı bacarmırlar. Yetkinlik dövrünü başa vurmamış insanlardan evlilik münasibətlərini həyata keçirməyi gözləmək olmaz. Əks halda problem yaranacaq.

 

Qayınana ilə birlikdə yaşamaq

Aralarında nə qədər sevgi olsa da, araşdırmalar göstərir ki, birlikdə yaşayan gəlin-qayınanaların mübahisəsi qaçılmazdır. Buna da uyğun bir deyim var ki, “Uzaq ol, hörmətli ol”.

Gəlinin də, qayınananın da özünəməxsus xarakter xüsusiyyətləri olur. Araşdırmalar göstərir ki, iki tamamilə fərqli xüsusiyyətdə olan insanın bir evdə yaşaması mübahisələrə səbəb olur. Müəyyən bir yerdə bu sevgi zənciri qırılır və mübahisələr başlayır.

 

Gəlini tənqid etmək

Ər-arvad münasibətlərində ananın oğlu ilə münasibətinə görə gəlini davamlı olaraq tənqid etməsi mübahisələrə səbəb olur. Bu məqamda oğlan anasının neytral mövqedə olması və məsələyə qarışmaması daha doğrudur.

 

Xidmət gözləntisi

Evli cütlüklə yaşayan ifrat ənənəçi qayınana gəlindən daimi və şişirdilmiş xidmət gözləyir. Hətta bəziləri gəlinin etdiyi işi bəyənmir. Bu zaman da vəziyyət dəyişir.

 

Təcrübəsizlik

Evliliyin ilkin dövrlərində gərgin ailə məclisləri, yeni evlilərə hədsiz qonaq gəlməsi və onlara yox deyə bilməmək də gələcək qaynana probleminin xəbərçisidir. Yetərincə təcrübəsi olmayan yeni evlənən cütlük, ailə olmanın ilk qaydası ilə hələ tanış olmayıblar.

 

Kişinin məsuliyyətsizliyi

Kişinin xanımına fikir verməməsi də qayınana probleminə səbəb olur. Bu problemi görən kişinin heç bir problem yoxmuş kimi davranması problemi dərinləşdirə bilər. Ümumiyyətlə, gəlin-qayınana mübahisəsində kişinin mövqeyi də neytral olmalıdır. Ən doğrusu budur.

 

Dəyişən əlaqə modeli

Zamanla münasibətlərin formasında fərqliliklər olur. Qaynana davranışını öz qayınanasından öyrənən və ya dəyişən həyat şəraitinə, münasibətlərdəki dəyişikliyə uyğun gəlməyən qayınana, təbii olaraq, gələcək gəlinlə problemlər yaşayacaq.

 

Qeyd edək ki, bəzi qayınanalar qayınanasının ona tətbiq etdiyi metodları gəlinə etsə də, bəzisi bundan tamamilə uzaq gəzir.

Yeni rolunu evliliklə qəbul edə bilməyən kişi də qayınana münaqişəsinin səbəbi ola bilər. Problemlərinin həlli zamanı həyat yoldaşı ilə münaqişəsi olan bir çox kişi anasını üstün tutmağa başlayarsa, problem daha da ağırlaşır.

 

Uşaq baxımı

İşləyən qadınların uşaq baxımı üçün yardım aldıqları qayınanalar gəlinlə daha çox münaqişə edir. Belə ki, uşaq daha çox nənə-baba yanında olduğu üçün onların tərbiyə metoduna uyğunlaşır. Gəlin də övladını öz dövrünün tələblərinə uyğun yetişdirmək istəyir. Bu da gəlin-qayınana mübahisəsinin ən başlıca səbəblərindən biridir.

Kişi bu problemi diqqətdən kənarda qoymamalı və məsuliyyətdən yayınmamalıdır. Evlilikdə qızıl qayda budur ki, həm kişilər, həm də qadınlar ailələri və həyat yoldaşları ilə problem yarandıqda, bu problemi həll etmək üçün məsuliyyətlərini dərk etsinlər. Kişinin anası ilə problemi varsa, anasına açıq şəkildə deməlidir ki, onun evliliyinə qarışmasın.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir