QADIN

Qlamur gözəllərin geyim stili haqqında maraqlı məlumatlar – FOTOLAR

Baxış sayı: 1. 481

Qlamur stil bu gün ən dəbli və populyar müasir üslublardan biridir. O incəlik və parlaqlığı ilə səciyyələnir, onun məqsədi – insanın zahirinə olan diqqətin maksimum dərəcədə cəlb olunmasıdır. Qlamur olmaq üçün hədsiz baxımlı olmaq, rəngarənglik və gözqamaşdırıcı gözəllik tələb olunur. Kənardan sadə görünsə də, qlamur xanımlar geyimlərində təkrarçılığa yol verməməlidir. Ona baxanda xüsusi dəsti-xətti hiss olunmalıdır. Hətta bir neçə xanımın tərzi eyni olsa da, yanaşı dayananda onların hər biri ayrı-ayrılıqda nəzərə çarpmalıdır. Qlamur xanımlar sadəlikdən maksimum uzaq durmalıdır, qısa desəm, qlamur olmaq çox çətindir…

Qlamur xanımı bir neçə sözlə ifadə etməli olsam, füsunkar, ecazkar, qüsursuz və arzu olunan deyərdim. Bəli, qlamur qadınlar məftun etməyi, hətta xarici görünüşü ilə bəyəndiyi kişini ovsunlamaq qabiliyyətinə malikdir. Lakin onlar dərhal unudulacaq, geyimində şitliyə yol verdiyi üçün istehza ilə gülümsədiyimiz xanımlardan deyillər. Qlamur xanımlar haqqında daha çox danışardım, lakin bu sözlərimdən hər kəsin fərqli məna çıxarıb başqa yerə yozmasından qorxduğum üçün susur və birbaşa qlamur stilin yaranma tarixinə keçirəm. Qlamur görünməyə can atmazdan əvvəl hər bir xanım bu üslubun qayda-qanunlarını və nə demək olduğunu bilməlidir. Tabloid.az-ın “Moda inqilabları” layihəsi çərçivəsində bu həftə qlamur üslubun yaranma tarixi və qayda-qanunları haqqında bəhs edəcəyəm.

“Glamorous” ingilis mənşəli söz olub mənası göz alıcı, heyranedici, gözəllik və cazibə deməkdir. Əslində isə qlam stilinin yaranma tarixi uzaq keçmişə söykənir. Bu söz öz başlanğıcını latın sözü olan qrammatika sözündən alıb. Daha sonra fransız dilinə keçir. “Grammaire” – qrammatika, təhsil mənalarını verir. “Grimoire” isə sehrli, cadugərliklə bağlı olan kitab deməkdir. Bir müddət sonra bu söz ingilis və şotland dilinə transfer olunur. Bu zaman qlamur sözünün sonuncu və müasir variantı yaranır. İngilislər bu sözü sehrli ovsunlar və cadugərlik kimi istifadə edirdilər. Lakin yuxarıda yazılanlar orta əsrlər dövründə, lap çoxdan olub və qlam geyim üslubu ilə heç bir qohumluğu yoxdur. Əsl qlamur xeyli sonralar yaranıb və çox maraqlı yaranma hekayəsi var.

Qlamur obrazların ilk yaranma tarixini XVII əsrdə Fransada barokko dövrünün başlaması ilə əlaqələndirmək olar. Bu üslubun mövcudluğunun tarixi XIV gənc Lüdovikin taxta əyləşməsi ilə başlayır. O, Fransanı nəinki güclü dövlətə, həm də Avropanın əsas mərkəzlərindən birinə çevirir. Bu hökmdar dünyada ən çox əyləncə, səsli-küylü bayramları, ziyafətləri, rəqs və maskaradları sevirdi. Onun hökmranlığı dövründə saray kostyumları tanınmaz dərəcədə dəyişir. Saray kostyumları əvvəllər sərt, tutqun, ciddi həndəsi fasonlara malik idi, parça əvəzində qalın məxmərdən, bəzək kimi isə sadə gümüşlərdən istifadə olunurdu. Barokko üslubunun gəlişi ilə rəvan xətlər, çoxqatlı konstruksiyalar, saçaqlı, əlvan rəngli ipək və atlasdan tikilmiş, qızılla bəzədilmiş kostyumlar dəbə minir. Bu stil dəbdəbəni təcəssüm etdirirdi, həm də müasir qlamur üslubun analoqu idi.

O zaman insanlar ilk növbədə görünüşünə, daha sonra isə ağlına görə mühakimə olunurdu. Bu cümlə o dövrü mükəmməl şəkildə ifadə edir: “İnsanın çəliyi (əsanı) necə gəzdirməsi ağlının göstəricisidir”.

Fransada dəbdəbəli kübar həyatının çiçəklənmə dövrü XIX əsrin əvvəllərinə təsadüf edir. Kübar həyata həsr olunmuş ədəbi əsərlər dərc olunmağa başlanılır. ХIХ əsrin əvvəllərində Onore de Balzak kübar xanımların və kavalerlərin həyatı haqqında romanlar yazmasından sonra dəbdəbəli həyat tərzi populyarlıq qazanır. Həmçinin filmlər çəkilir.

Ağ-qara ekranlarda göstərilən parıltılı dodaq boyası çəkmiş, bahalı bəzək əşyaları taxmış, xəzə bürünmüş qadınlar və ümumilikdə bütün bunlar yüksək mənəviyyat ruhunda, sərt əxlaq qaydaları və dini tərbiyə əsasında yetişdirilən ciddi və xoşagəlimli ev qızlarını heyrətə gətirir. Kinolarda göstərilən müəmmalı aktrisaların həyat tərzi, məftunedici stili gənc xanımların həyatına da nüfuz edir. Beləliklə, moda ehtirası qızları öz cənginə alır və qlamur pərəstişkarlarının sayını daha da artırırdı. Əslində, bu gün müasir geyimlərdəki sərbəstliyi təmtərağın və dəbdəbənin ancaq məşhurlara aid olduğu fikri ilə razılaşmayan üsyankar ruhlu qadınlara borcluyuq.

 

Hollivud və qlamurluq ehtirası

Çox güclü, ağıllı qadınlar bütün dövrlərdə dəbi diktə edirdi. Ona görə də qlamurluq ilk növbədə bu bənzərsizliyi təbliğ edir. Qlamur stilin ən məşhur nümayəndələrini gəlin birlikdə nəzərdən keçirək…

XX əsrin sonlarında qlamurluğun hər sahədə özünü göstərməyə başladığı vaxtda çoxları onun bir hissəsi olmaq istəyirdi. Hətta qlamurluq və dəbdəbə insanların həyatının mənasına çevrilir. Həm də sosial statusunun göstəricisi idi.

XX əsrdə qlamur üslubunun insanlar üzərində təsirinin güclənməsinin əsas səbəbi kütləvi kommunikasiya vasitələrinin inkişafı idi. Bütün qadınlar kino ulduzları kimi möhtəşəm görünmək istəyirdilər.

 

Yeni gözəllik standartlarını yaradan güclü xanımlar

Qlamur xanımlar hər yerdə gözəllikləri ilə işıq saçırlar. Lakin ona qlamur deməyə tələsməyin. Qlamur xanımlar makiyaj, geyim və aksessuarların köməyi ilə öz zahiri cazibəsini yaradır və özünü təqdim etməyi bacarırlar. Daxili gözəlliyə gələndə – burada məsələ xeyli mürəkkəbləşir, təəssüf ki, müasir dövrdə o gözəllik haqqında biz ümumiyyətlə, unuduruq, ya da o ikinci planda qalır. Gözəllik və stil ikonası aktrisa Marlen Ditrix isə (və Qreta Qarbo) həm olduqca cəlbedici zahiri ilə dünyanı fəth edir, həm zəkası, həm də bacarığı ilə özünü çox gözəl təqdim etməyi bacarırdı. Onun kimi qorxmaz aktrisalar saçlarını sarı rəngə boyayaraq tamaşaçıları heyrətə gətirirdi. 30-cu illərdə Hollivud dünyaya öz gözəllik standartlarını diktə etməyə başlayır.

Фотосессия в стиле гламурфотографии в стиле гламур

40-ci illərdə isə kukla gözəlliyi dəbə minir. Amerikalı əsgərlər “Pin-Up” adlı lövhələri kazarmanın divarlarına yapışdırırdılar. Lakin bu lövhələrdəki gözəllik real deyildi, bu, sadəcə, obraz idi.

50-ci illərdə qlamurluğun istinadgahı moda jurnalları olur. Onlar yeni geyim fasonlarının deyil, həm də qlamur həyat tərzinin təbliği ilə məşğul olurdu. Müasir qlamur üslub onların sayəsində dilimizə daxil olur. Hollivudun Merilin Manro və Odri Hepbern kimi yeni dəb ikonlarının məşhurluğu o dövrə təsadüf edir. Merilin Monro yeni gözəllik standartlarının təməlini qoyduğu bir vaxtda qlamur həyat tərzinin israfçılıq olduğu ətrafında mübahisələr yaranır. Bəziləri onun ali xoşbəxtlik sayır, digərləri isə açıq-aydın mənəviyyatsızlıqda ittiham edirdilər.

фото в стиле гламур

1961-ci ildə “Tiffanidə səhər yeməyi” filmi ekranlara çıxır. Filmdə baş rolu ifa edən gənc aktrisa Odri Hepbern qızıl heykəlciyi – “Oskar” mükafatını da elə bu rolu görə qazanmışdı. Filmdə geyindiyi zərif kokteyl paltarları və baş tacları bundan sonra olduqca populyarlaşır.

İki ildən sonra Elizabet Teylor (Elizabeth Taylor) “Kleopatra” filmində baş rola çəkilir. Filmdən sonra beli vurğulayan, dərin sinə dekolteli libaslar dəbə minir. Misir heroqlifləri və ornament şəklində zinət əşyaları, böyük qızılı bilərziklər və Kleopatra makiyajı dəbə minir.

70-ci illərdə qlam-rok üslubunun çiçəklənməsi dövri idi. Qlamurluq ancaq qadınları deyil, həm də kişiləri ələ keçirir. Qlamur həyatda mühüm rol oynayan metroseksualizm də məhz o zaman yaranıb. Devid Boui həmin onilliyin parlaq kumuri idi. Cazibədar model Tviqqi isə incə və zərif bədən ölçüləri ilə gözəllik standartlarını dəyişir.

фотографии в стиле гламур

1970-ci illərin qlam üslubu həm də o dövrün musiqi dəst-xətti ilə birlikdə yaranan geyim tərzini xarakterizə edir. Qlamurluq eyni zamanda, caz mədəniyyətinin bir növü idi. Simli, biserli, parıltılı, metal rənglərdə və bədəni bürüyən təmtəraqlı paltarlar qlamur stilin əsasını təşkil edirdi. Dərin yarıqlar, dəbdəbəli kürək dekoltesi, incə tikmələr və keyfiyyətli parçalardan hazırlanan paltarlar bu janra məxsusdur.

Qlamurluq təkcə geyim tərzi demək deyil, qlamur həm də əyləncəli həyat tərzi mənasında işlədilir. Qlamur dedikdə ağla ilk olaraq yüksək təbəqənin gecə həyatı, zəngin mühiti, məşhurların yüngül həyat tərzi, zinət əşyalarının bolluğu və ədabazlıq gəlir. Bu gün qlamur üslub cəmiyyət həyatının ayrılmaz hissəsidir. Onu qəbul edib-etməmək artıq sizin öz işinizdir, amma qlamur stilin moda aləmindəki əhəmiyyətini danmaq olmaz. Bundan başqa qlamurluq və parlaqlıq fərqli anlayışlardır. Qlamur stili çox vaxt bayağılıqla qarışdırırlar. Onlar arasında fərq odur ki, qlamur individual və şəxsin özünəməxsusluğunu, bənzərsizliyini nəzərdə tutur. Parlaqlıq isə bu, sadəcə boş təqliddir.

 

Sözügedən gözqamaşdırıcı stilə necə sahib ola bilərsiniz? Qlam üslubda nələrə diqqət etməlisiniz?

Əvvəla təmiz, parlaq və baxımlı saçlara, təmiz və təravətli dəriyə, səliqəli və manikürlü dırnaqlara sahib olmalısan.

Gözəl gülüş nümayiş etdirmək üçün ağ, sağlam və düzgün dişlərə sahib olmalısan.

Geyindiyiniz paltarlarda dekolte hisslərin gözəl görünməsi üçün gözəl, təmiz, hamar və yumşaq bir dəriyə sahib olmalısınız. Qollarınız, kürəyiniz, ayaqlarınız təravətəli görünməlidir.

Üzünüzə və bədəninizə uyğun rənglərdə makiyaj etməlisiniz. Saç kəsiminiz üz quruluşuna uyğun olmalıdır.

Sizi əks etdirən bir ətriniz olmalıdır. Hansı qoxuları, sevirsinizsə, dərinizə də ona uyğun olan ətir seçməlisiniz. Çünki ətirlər dəridə müxtəlif cür təsiri yaratmaq gücünə malikdir.

Müasir qlamur stili ən müxtəlif elementlərdən ibarətdir. Bunun üçün istənilən geyim yarayır. Şalvarlar dar və ya geniş ola bilər. Qısa və ya uzun yubkalar, maykalar, bluzlar, cins şalvarlar – hamısı qlamur obrazın yaradılması üçün yarayır. Bu üslubda xəzlər mühüm rol oynayır. Onu qarderobdakı ən müxtəlif geyimlərlə uyğunlaşdırdıqda qlamur stilin iddialı nümayəndəsi olursunuz.

Qlamur üslub ancaq inanılmaz rəngarəngliyi ilə səciyyələmir. Rənglərin bənövşəyi, narıncı, çəhrayı və ya qırmızı kimi parlaq və kəskin olması məcburi deyil. Dizaynerlər təmkinli davranaraq da qlamur görünməyin mümkünlüyünü söyləyirlər. Burada əsas məsələ zövq hissidir.

Qlamur üslubun digər bir elementi olan uzun əlcəklər bu gün də son dərəcə populyardır. Qlamur üslubun müasir həvəskarları onları böyük məmnuniyyətlə istifadə edirlər.

Detallar haqqında unutmayın! Heç bir qlamur tərz düzgün seçilmiş aksessuar olmadan başa çatmış sayıla bilməz. Brilyantlar və keyfiyyətli bijuteriya geyimi gözəl tamamlayır. Üslubunuza uyğun aksessuarlar seçin, kobudluqdan çəkinin.

Geyiminizə və tərzinizə uyğun bəzəklərə malik olmalısınız. Doğru zamanda doğru sırğaları istifadə etmək qlam geyim tərzin əsas prinsipidir. Məsələn, hər bir qadının klassik mirvari boyunbağısı mütləq olmalıdır.

Ayaq formanızı nazik uzun göstərəcək gözəl ayaqqabılara sahib olmalısınız.

“Qlamorous” stili yalnız dekolteli geyinmək anlamına gəlmir. Qəşəng, cəlbedici və getdiyiniz məkana uyğun geyinmək deməkdir. Qapalı paltarda da çox qəşəng və cəlbedici olmaq mümkündür. Sadəcə paltarın keyfiyyəti, parçası və modeli qüsursuz olmalıdır.

Düzdür, bütün yuxarıda sadalananlar insanı qlamur olmağa sövq edir. Lakin heç də hamı qlamur stildə harmoniyaya nail ola bilmir. Çoxları məşhur aktirsa və müğənniləri təkraralyır, vulqarlıqla qlamur stil arasındakı mövcud xətləri ayırmaqda çətinlik çəkir, aldadıcı qablaşdırılmış və süni parıltıyla “bərq vururlar”. Əziz xanımlar, süni parıltıdan və bahalı zövqsüz olmaqdansa, gəlin özümüz olaq.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir