qohum evliliyi

Qohum evliliyi qadağan edilməlidirmi?

Baxış sayı: 638

Tibb sübut edib ki, qohum evlilikləri xəstə, şikəst, əqli gerili uşaqların dünyaya gəlməsində ciddi rol oynayır. Azərbaycan da qohum evliliklərinin çoxluq təşkil etdiyi ölkələrdəndir. Uzun müddətdir bu məsələ müzakirə edilir ki, yaxın qohumların evliliyi qanunla qadağa edilməlidir. Bu məsələ yenidən gündəmə gəlib.

“Əmi, xala uşaqları arasında evlilik qadağan oluna bilər”. Bunu Prezident Administrasiyasının Qanunvericilik və hüquq siyasəti şöbəsinin Qanunvericiliyin inkişafı sektorunun müdiri Rüstəm Qasımov martın 13-də keçirilən “Qohum nikahları” ilə bağlı ictimai müzakirədə deyib.

Onun sözlərinə görə, qanunvericilik səviyyəsində üçüncü və dördüncü dərəcəli qohum evliliklərinin qarşısının alınması müzakirə olunur: “Bu, əmi, xala uşaqları arasında olan nikahları ehtiva edir. Uzun illərdir maarifləndirmə, izahedici işlər aparılır. Hətta nikah zamanı tibbi müayinədən keçmə də müsbət addım idi. Amma bütün bu işlərə baxmayaraq, problem hələ də qalır. Buna görə də dövlətin addım atması önəmlidir”. 

Prezident Administrasiyasının (PA) Qanunvericilik və hüquq siyasəti şöbəsinin Qanunvericiliyin inkişafı sektorunun müdiri Araz Poladov isə çıxışında qeyd edib ki, qanun qadağan etsə də, yaxın qohumlar arasında evliliklər hələ də baş verir: “Burada iki təzad var. Birinci, fərdlərin azad seçimi, ikinci məsələ isə dövlətin sağlam cəmiyyət qurmaq siyasətidir. Qohum nikahlarının əsas fəsadı doğulan uşaqların irsi, genetik xəstəliklərdən əziyyət çəkməsidir. Bu məsələdə qanunun tələblərini hamımız qəbul edirik”.

Mütəxəssislər bunun həlli mexanizmi ilə bağlı nə təklif edir? Dünya təcrübəsi necədir? 

Yeri gəlmişkən, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin keçirdiyi rəy sorğusu nəticəsində məlum olub ki, Azərbaycanda qohum evliliyinin 36,4%-i nəsildən-nəslə keçən gərəksiz adətlər, stereotiplərlə bağlıdır. 2021-ci ildə keçirilən sorğunun əsas məqsədi insanların qohum evliliyinə münasibətini öyrənmək, belə nikahların təsirlərinin qiymətləndirməsi, fəsadların müəyyən edilməsi və onların qarşısının alınması istiqamətində tədbirlərin görülməsi olub. Bakı, Ağsu, Astara, Beyləqan, Cəbrayıl, Daşkəsən, Gəncə, İmişli, İsmayıllı, Lənkəran, Mingəçevir, Qazax, Qobustan, Salyan, Şamaxı, Şirvan, Tovuz, Xızı, Yevlax, Qəbələ və Ağdamda aparılan sorğuya 1354 respondent qatılıb. Onlardan 67,4%-i qadınlar, 32,6 %-i isə kişilər olub. Sorğu nəticəsində məlum olub ki, qohum evlilikləri arasında dayıoğlu-bibiqızı, bibioğlu-dayıqızı nikahlarının xüsusi çəkisi 37.4%, əmioğlu və əmiqızı evliliyi 22.1%, xalaoğlu və xalaqızı nikahı 23,2%, eləcə də qohum şəxslərin – əmi, bibi, dayı, xala nəvələri arasında olan nikahlar 17,3%-dir. Respondentlərin fikrincə, qohum evliliyinin bir sıra səbəbləri var. Onların 16,4%-i yaşlı nəslin təkidi, gənclərə seçim haqqının verilməməsi, 36,4%-i nəsildən-nəslə keçən gərəksiz adətlər, stereotiplər, 14,3%-i erkən nikah, 16,6%-i gənclərin təcrübəsizliyi, yetəri qədər əhatə dairəsinə sahib olmaması, sosiallaşma problemləri, 8,1%-i ailə quran insanların təhsilsizliyi, cahilliyi, 6,2%-i kifayət qədər məlumatın olmamasını göstəriblər.

Televiziyalarda haradan qidalandığı bəlli olmayan verilişlər var" - Üzeyir Şəfiyev: "Guya ancaq qadınlara qarşı zorakılıq edilir"

Sosioloq Üzeyir Şəfiyev mövzu ilə bağlı dedi ki, Azərbaycanda uzun müddət  ailə münasibətləri ilə bağlı daşlaşmış münasibət olub: “Ölkəmizdə uzun müddət patriarxal bir cəmiyyət hökm sürüb. Bu cəmiyyətin də özünəməxsus qaydaları olub. Burada daha çox qohum evliliklərinə üstünlük verilib. Qohum evlilikləri Azərbaycan cəmiyyəti üçün xarakterik bir nikah münasibətləri idi. Müstəqillik əldə etdikdən və Azərbaycan qlobal dünyaya açıldıqdan sonra bir qədər bu istiqamətdə dəyişikliklər oldu. Amma yenə də biz evliliklərin statistikasına baxanda qohumlar arasında nikah münasibətlərinin təqribən 50-60 faizə yaxın olduğunu görürük. Bu da onu deməyə əsas verir ki, yenə də biz köhnə stereotiplərdən azad ola bilməmişik. Bunun da bir neçə səbəbləri var: Qızı başqasına verməkdənsə, yaxına verək, miras başqasına qalınca, yaxın qohuma çatsın; yaxın qohum ətimi yesə də, sümüyümü atmaz kimi düşüncələr var idi. Son vaxtlar da biz görürük ki, xəyanət faktorunun çoxalması insanların ailə münasibətlərinə ehtiyatla yanaşmalarına səbəb olub. Buna görə də qohumlar arasında nikaha üstünlük verilir. Onlara elə gəlir ki, qohumla ailə qurarlarsa, xəyanətlə üzləşməyəcəklər. Əslində isə yaxın qohumlar arasında nikah münasibətinin tibbi və səhiyyə baxımından böyük fəsadları var. ÜST-nin statistikasına baxsaq, görərik ki, qlobal miqyasda sağlamlıq imkanı məhdud olan insanların əksəriyyəti qohum nikahların nəticəsində dünyaya gəlmiş uşaqların payına düşür. Azərbaycanda 620 minə yaxın sağlamlıq imkanı məhdud olan insan var, onların 72 mini yeniyetmə və uşaqdır. Tədqiqatlar onu göstərir ki, sağlamlıq imkanı məhdud olan uşaqlar içərisində yaxın evlilikdən dünyaya gələn uşaqların sayı daha çoxdur”.

Ekspert dünya təcrübəsinə də toxundu: “Bu məsələ ilə bağlı fərqli ölkələrdə müxtəlif yanaşmalar var. Tutaq ki, ABŞ-ın bəzi ştatlarında ən azı dörd nəsildən sonra qohumlar arasındakı münasibətə baxırlar, sonra buna icazə verirlər. Bəzi ölkələrdə yeddi nəsildən sonra qohumlar arasındakı münasibətə icazə verirlər. Bütün bunlar onu deməyə əsas verir ki, qlobal ölkələr bunun fərqindədir. Bu, Azərbaycanda da qanunvericilik səviyyəsində tənzimlənsə yaxşı olar. Yəni yeddi nəsil sonra qohum evliliyi daha adekvatdır. Çünki yeddi nəsildən sonra insanlarda artıq yadlaşma baş verir və genetik bağlantı qırılır”.

Yeri gəlmişkən, İslam dininin də bu məsələyə yanaşması qəti deyil. İlahiyyatçı Samir Əzizov deyir ki, dinimiz bu evlilikləri icazəli hesab edir, amma bu, təşviq demək deyil: “Sadəcə, mənəvi baxımdan icazəli bilir”.

Fərid Abdullah: Qadınlar, beşmərtəbəli evin altıncı mərtəbəsinə qalxmayın

İlahiyyatçı Fərid Abdulla da bizimlə söhbətdə dedi ki, Quran məhrəm, naməhrəm məsələlərinə toxunub: “Kimlərlə evlənmək olar, kimlərlə olmaz. Əmiqızı, xalaqızı, bibiqızı, dayıqızı naməhrəm hesab edilir. Onlarla ailə qurmağın bir maneəsi yoxdur. Bu şəkildə evliliklər tarix boyu olub və var. Haram sayılan evlilik insana məhrəm sayılan kəslərlədir. Məhrəm isə üç cür olur: nəsəb yolu ilə (insanın öz bacısı, anası və sair), səbəb yolu ilə (məsələn, evlənir və öz qayınanası ona məhrəm olur. Yaxud atası başqa qadınla evlənir və o qadının qızı kişinin oğluna bacı olur), bir də südvermə yolu ilə (məsələn, oğlana kifayət qədər süd vermiş süd anasının qızı bu oğlana məhrəm olacaq). Məhrəm kəslərlə isə ailə qurmaq haramdır. Bununla belə, bir şeyin halal olması onun vacib və ya müstəhəb əməl olması deyil. Teoretik şəkildə bu əməl, yəni ikinci dərəcəli qohum evliliyi (xala qızı, əmi qızı) haram deyil, lakin vacib də deyil. Camaat bəzən bunu qarışdırır”.

Xuraman Cəfərova - E-tibb.az

Səhiyyə Nazirliyinin Milli Hematologiya və Transfuziologiya Mərkəzinin talassemiya bölməsinin baş həkimi Xuraman Cəfərova deyib ki, xəstə doğulan uşaqların 4-8 faizi qohum evliliklərinin payına düşür. O, Azərbaycanın talassemiya xəstəlikləri baxımından endemik zona olduğunu söyləyib: “Qohum evlilikləri talassemiya xəstələrinin sayının artmasına səbəb olur. Məqsədimiz qohum evliliklərinin qarşısını almaqdır. Dövlət bu sahədə ciddi iş görür. 2016-cı ilə qədər doğulan uşaqlar arasında talassemiya xəstəsi illik 200-ə yaxın idi, 2016-cı ildən sonra xəstələrin sayında ciddi azalma var”.

Vaqif Qarayev - E-tibb.az

Tanınmış pediatr Vaqif Qarayev də qohum evliliklə bağlı qanunvericilikdə dəyişikliyin edilməsini dəstəklədiyini deyib: “Əksəriyyət qohum və erkən nikahları təhsilsizliklə əlaqələndirir, elə deyil. Təhsilli (diplomlu) olmaq hələ savadlı olmaq deyil. Statistik məlumata görə, qohum evlilik ən çox Bakıda qeydə alınıb. Guya şəhərdə yaşayanlar təhsillidir, bizim fikrimizə görə. Bu arada, Gürcüstanda da ən çox erkən nikahlar Tiflisdə qeydə alınıb. Evlilik məsələsi valideyn olaraq bizim zəif nöqtəmizdir. “Qızım evdə qalar, haqqında pis danışarlar”, “oğlum gec evlənsə deyərlər xəstədir”, “öz yaxşımı niyə yada verim, qohum varkən?”, “dədə-babadan müsəlman qızını tez ərə verib də”, “yalandır həkimlərin dediyi, mənim filankəsim xala uşağıdır, uşaqları da sapsağlam”, “mənim qohumum 13 yaşında ərə getdi, 3 sağlam uşaq doğub” və sairə. Ümumi statistika ürəkaçan deyil. Dünyaya gələn uşaqlar əksər hallarda əqli və fiziki əngəlli olur. İnzibati qadağaların faydası olacaqmı? Düşüncəmiz dəyişməyincə, olmayacaq”.

 

Afaq MİRAYİQ




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir