Qonşu ilə söhbət zamanı o tələsdiyini deyib gedirsə…

Baxış sayı: 1. 554

Hər bir insanın qonşuya işi düşür. Bu səbəbdən də qonşularla yaxşı münasibət qurmaq önəmlidir. Lakin bunu hamı bacarmır.

Psixoloq Aysel Hüseynovanın sözlərinə görə, qonşularla münasibəti düzgün qurmaq vacibdir: “Əks halda həmin qonşuların yanında həyat dözülməz ola bilər. Xüsusilə də, bina evində yaşayanlar hər gün qonşularını görürlər. Buna baxmayaraq, elə adamlar var ki, qonşuların adını belə bilmir. Amma qonşu ilə normal münasibət olarsa, insanlar bir çox təhlükədən özünü qoruya bilər. Misal üçün, qonşunun evinə oğru girərkən digər qonşu bunu görüb xəbər verər və s. problemli məqamlarda kömək əlini uzada bilər. Qonşuları tanımayanda, onlarla maraqlanmayanda oğru da özünü qonşu kimi təqdim edib evə girə bilər. Bu səbəbdən də ehtiyatlı olmaq lazımdır. Bəzi insanlar özünü qonşu kimi təqdim edib borca pul və ya müxtəlif məişət əşyalarını götürüb gedə bilər”.

A.Hüseynova məsləhət görür ki, heç olmasa yaxın qonşuları tanıyın: “Elə adamlar var ki, onlara qonşu ilə münasibət qurmaq çətindir. Utancaq və qapalı insanlar adətən “salam” belə verməyə çətinlik çəkirlər. Münasibət və ünsiyyət qurmaqda yaranan çətinliklərə baxmayaraq, müəyyən üsulları öyrənərək qonşularla tanış olmaq lazımdır. Əvvəlcə sizin ürəyinizə yatan qonşularla tanış olmağa cəhd edin. Bunun üçün qarşılaşdıqda özünüzü təqdim edin. Məsələn, liftə birgə mindikdə və ya blokda qarşılaşdıqda salamlaşın. Qonşuluqda yaşadığınızı bildirin. Mənzilə yeni köçmüsüzsə, bu haqda da deyin. Adınızı söyləyin. Nəticədə qarşı tərəf də sizə bir neçə sual verəcək və tanış olacaqsız”.

Mənzilə yeni köçmüsüzsə, bununla bağlı keçirəcəyiniz şənliyə qonşularınızı da dəvət edə bilərsiz: “Bu da tanışlıq üçün fürsətdir. Lakin yaxşı olar ki, bunun üçün əvvəlcə qonşuları heç olmasa üzdən tanıyıb “salam-sağol” deyəsiz. Əks halda sizi heç tanımadıqları üçün dəvətinizi qəbul etməyə bilərlər.

Qonşularla yaxınlıq etmək istəsəz də, onları çox narahat etməyin. Etik qaydalara riayət edib dəvətsiz evlərinə girməyə çalışmayın. Ola bilsin evi səliqəsiz olsun və ya o qonaq qəbul etmək üçün uyğun əhvalda olmasın”.

Elə adamlar var ki, onlar qapalı olur. Ünsiyyət qurmaq istəmir, çox söhbət etməyi sevmir. Belə adamlarla salamlaşmaq və hal-əhval tutmaqla kifayətlənə bilərsiz. Əks halda, o, sizdən qaçacaq. Ünsiyyət qurmamaq üçün bəhanələr gətirəcək. Belə qapalı qonşularla söhbət etmək istədikdə, onlar söhbətdən imtina edirlərsə, bunu mədəni qarşılayın. Əgər hansısa qonşuya pay və ya hədiyyə verdikdə, o, bundan imtina edirsə, bunu normal qarşılayın. Üzr istəyib gedin.

Əgər qonşu ilə söhbət etməyə cəhd etdiyiniz zaman o tələsdiyini deyib gedirsə, küsməyin. Əsas odur ki, tanışlıq üçün birinci addımı atmısız.

Qonşularla salamlaşıb, hal-əhval tutmağı adətə çevirin. Hətta qonşuları özünüzə yaraşdırmır və ya onlara oxşamadığınızı görürsüzsə, salam verməyə davam edin. Ola bilsin ki, nə vaxtsa onlara işiniz düşər. Nə üçünsə müraciət etməli olasız.

Psixoloq məsləhət görür ki, yaxınlıqda yaşayan tanımadığınız qonşuların telefon nömrələrini götürün. Hər ehtimala qarşı qonşuların mobil telefon nömrələrini də alın. “Ola bilsin ki, nə vaxtsa sizə hansısa məsələ ilə bağlı lazım olsun. Ümumiyyətlə, qonşuları tanıyaraq bir çox xoşagəlməz hadisələrdən qurtula bilərsiz. Əgər mənzildə təmir işləri görmək istəyirsizsə, qonşuları xəbərdar edin. Yaxşı olar ki, yaxınlıqdakı qonşulara hansı saatlarda təmirə görə səs-küy olacağını bildirəsiz. Bununla siz mübahisə və şikayətlərdən sığortalanacaqsız”.

Qonşularla qətiyyən konfliktlərə girməyin. Yarana biləcək mübahisələrdən yan keçin. Bununla da öz həyatınızı rahat edəcəksiz.

Aynurə Məmmədova




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir