VALİDEYN

Qorxu “mədəniyyət”i – Natəvan Abdulla yazır

Baxış sayı: 605

Qorxu “mədəniyyət”i qayğı, qorxu, narahatlıq kimi duyğuların təsiri ilə cəmiyyətlərin əxz etdiyi davranış tərzidir. Buna uzun illər müstəmləkə altında yaşayan xalqlarda daha çox təsadüf olunur. Boyunduruq altında yaşayan xalqlar ağalarından qorxmağa, onların könlünü xoş tutmağa vərdiş ediblər. Beləcə qorxu bütün bir cəmiyyətə hakim olub və bu “mədəniyyət” sosial faktor kimi həmin xalqların məişətində də özünü göstərir.

Amma insandakı qorxu hissinin tamamilə pis, yaxud tamamilə yaxşı instinkt olduğunu deyə bilmərik. Bu dəyənəyin iki ucu da insana lazımdır. Qorxu, insanları təhlükələrdən qorumaq üçün müdafiə mexanizmidir. Əgər o təhlükə təbii proseslər zamanı yaranıbsa. Məsələn, insan yanmaqdan qorxduğu üçün ocaq başında ehtiyatlı davranır, qorxduğu üçün özünə müdafiə mexanizmləri yaradır. Amma bu qorxu sosial faktorlarda ortaya çıxmağa başladısa, onda işlər dəyişir. Beləcə qorxu mədəniyyəti formalaşır. Bu mədəniyyətlə böyüyən fərdləri ətraf aləm, cəza, qorxu kimi xarici faktorlar yönləndirir. Yəni insan üçün mühüm olan onun öz istək və arzuları deyil, qohum-qardaşın, qonum-qonşunun düşüncələri olur.

valideyn

Valideyn-övlad münasibətlərində qorxunun yeri 

Bəs ailə daxilindəki münasibətlərdə qorxu necə formalaşır və uşaqların daxilində onlarla birlikdə necə böyüməyə başlayır?

“Yeməyini yeməsən, səni canavarlara verəcəm; Çox şirniyyat yesən, həkim sənə iynə vuracaq; Bir də bunu dağıtsan, əllərini yandıracam” və sair kimi cümlələrlə yetişdirilən uşaqlar qorxunun hakim olduğu mühitdə doğulub böyüyən uşaqlardır. Hətta, “Uşaq ana-atadan qorxmalıdır”, düşüncəsi elə bu mədəniyyətin bir tərifidir.

Ola bilsin ki, “Başqa cür uşağa söz eşitdirmək mümkün deyil”. – deyə düşünürsünüz. O zaman oxumağa davam edin. Baxaq görək, bu davranışların uşaqlarımıza nə kimi təsirləri var.

Uşağın etməsini istədiyiniz əməli onu qoxutmaqla reallaşdırmağınızı uğur sayırsınız. Sizin uğurunuz isə uşağın sosial həyatda məğlub olması deməkdir. Bəzi valideynlər uşağın çox qorxaq olduğunu, kimsə ona sual verəndə cavab verməyə çəkindiyini, özünü ifadə etməkdə həvəsli olmadığını müşahidə edə bilər. Bütün bunların özlərindən və uşaqlarına qarşı davranışlarından qaynaqlandığını isə gözardı edirlər. Çünki uşaqlarla ünsiyyətdə verdiyimiz sərt mesajlar onları cəsarətsiz, özünü ifadə edə bilməyən fərdə çevirir. Qorxu mədəniyyətinin təməli də budur. Uşağınıza hökm etmək, istəklərinizi ona zorla qəbul etdirməyə çalışmağı onun yaxşılığı üçün etdiyinizi düşünsəniz də, əslində, bütün belə davranışların uşağın inkişafı üçün heç bir faydası yoxdur. Qorxu ilə mənimsənilən heç bir alışqanlığın uşağın inkişafına müsət təsiri ola bilməz.

valideyn

Qorxu “mədəniyyət”inin fəsadları 

Qorxu mədəniyyətinin fəsadlarından biri də uşaqda dəyərsizlik hissinin kök salmasıdır. “Sən dəyərsizsən, buna görə də hamı sənə əsəbiləşə, üstünə qışqıra, hətta təhqir edə bilər. Ana-atanı əsəbiləşdirmə, yoxsa səni sevməzlər. İnsanları əsəbiləşdirəcək hərəkətlər etmə, cəmiyyətin istədiyi kimi davran. İnsanlar sənə istədikləri kimi davrana, səni danlaya bilərlər. Buna görə də insanları dinlə və onların istədikləri kimi davran. Səsini çıxarma, yoxsa əsəbiləşərlər. Öz fikirlərini ifadə etmə, yoxsa səni sevməzlər”.

İnsanda zamanla formalaşan bu düşüncə tərzi qorxu mədəniyyətinin bir fəsadıdır. Fəsadlar isə bir-birinə calanıb, çoxalıb, artıb insanın həyatını məhv edə bilir. Düşünün, əgər uşağın öz istəkləri yoxdursa, o, mütləq ana-atanı əsəbiləşdirməmək üçün onların istədiyi kimi davanırsa, bu davranış qəlibini cəmiyyətdə də avtomatik tətbiq etməyə başlayacaq. Bir böyüyü uşağı öpmək istəyirsə, uşaq onu əsəbiləşdirməmək üçün “yox” deyə bilmir, məktəbdə haqsızlığa uğrayır, amma buna layiq olduğunu düşündüyü üçün özünü müdafiə etmir, böyüyəndə işdə təzyiqlərə məruz qalır, rəhbərlik tərəfindən ən xırda səhvidə qışqır-bağırla qarşılanır, iş yoldaşlarının arasında əzilirsə, səsini çıxarıb etiraz etmir. Çünki buna layiq olduğunu düşünür.

Gördüyünüz kimi, adi bir davranış qəlibi, qorxu altında yetişmək insanın bütün həyatına və cəmiyyətdə fərd ola bilmə potensialına balta vura bilir. İndi, qorxunun gətirdiyi təhlükənin fərqindəsinizmi?  Bu hiss nəticədə uşaqların cinsi istismarına, cəmiyyətdə azad fərd ola bilməməsinə, özünə hörmətinin azalmasına və özünü dəyərsiz saymasına, mütiliyə gətirib çıxarır.

valideyn

Niyə qorxunun yaratdığı vərdişlərdən can qurtara bilmirik? 

Görəsən, valideynlər sağlam bir fərd yetişdirmək mümkün ikən, uşaqları niyə qorxuyla, hökmlə tərbiyə etməyə çalışırlar? Böyük ehtimalla, ya özləri də qorxunun hakim olduğu ailədə böyüyüb, ya da sakit, sözə baxan uşaq yetişdirməyin daha asan olduğunu düşünürlər. Valideyn olmaq səbr, əmək tələb edir. Sağlam bir fərd yetişdirmək üçün təmkin, nəzakət, sevgi ilə yoğrulmuş davranış normalarını mənimsəmək lazımdır.

VALIDEYN

Davranışlarımızı necə dəyişdirə bilərik?  

Əgər gündəlik həyatdan bir neçə misalla bunu açıqlasaq, deyə bilərik ki, məişət səviyyəsində xırda davranışlarımıza nəzarət etməyimiz zamanla özümüzü dəyişdirməyə kömək edəcək.

Məsələn, uşaq yeməyini yemirsə, “Yeməsən, mən sənin anan olmayacam, gedib başqa uşaqların anası olacam!”, demək yerinə, “Yeməyini yeməsən, ac qalacaqsan, çünki axşam yeməyindən sonra yemək yemirik, bilirsən” – söyəmək daha effektlidir.

Çox şirniyyat yeyirsə, “Çox konfet yesən, həkim sənə iynə vuracaq!”, yox, “Konfeti çox yediyin üçün dişlərin çürüyə bilər. Stomotoloqa gedək, dişlərinə baxsın görək nə deyir”  –  söyləmək və diş sağlamlığı ilə bağlı maraqlı videolar izlətmək olar. Beləcə cəzalandırmadan uşaqlarınızın sizi dinləməsini təmin edə bilərsiniz.

Otağını toplamırsa, “Otağını yığışdırmasan bayıra çıxmağa qoymayacam”, yerinə, “Oyuncaqlarını yerinə yığıb, yatağını səliqəyə salmağını istəyirəm. Bunu indi edək, yoxsa bayıra çıxıb gələndən sonra?” deyə bilərsiniz. Beləcə istəyinizi daha dəqiq ifadə edə və uşağa seçim şansı verdiyiniz üçün onun düşüncəsini də inkişaf etdirmiş olarsınız.

Məhz bu kimi kiçik məsələlərdə düzgün davranış normalarını seçib səbrlə onu uşağa aşıladıqca cəmiyyətdə güclü ola bilən və özünü qorumağı, sevməyi bacaran insan yetişdirə bilərsiniz.

Cəsarətli, özünə güvənən, düşünən, araşdıran və kəşf edən, özünü ifadə edə bilən, ən əsası da uşağın fərd olaraq inkişaf etməsini istəyirsinizsə qorxunun səbəb olduğu təhlükələrin fərqində olun. Qorxudan uşaqlarda nizam-intizam yaratmaq üçün istifafə etməyin. Onların gələcəklərini təhlükəyə atmayın.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir