Nilufer Memmedova

Niyə qrip vaksini olunmalıyıq? - “İMMUNİTET”

Baxış sayı: 525

Qrip (influenza), daha çox tənəffüs sisteminə təsir edən bir virus infeksiyasıdır. Virusun A, B, C və D kimi müxtəlif tipləri var. İnsanlar əsasən A və B tipləri ilə xəstələnir. Qrip qış və payız aylarında daha çox yayılır və yüksək hərarət, öskürək, boğaz ağrısı, baş ağrısı, əzələ ağrıları və zəiflik kimi simptomlarla özünü göstərir. Ciddi hallarda pnevmoniya (ağciyər iltihabı) və ya nadir halda ölümə səbəb ola bilər.

 

Niyə qrip vaksini olunmalıyıq?

Qrip peyvəndləri qrip virusuna qarşı immunitetin gücləndirilməsi və qripə yoluxduqda xəstəliyin yüngül keçməsi məqsədi ilə istifadə edilir. Peyvəndlər hər il dəyişir, çünki qrip virusları mutasiya edir və yeni ştamplar meydana çıxır. Vaksin, orqanizmi həmin ilin dominant virus ştamplarına qarşı hazırlayır.

 

Qrip peyvəndinin işləmə mexanizmi necədir?

Qrip peyvəndləri ölü və ya zəiflədilmiş qrip viruslarından hazırlanır. Peyvənd vurulduqdan sonra orqanizm bu viruslara qarşı antikorlar yaradır. Nəticədə, gələcəkdə qrip virusu ilə qarşılaşdıqda orqanizm həmin virusu məhv etmək üçün artıq hazırlanmış antikorlardan istifadə edir.

 

Kimlər qrip vaksini olunmalıdır?

Hər kəs qrip peyvəndi vurdura bilər, lakin bəzi qruplara xüsusilə tövsiyə olunur:

  • 65 yaşdan yuxarı şəxslər – Yaşlandıqca immunitet sistemi zəifləyir və qripin ağırlaşma riski artır.
  • Hamilə qadınlar – Bu dövrdə bədən daha həssasdır və peyvənd həm ananı, həm də körpəni qoruyur.
  • Uşaqlar (6 aydan yuxarı) – Uşaqlar qripə daha meyilli olur və xəstəliyin ağırlaşma riski yüksəkdir.
  • Xroniki xəstəliyi olan şəxslər – Ürək-damar, ağciyər, şəkərli diabet kimi xəstəliklər qripin ağırlaşma ehtimalını artırır.
  • Tibb işçiləri – Tibb personalı qripin yayılmasına qarşı risk altındadır və başqalarını qorumaq üçün peyvənd vacibdir.

 

Qrip vaksinlərinin növləri

Qrip peyvəndlərinin bir neçə növü var:

1) Trivalent peyvəndlər – Üç fərqli virus ştampına qarşı qoruyur: iki A tipi və bir B tipi.

2) Quadrivalent peyvəndlər – Dörd virus ştampına qarşı qoruyur: iki A və iki B tipi.

3) Nazal Sprey Peyvəndi – Burun spreyi şəklində tətbiq edilir və zəiflədilmiş canlı virusları ehtiva edir. Lakin bu peyvənd hamilə qadınlar və bəzi qruplar üçün tövsiyə edilmir.

 

Qrip vaksini hər il təkrarlanmalıdırmı?

Qrip virusu hər il mutasiya edir və yeni ştamplar meydana çıxır. Bu səbəbdən keçən il vurulan peyvənd cari ilin viruslarına qarşı təsirli olmaya bilər. Həmçinin, vaksinlərdən alınan immunitet zamanla zəifləyir və hər il yenidən vurdurmaq vacibdir.

 

Qrip vaksini olunmanın faydaları nədir?

  • Qripə yoluxma riskini azaldır və xəstəliyin daha yüngül keçməsinə kömək edir.
  • Yaşlı və xroniki xəstəliyi olan insanlarda ağırlaşmaların (məsələn, pnevmoniya) qarşısını alır.
  • Peyvənd olunmuş şəxslər daha az virus yayır ki, bu da cəmiyyətin ümumi sağlamlığını qorumağa kömək edir.

 

Bəs qrip vaksininin yan təsirləri varmı?

Qrip peyvəndi ümumiyyətlə təhlükəsizdir və ciddi yan təsirləri çox nadir hallarda baş verir. Ən çox rast gəlinən yan təsirlər:

  • Peyvənd vurulan yerdə ağrı və şişkinlik
  • Yüngül qızdırma
  • Baş ağrısı və əzələ ağrıları

Bu simptomlar adətən 1-2 gün ərzində keçib gedir və ciddi narahatlıq yaratmır.

Qeyd edim ki, əhali arasında qrip və kəskin respirator virus infeksiyalarına qarşı profilaktik və əksepidemik tədbirlərin gücləndirilməsi məqsədilə Səhiyyə Nazirliyi tərəfindən ölkəyə mövsümi qrip əleyhinə “Abbott” şirkətinin istehsalı olan tam təhlükəsiz və yüksək keyfiyyətli vaksin preparatları gətirilib. Səhiyyə Nazirliyinin müvafiq Əmrinə əsasən 10 sentyabr 2024-cü il tarixindən vaksinasiyaya başlanılır. Qrip əleyhinə peyvənd olunmaq istəyən vətəndaşlar regionlar üzrə TƏBİB-in tabeliyindəki rayon mərkəzi xəstəxanalarının, eləcə də Bakı şəhəri üzrə ambulator-poliklinik xidmət göstərən ilkin səhiyyə müəssisələrində ödənişsiz olaraq yararlana bilər.

Əlavə edim ki, qrip əleyhinə peyvənd olunmaq könüllülük prinsipi əsasında həyata keçirilir.

 

Nilufər Məmmədova

Həkim Mütəxəssis-İnfeksionist




6 şərh “Niyə qrip vaksini olunmalıyıq? – “İMMUNİTET”

  1. Lətafət Agacanova

    Qrip peyvəndinin hər il yenidən vurulmasının vacibliyi barədəki məlumat çox dəyərlidir. Bu, insanları qripdən qorumaq üçün daha səmərəli yanaşma təqdim edir. Həmçinin, dövlətin vaksinasiyanı ödənişsiz etməsi çox müsbət addımdır.

    Cavabla
  2. Kamran Sadiq

    Məqalədə qrip peyvəndinin faydaları çox vurğulansa da, yan təsirləri haqqında daha ətraflı məlumat verilməyib. Bəzi insanlar üçün vaksin qadağan oluna biləcək halları da qeyd etmək lazımdır. İnsanların vaksin qəbul etməzdən əvvəl daha ətraflı məlumat alması vacibdir

    Cavabla
  3. Lətif Abbaslı

    Payız geldise mutleq xestelikler de olacaq. Ona gore vurdurmaram bosuna. Hetta qoruyursa belel Azerbaycanda olan peyvendlere inanmiram

    Cavabla
  4. Cenk Ergün

    Projenizin ismi olan bizim bağışıklık sostemini iyi tutarsanız zaten grip olmazsınız. Aşı olmaya da gerek kalmaz. İyi çalışmalar.

    Cavabla

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir