quduzluq

Quduzluq təkcə itdən keçmir – DAŞIYICILARIN SİYAHISI

Baxış sayı: 1. 236

Son zamanlar it dişləməsi ilə bağlı xəbərlər artmaqdadır. Əvvəllər belə hadisələrin rayonlarda baş verməsi haqda xəbərlərlə qarşılaşırdıqsa, artıq paytaxtda da it dişləməsi ilə bağlı məlumatlar tez-tez yayılır. İtlərin insanlara hücum etməsinə isə daha çox onların quduzlaşmasının səbəb olduğu deyilir.

Bəs quduzluq nədir? Bu halın baş verməsi nə ilə nəticələnə bilər?

 

İnfeksionist Abidin Rəhimov bildirir ki, quduzluq olduqca təhlükəli bir xəstəlikdir:

“Quduzluq insanlarda, eləcə də heyvanlarda rast gəlinən bir virusdur. Bildiyiniz kimi, bu virus heyvanın digər heyvanı dişləməsi, yaxud insana hücum etməsi nəticəsində keçə bilir. Bu xəstəlik ev, çöl heyvanlarında, əsasən də itlərdə baş verən öldürücü virusdur. Virus mərkəzi sinir sistemini zədələyir və beyində iltihaba səbəb olur. Xəstəliyin diaqnozu çətindir və müalicəsi olmadığı üçün, vaxtında vaksin vurulmazsa, ölümlə nəticələnir. Bu səbəbdən heyvanın hücumuna məruz qalan şəxs mütləq vaxtında həkimə müraciət etməli və quduzluğa görə peyvənd olunmalıdır”.

Həkimin sözlərinə görə, pişik cırmaqlaması nəticəsində də bu virusa tutulmaq mümkündür:

“Çox zaman ancaq itin hücumuna məruz qalan insanlar həkimə müraciət edirlər. Lakin bu təkcə itdən keçən virus deyil. Məsələn, canavardan, tülküdən hətta pişikdən də keçə bilər. Ona görə də pişik cırmaqlaması nəticəsində də həkimə müraciət olunmalıdır. Bundan başqa, bir insanın bədənində açıq yara varsa və quduz heyvan o nahiyəni yalayarsa, o zaman da quduzluğun keçmə ehtimalı mümkündür. Eyni zamanda insandanda insana keçə bilər. Belə ki, quduzluğa yoluxmuş bir insandan orqan və ya qan köçürülməsi nəticəsində, digərinin də yoluxma ehtimalı olur. Quduzluğun ilkin əlamətləri qripə bənzəyir. Bir neçə gündən sonra simptomlar ağızın köpüklənməsi, yuxusuzluq, aqressiv davranışlarla müşahidə edilir”.

A. Rəhimov qeyd edir ki, bunun baş verməməsi üçün mütləq bir qurum yaradılmalıdır:

“Yiyəsiz itlər nəzarətə götürülməlidir ki, belə hadisələr baş verməsin. Bunun üçün isə bu sahəyə baxacaq konkret orqan olmalıdır. Bundan başqa, ola bilsin ki, heyvan insana hücum edər, lakin quduz olmaya bilər. Bu da təxmini 10 gün müddətində ortaya çıxır. Bunun üçün həmin heyvanı bəlli bir müddətdə bağlı yerdə saxlamaq lazımdır. Əgər heyvan 10 gün müddətində ölmürsə, onda sözügedən virus olmamalıdır. Eyni zamanda, evində heyvan saxlayan şəxslər də onları vaxtlı-vaxtında müayinə etdirməlidirlər”.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir