efzeleddin R

Qumar oyunları, yaxud bataqlıqdakı xəzinə

Baxış sayı: 686

Çağımızın ən böyük mənəvi xəstəliklərindən biri olan qumar aludəliyi səbəbindən bir çox ailələr dağılır, insanlar öz sevdiklərindən uzaqlaşır. Bir çox insanlar qumar oyununu həyatdan zövq almaq, daha çox əyləncəli vaxt keçirmək və ya hətta istirahət məqsədi kimi görürlər. Geniş spektri olan qumar, fərdlərin, ailələrin və cəmiyyətin psixologiyasına, sosial quruluşuna və iqtisadi quruluşuna dərindən təsir edən bir asılılıqdır. Bəs qumar oyunlarına meylli olmağın kökündə hansı psixoloji amillər dayanır?

İlk öncə bunu qeyd edim ki, insan beyni onu təhlükələrdən və zərərlərdən qorumaq üçün tənzimlənmişdir. Aldığımız qərarlar da, məhz bunun üzərinə qurulur. Bəzən beyin dərin düşünmədən, doğru məlumatları analiz etmədən ötəri məlumatları süzgəcdən keçirərək, zərərli olmayan hansısa bir şeyin təhlükəli olmasına, əslində faydalı olmayan başqa bir məsələnin isə xeyirli olmasına qeyri-real qərarlar ala bilir. Bunun təməlində cüzi genetik faktorlarla yanaşı, travmalar və düzgün dünya görüşün olmaması da rol oynayır. Onların bəzilərinə işarə edirik:

  • İnsan beyni düşündüyü və sahib olduğu doğru məlumatları analiz etdiyi zaman müəyyən bir enerji sərf edir. Bəzən bu enerji sərfini “təhlükə” kimi qavrayan beyin, dərin düşünməməyi, ötəriliyi, əyləncəni və əsassız məlumatları əhəmiyyətli olaraq qəbul etməyi seçir. Belə olduğu zaman isə el arasında gəzən “filankəs qumardan milyonçu oldu”, “filan oyundan qazanaraq ev aldı” kimi xəbərlərə inanmağı seçərək, bu yolla davamlı olaraq şansını və bəxtini axtarır. Deməli, qumar problemlərinin əsas mənbəyi insanın qumar davranışını motivasiya edən və davam etdirən irrasional inanc sistemidir. Bu şəxslərin qumar oyunlarına yönəlməsinin əsas səbəbləri uyğunsuz düşüncə tərzi və yanlış idraklardır. (Michael B. Walker, “The Psychology of Gambling”, Pergamon Press, 1992)
  • Qumar oyunları bəziləri üçün o deməkdir ki, siz daha dəyərli bir şey əldə etmək ümidi ilə dəyər verdiyiniz bir şeyi riskə atmağa hazırsınız. Qumar narkotik və ya spirtli içkilər kimi “beynin mükafat sistemi”ni stimullaşdırmaqla asılılığa səbəb ola bilər. Unutmaq lazım deyildir ki, davranışlar da maddələr (alkoqol, narkotik) qədər asılılıq yarada bilər. Davranış asılılığı insanın fiziki, əqli, sosial və ya maliyyə rifahı üçün hər hansı mənfi nəticələrə baxmayaraq, mükafatlandırıcı davranışda öhdəliyi ehtiva edən asılılığın bir formasıdır. Bəzi insanlar asan yolla gəlir əldə etmək üçün qumar oyunlarına yönəlirlər. Qumar oynamaqla insan həyatında əldə edə bilmədiyi bir çox qazanc və ya rahatlıqlara nail ola biləcəyinə inam formalaşdırıb və bu yolla bir növ həzz, yəni məmnunluq hissi əldə edir. Beyin “qazanmağa həvəsli” olduğu üçün, qazandıqda bunu bir mükafat kimi qavrayır. Bu  gün 1 qazanc əldə etdiyi zaman, sabah 1,5 qazancı, o birisi gün isə 2 faizlik qazancı hədəfləyir. Bu qarşısı alınmayan və doyumu olmayan tolerans istəyidir.
  • Çox zaman qumar oyunlarına başlayanlar əldə etdikləri uduşun “havayı” olmasını bir mükafat kimi qavramaqdan əlavə, beyninin onu “uğur və şəxsiyyətinin önəmliliyi” kimi qəbul etdiyi üçün davamlı onun arxasınca düşür. Əslində, uduzduğu və itirdikəri qazandığından çoxdur, amma “havayı qazanc” hər kəsə nəsib olmadığı üçün və qumar oyununda bu, “sənin seçilmiş şəxs” olduğunu, bir növ “sənin dəyərli olmanı” ima etdiyi üçün, beyin ona daha çox meyillənir.
  • Qumar oyunlarında rəqabət və yarış xüsusiyyəti olduğuna görə də, beyin ona meyilli olmağı seçə bilir.
  • Qumar oynamaq istəyinin altında qeyri-adekvatlıq (natamamlıq) hissləri, psixopatliq, nevroz pozğunluqları, depressiya, çarəsizlik və dərin günahkarlıq hissi kimi bəzi psixoloji problemlər və çatışmamazlıqlar dayatır.
  • “Qumarbazın aldanması” psixoloji amilini də unutmaq olmaz. Bu nə deməkdir: Belə bir inanc var ki, bir işin uzun müddət baş verməməsi, yaxın gələcəkdə onun mütləq baş verəcəyinə səbəbdir. Yaxud bir işin davamlı baş verməsi, yaxın gələcəkdə onun baş verməməsinə səbəbdir. Məsələn, əgər şəxs uzun müddət lotereyada cekpot qazana bilmirsə, bu dəfə hökmən qazanacağına daha çox inananır. Buna inanmağına isə, “uzun müddətdir ki qazanmadığını” səbəb olaraq göstərir. Bənzər bir səhv də, eyni cinsdən, məsələn bir neçə qız övladı olan valideynlərin növbəti uşağın mütləq oğlan olmasına inanmaları kimidir.

“Qumarbazın aldanması” psixoloji amili ilk dəfə 1820-ci ildə fransız alimi Markiz de Laplas tərəfindən tədqiq edilmişdir. O, yuxarıda etdiyimiz misalı “Mümkünatlar haqqında fəlsəfi esse” kitabında yazmışdır. (Laplace, M. de P. S. (1902), A Philosophical Essay on Probabilities, London: John Wiley and Sons).

Bu yanlışlıqla əlaqəli ən məşhur hadisə isə 1913-cü ildə Monte Karlo kazinosunun rulet masasında baş vermişdir.Rulet çarxının son 10 fırlanması zamanı top hər dəfə qara rəngə enmiş, ətrafa toplaşanların əksəriyyəti “indi qırmızı gəlməlidir”-deyə düşündüyü üçün hər dəfə məbləği artırmışdır. Lakin top qara gəlməyə davam etmişdir. Maraqlıdır ki, hər dəfə qara gəldikdə, qumar oynayanlar daha çox pul qoyurdu və get-gedə məbləği artırırdılar. Təbii ki, nəticədə onların itkiləri də artırdı. Ardıcıl 26 qaradan sonra top nəhayət qırmızıda dayandı. Ümumi itkilər heyrətamiz idi. Kazino sərvət qazanmışdı. Bu hadisədən sonra qumarbazın yalanı “Monte Karlo səhvi” kimi tanınmağa başladı. (Kasner, E.I Newman, J. (1997), Mathematics and the Imagination (New York: Penguin Books)

  • Burada, “Tələyə düşmək” (Entrapment), Qeyri-real optimizm (Unrealistic Optimizm), Nəzarət İllüziyası (İllusion of Control) və sair kimi digər amillər də mövcuddur ki, ayrıca müsahibələrdə onlara toxunmaq olar.

Bəs İslam dininin qumar və şans oyunlarına baxışı necədir?

Dinimiz birmənalı olaraq qumar, mərc və şans oyunlarını, hansı ki, udmaq və uduzmaq nəticəli oyunları haram saymış və qadağan etmişdir. Qurani-Kərimdə buyurulur: “Ey iman gətirənlər! Şərab da (içki də), qumar da, bütlər də, fal oxları da Şeytan əməlindən olan murdar bir şeydir. Bunlardan çəkinin ki, bəlkə, nicat tapasınız!” (Maidə\90)

Qumar oyunları sanki ilğıma bənzəyir, aldadıcı və məyusedici xüsusiyyətlərə malikdir. Sözsüz ki, işarə etdiyimiz kimi qumarın şirnikləndirici və yalan vədləri, bəzən də verdiyi qazancları insanların ona meyl etməsinə zəmin yaradır. Bir halda ki, bu, bataqlığa düşmüş qızıl külçəsinə bənzəyir. Onu tapmaq istəyən getdikcə dərinə batır.

Belə ki, müqəddəs kitabımızda buyurulur: “(Ya Rəsulum!) Səndən içki və qumar (meysir) haqqında sual edənlərə söylə: “Onlarda həm böyük günah, həm də insanlar üçün dünya mənfəəti vardır. Lakin günahları (zərərləri) mənfəətlərindən daha böyükdür”! (Bəqərə\219)

Çirkin bir əməl olduğuna diqqət çəkilməsi və böyük günahlardan sayılması, qumarın nə dərəcədə zərərli olmasından xəbər verir. İnsanlar zahirdə onun vasitəsilə əylənir, maraq dalınca olur və ya gəlir əldə edirlər, amma insan şəxsiyyətinə, psixologiyasına, ailə quruluşuna zərbə vurmasına, yalan və fəsada, kin və düşmənçiliyə səbəbiyyət verməsi qumar oyunlarının nə qədər təhlükəli və zərərli olmasına bir sübutdur.

Allah-taala insanların doğru yola yönəlməsi üçün nazil etdiyi kəlamında buyurur: «Həqiqətən, Şeytan içki və qumarla sizin aranızda ədavət və kin salmaq, sizi Allahı yad etməkdən və namaz qılmaqdan çəkindirmək istəyir. Bu işə son qoyacaqsınızmı?» (Maidə/91)

Qeyd etmək lazımdır ki, qumar oyunları dinimizdə haqsız qazanc sayıldığı üçün ondan əldə edilən gəlir də şəxsin mülkiyyətinə keçmir və haram sayılır.Mərc gəlmək hətta ailə üzvləri daxilində belə haramdır.

Ümumiyyətlə, cəmiyyətdə qumar aləti hesab olunan hər hansı bir şeylə oyun oynamağa, yaxud oyunda mərcləşməyə heç bir vəchlə icazə verilmir. Belə oyunlarda udan tərəf udduğu və qarşı tərəfdən aldığı şeyin sahibi olmur. 

Burada virtual qumar oyunlarına da işarə etmək istərdim, diqqət etmək lazımdır ki, ümumiyyətlə dinimizə görə,hər hansı bir oyunda şərt bağlamağa, mərcləşməyə icazə verilmir, baxmayaraq ki, oyun qeyri-qumar alətləri ilə oynanılsa belə. Qumar aləti hesab olunmayan hər hansı bir şeylə mərcləşmədən oyun oynamağın isə maneəsi yoxdur.

Dinimiz empatiya və anlayış dinidir. İnsanların nə hiss etməsi, hansı şəraitdə qərarlaşmasını anlamaq, imanın əsas əlamətlərindəndir. Başqalarının qəmlənməsindən kiminsə sevinməsinə icazə verilməməsi də qumarın haram buyurulması amillərindən biri olaraq bilinir. Çünki bəndəni düşünməyən, onun ağrı-acılarına laqeyd qalan şəxs, Allahı düşünə bilməz. Necə də gözəl söyləmişdir Hz. Əli (ə): «Səni Allahı yad etməkdən yayındıran hər bir şey qumar sayılır.» (Biharul-Ənvar, c. 37, səh. 157, hədis2)

 

PhD. Əfzələddin Rəhimli

İlahiyyat üzrə Fəlsəfə elmlər doktoru,

Peşəkar ailə müşaviri, Həyat koçu




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir