İshal və ya qəbizlik, anemiya, sarılıq, dəridə səpgilər, öskürək və s. kimi bir çox müxtəlif problemlər orqanizmdə qurdların olması ilə bağlı ola bilər.
Çirkli su, yuyulmamış və ya pis yuyulmuş meyvə, tərəvəz, göyərti, çiy və ya yarıbişmiş ət və balıq – bütün bunlar orqanizmə qurdların düşməsinə səbəb ola bilər.
Adi gigiyenik qaydalara riayət etmədikdə (yeməkdən əvvəl əllər yumaq və s.), pis vərdişlər (dırnaq yemək) orqanizmə qurdların daim düşməsinə səbəb olur. Belə daim yoluxma xüsusilə təhlükəlidir.
Qurdlar insan orqanizmində müxtəlif pozulmalara səbəb olur. Bir çox hallarda biz bu pozulmaları qurdlarla deyil, digər səbəblərlə əlaqələndiririk.
– Qurdlar bağırsaqların mənfəzini bağlayaraq qəbizliyə və hətta bağırsaq keçilməzliyinə səbəb ola bilər. Digər parazitlər (amyob və bəzi digərləri) əksinə ishalın inkişafına səbəb olur.
– Qurdalar öd axarlarına düşə bilər və burada ödün axmasına mane ola bilər. Nəticədə ödün axması pozulur və insanda mexaniki sarılıq inkişaf edə bilər, qara ciyərin fəaliyyəti pozula bilər.
– Qurdlar bağırsaq disbakteriozuna səbəb olur. Disbakterioz özünü həzm pozulmaları, köp, meteorizm (bağırsaqda qazlar), qarın ağrıları və s. kimi simptomlarla büruzə verir. Əgər bu simptomlar sizi uzun müddət ərzində narahat edirsə, bu orqanizmdə qurdların olmasının əlaməti ola bilər.
– Qurdlar avitamonozlara (vitamin və mikroelementlərin çatışmazlığı), anemiyaya (qanazlığı) səbəb ola bilər.
– Qurdlar qan axını ilə oynaqlara və əzələlərə düşə bilir və nəticədə burada ağrılarına səbəb olur.
– Orqanizm boyu “səyahət edən” qurdlar nəfəsalma sisteminə də düşür. Nəticədə insanı xroniki “səbəbsiz” öskürək narahat edir. Belə öskürək adi müalicəyə tabe olmur.
– Parazitlər orqanizmdə allergik reaksiyalara səbəb olur – dəridə müxtəlif səpgilər, qaşınma əmələ gəlir.
– Orqanizmdə qurdların olması əksər hallarda iştahanın pozulmasına və arıqlamağa səbəb olur. Xüsusilə bu uşaqlara aiddir.
– Qurdlar orqanizmə toksiki təsir edir (orqanizmi zəhərləyir) və bu insanın sinir sisteminə çox mənfi təsir edir, insanda nevroloji problemlər (əsəbilik, depressiya, xroniki yorğunluq) əmələ gəlir.
Gördüyünüz kimi, orqanizmə düşdükdə qurdlar müxtəlif və bəzən də çox ciddi pozulmalara səbəb ola bilər. İlk növbədə bu immun sistemi zəif olan insanlara aiddir – uşaqlar, xroniki xəstəliklər nəticəsində zəifləmiş insanlar, yaşlı insanlar və s. Sağlam insanın immun sistemi orqanizmə düşən istənilən mikroblar, infeksiyalar, parazitlər və s. ilə uğurla mübarizə aparır. Lakin nəzərə almaq lazımdır ki, qurdlarla daim yoluxma hətta ən güclü immun sistemini zəiflədə bilər. Bu səbəbdən qurdlara yoluxmamaq üçün insan daim profilaktik tədbirlər görməlidir – gigiyenik qaydalara əməl etmək, təmiz su içmək, meyvə-tərəvəz, giləmeyvə, göyərtiləri yaxşı yumaq və s. Bu çox vacibdir.
Orqanizmdə qurdların olub-olmamasını yoxlamaq asan deyil. Bunun üçün yalnız nəcis analizi kifayət etmir. Xüsusi qan analizləri istifadə olunur.
Qurd xəstəliklərinin müayinəsi və müalicəsi ilə parazitoloq məşğul olur. Əgər müayinələr nəticəsində insanda qurdlar aşkar olunarsa, həkim xüsusi müalicə təyin edir. Aşkar olunmuş parazitdən asılı olara müxtəlif dərmanlar istifadə oluna bilər. Bəzi hallarda müalicə xəstənin bütün alə üzvlərinə təyin olunur.
Lakin müalicə insanı gələcəkdə qurdlarla yoluxmadan müdafiə etmir. Əgər insan müalicədən sonra gigiyenik qaydalara əməl etməzsə və s. qurdlar tez bir zamanda onun orqanizmində məskən salacaq. (saglamolun.az)