QUS ETI

Quş ətindən düzgün istifadə etmək üçün riayət olunmalı tələblər

Baxış sayı: 437
Quş əti – zülallar, yağlar, karbohidratlar, mineral maddələr, vitaminlər və fermentlərlə zəngindir. Bu ətin toyuq, hinduşka, qaz, ördək və digər növlərində A, D, E və B qrupu vitaminləri, eləcə də biotin maddəsi (H vitamini) üstünlük təşkil edir. Tərkibində faydalı maddələr çox olsa da, digər ət növləri ilə müqayisədə kalorisi daha az, qiyməti isə nisbətən ucuzdur. Bütün bu xüsusiyyətlər quş ətinin daha çox istehlak edilməsinə zəmin yaradır. Lakin bu məhsuldan düzgün istifadə etmək üçün müəyyən tələblərə əməl olunması vacibdir.Qida Təhlükəsizliyi Agentliyinin maarifləndirici materialında bu barədə bəhs olunur.İlk növbədə, quş əti alarkən fərdi və ya sənaye üsulu ilə yetişdirilmiş, yeni kəsilmiş quşlara üstünlük verilməlidir. Ətin rəngi tərkibindəki zülal-yağ nisbətindən asılı olaraq ağ-çəhrayı, sarımtıl və ya tünd qırmızı ola bilər.Quş əti və quşçuluq məhsullarından düzgün istifadə etmək üçün bu məhsulların baytarlıq ekspertizasından keçdiyinə əmin olmaq və istehlaka qədərki dövrdə müvafiq temperatur rejimində saxlanılmasına diqqət yetirmək lazımdır. Belə ki, təzə quş əti soyuducuda 0-4 dərəcə C temperaturda 72 saat, -18 dərəcə C temperaturda isə 8-10 ay müddətində mal qonşuluğu prinsipi gözlənməklə saxlanıla bilər. Quş əti digər çiy qida məhsulları ilə eyni yerdə saxlanılmamalıdır, çünki bu zaman çarpaz çirklənmə (ətdə olan mikroorqanizmlərin digər qidalara nüfuz etməsi) baş verə bilər.Quş əti və quşçuluq məhsullarının daşınması və realizasiyası prosesində baytarlıq-sanitariya qaydalarına riayət olunması da vacibdir. Belə məhsullar nəqliyyat vasitələrində açıq şəkildə, müvafiq temperatur rejiminə riayət edilmədən və müşayiətedici baytarlıq sənədləri olmadan daşınmamalıdır.

Quşçuluq məhsullarından olan yumurtadan istifadə zamanı da baytarlıq-sanitariya və gigiyena qaydalarına riayət etmək vacibdir. Yumurta istehsal yerindən istehlakçıya çatdırılana qədər bütün mərhələlərdə təmiz, quru, birbaşa günəş şüası düşməyən yerdə və müvafiq temperatur rejimində (5-12 dərəcə C) saxlanılmalıdır. Ev şəraitində yumurta soyuducuda saxlanıldığı zaman mal qonşuluğu prinsipi gözlənilməlidir. Qırılan yumurta ya dərhal istifadə edilməli, ya da dondurularaq soyuducuda 4 dərəcə C-dən yuxarı olmayan temperaturda saxlanılmalıdır.

Bütün bu qaydalar gözlənilərsə, quş əti və quşçuluq məhsullarının istehlakı zamanı əmələ gələn təhlükələr azalar və insan orqanizmi üçün bu vacib məhsuldan enerji mənbəyi kimi daha çox faydalanmaq mümkün olar.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir